Bölmənin yaranma tarixi
1945 - Geologiya -Kimya elmləri və Neft Bölməsi
1959 - Geologiya-Coğrafiya Elmləri və Neft Bölməsi
1966 – Yer Elmləri Bölməsi
Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti 1945-ci ildə geologiya-kimya elmləri və neft bölməsi yaradılması haqqında qərar qəbul etmişdir. Bölmənin tərkibinə Geologiya, Coğrafiya və Kimya İnstitutları daxil idi. On il sonra bölmənin fəaliyyəti dayandırılmış və bu elmi istiqamətlərə rəhbərlik birbaşa Elmlər Aka¬demiyasının prezidenti, akademik M.M.Əliyev tərəfindən aparılmışdır.
1959-cu ildə Azərbaycan Elmlər Akademiyasında Geologiya, Coğrafiya İnstitutları və Neft ekspedisiyası, həmçinin 2 komissiyanı (Xə¬zər və sellərin öyrənilməsi üzrə) və 3 elmi cəmiyyəti (Coğrafiya, Mineralogiya və Paleonto-logiya) özündə birləşdirən Geologiya-Coğrafiya elmləri və Neft Bölməsi yaradılmışdır.
1960-cı ildə Azərbaycan Elmlər Akademiyasında Neft ekspedisiyası bazasında Neft və Qaz Yataqlarının İşlənilməsi İnstitutu təşkil edil¬miş (1965-ci ildən Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu) və bölmənin tərkibinə da¬xil edilmişdir.
1966-cı ildə Bölmənin adı dəyişdirilərək Yer Haqqında Elmlər Bölməsi adlandırılmışdır. 1977-ci ildə Bölmənin tərkibində Geofiziki cihazqayırma Xüsusi Konstruktor Bürosu olan “Geofizika” Elmi Mərkəzi təşkil edilmış və 1982-ci ildə elmi mərkəzin fəaliyyəti dayandırılaraq struktur bölmələri, o cümlədən Geofiziki cihazqayırma Xüsusi Konstruktor Bürosu Geologiya İnstitutunun tərkibinə daxil edilmişdir.
1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Azərbaycan Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA “Geofizika” Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika Partiyası yaradılmışdır. 1980-ci ildə isə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası (TMGE) təşkil edilmiş və ekspedisiyaya geologiya-mineralogiya elmləri doktoru Arif Həsənov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilmişdir.
2003-cü ildə İ.M.Qubkin adına Geologiya İnstitutu və Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun bazasında Geologiya İnstitutu yaradılmışdır. 2014-cü ildən AMEA Rəyasət Heyətinin qərarı ilə institutun adı dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılmışdır.
2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə YEB-in tərkibinə Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) daxil edilmış və bölmənin tərkibində iki il fəaliyyət gös¬tərmişdir.
Hazırda YEB-in tərkibinə Geologiya və Geofizika İnstitutu, Neft və Qaz İnstitutu, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Təbiət Tarixi Muzeyi daxildir.
Bölmənin işinə onun sədri kimi EA-nın vitse-prezidenti, akademik Ş.Ə.Əzizbəyov (1946-1947), akademik M.Ə.Qaşqay (1947-1957), son¬ralar isə akademik-katib kimi akademiklər Ş.Ə.Əzizbəyov (1959-1976), M.T.Abasov (1976-1990), A.A.Əlizadə (1990-2007), A.C.İsmayıl¬zadə (2007-2013) rəhbərlik etmişlər. 2013-cü ildən Yer Elmləri Bölməsinin akademik-katibi vəzifəsini akademik F.Ə.Qədirov icra edir.
Yer Elmləri Bölməsinin elmi fəaliyyəti geologiya, geofizika, neft və qaz yataqlarının işlənilməsi, seysmologiya və coğrafiya sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəldilmişdir. Bölmə ümumiyyətlə yer haqqında elmlər üzrə respublikada aparılan fundamental və tətbiqi elmi tədqiqatlar kompleksini koordinasiya edir. Yer Elmləri Bölməsinin elmi-təşkilati fəaliyyəti Geologiya və Geofizika, Neft və Qaz, Coğrafiya İnstitutlarının,Respublika Seysmoloji Xidmət Mərkəzinin və Təbiət Tarixi Muzeyinin, habelə respublikada yer elmləri sahəsində fəaliyyət göstərən müəssisələrin, ali məktəblərin geologiya, geofizika və coğrafiya profilli kafedralarının və xarici ölkə institutlarının tanınmış alimlərinin fəaliyyəti ilə əlaqəli aparılır. Yer Elmləri Bölməsi öz fəaliyyətini Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan RespublikasıDövlət Neft Şirkəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s. ilə birlikdə həyata keçirir. Yer Elmləri Bölməsi Azərbaycan diaspor alimləri ilə yaradılan əlaqələrə və Bakıdan kənarda olan mərkəzlərdə Yer elmlərinin inkişaf etdirilməsinə ciddi diqqət yetirir.
Yer Elmləri Bölməsində geologiya və geofizika, geodinamika və geoloji təhlükələr, neft-qaz yataqlarının işlənilməsi, coğrafiya, ekologiya və Xəzər dənizi seksiyaları və alternativ enerji, təbii resurslar, ətraf mühitin qorunması və ekologiya, təbii fəlakətlər və proqnoz kimi komissiyalar fəaliyyət göstərir.
1958-ci ildən Yer Elmləri Bölməsində ildə 4 nömrədən ibarət “AMEA-nın Xəbərləri” (Yer elmləri seriyası) nəşr edilir.
Akademiya təsis ediləndən Bölməyə 33 həqiqi, 36 müxbir üzv seçilmişdir. Hazırda bölmənin tərkibində AMEA-nın 10 həqiqi və 16 müxbir üzvü fəaliyyət göstərir.