AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycan alimləri İsveçdə beynəlxalq konqresdə iştirak ediblər
Avg 31, 2016 | 05:25 / Konfranslar, iclaslar
Oxunub 709 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev və AMEA-nın müxbir üzvü Surxay Əkbərov İsveçin paytaxtı Stokholmda Avropa Müasir Materialları Konqresində iştirak ediblər. “VBRI Press Events” tərəfindən təşkil olunmuş tədbirin Dünya Texnologiya Forumuna H.Quliyev həmsədrlik edib.

Dünyanın 67 ölkəsindən alimlərin qatıldığı konqresin açılışında bir sıra aparıcı tədqiqatçı Avropa Müasir Materialları Assosasiyasının medalları ilə təltif olunub.
S.Əkbərov müasir materiallar sahəində elmi və texnoloji tədqiqatlardakı uğurlarına görə medalla təltif olunub, həmçinin konqresin "Nanobiomaterial" bölməsinin iclasında "Üç laylı içi boş və dolu sferanın məxsusi rəqslərinin 3-ölçülü təhlili" mövzusunda elmi məruzə edib. H.Quliyev və Türkiyə alimi Nazmiye Yahnioğlunun həmmüəllifliyi ilə hazırlanmış məruzə böyük marağa səbəb olub və mütəxəssislər tərəfindən dəstəklənib.

Konqres Finlandiyanın paytaxtı Helsinkidə davam etdikdən sonra yenidən Stokholmda başa çatıb. Yekun icalsda 1978-ci ildə biomaterial üzrə Nobel mükafatına layiq görülmüş, Nobel Komitəsinin beş üzvündən biri, isveçli alim İngemar Lundström məruzə ilə çıxış edib, müasir materiallar sahəsində aparılan intensiv tədqiqatlardan və mühüm yeniliklərdən danışıb. Nobel mükafatı haqqında ətraflı məlumat da verilib. Həmçinin, dünya üzrə məşhur mükafata aid müzeyə ekskursiya təşkil olunub.

H.Quliyev və S.Əkbərov dünyanın bir sıra görkəmli alimləri ilə perspektiv tədqiqatlar barədə fikirlərini bölüşüb, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015