AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ-də Elmi Şuranın növbəti iclası keçirilib
İyl 01, 2016 | 03:59 / Konfranslar, iclaslar
Oxunub 700 dəfə

İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq Neft və qaz geologiyası və geofizikası şöbəsinin baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Namaz Yusifovun “Azərbaycanın neftli-qazlı rayonlarının tektonik quruluşu haqqında yeni məlumatlar (2D/3D seysmik məlumatlar əsasında)” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, çoxillik seysmik tədqiqatlar əsasında respublikanın quru ərazisinə və Xəzər dənizinin Azərbaycan sektoruna aid çöküntü kompleksinin tektonik quruluşunun dəqiqləşdirilməsi üzrə yeni nəticələr əldə edilib. Son 20 ildəki 2D/3D seysmik məlumatların geoloji dəyərləndirilməsi əsasında əldə edilmiş nəticələrə görə isbat edilib ki, əsasən qravimaqnit və seysmik kəşfiyyatın DSZ-SDK üsullarının tətbiqi ilə tərtib edilmiş geoloji kəsilişlər və tektonik xəritələr, bir sıra hallarda, tədqiqat ərazilərinin geoloji modelləri haqqında təhrif olunmuş təsəvvür yaradır. Yerinə yetirilmiş tədqiqatların nəticələri əsasında yanlış təsəvvürlərin yaranma səbəbləri aydınlaşdırılıb. Göstərilib ki, Xəzərin Azərbaycan sektoru və respublikanın quru ərazilərində müasir texnologiyaların tətbiqi ilə əldə edilmiş yeni məlumatların qazanılmış nailiyyətlər nəzərə alınmaqla geoloji dəyərləndirilməsi neft-qaz perspektivli strukturların və qeyri-antiklinal növlü tələlərin aşkarlanması üçün zəmin yarada bilər.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb və Elmi Şuranın qərarı ilə qəbul edilib.

Sonra, AMEA prezidentinin sərəncamları, Rəyasət Heyətinin qərarlarının icrası və akademik Midhət Abasovun anadan olmasının 90 illik yubileyinə hazırlıq işlərindən də bəhs olunub.

Həmçinin, “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”, “Qafqaz regionunun aktiv geodinamikası”, “Qarabağın geoloji-coğrafi Atlası”, “Kiçik Qafqazda kontakt-termal metamorfizmə və filizdaşıyan kalsiumlu skarn metasomatitlərinə dair dərc olunmuş elmi işlərin ümumiləşdirilib sistemləşdirilməsi” adlı qrant layihələri və elmi tədqiqat işlərinin icrası haqqında da çıxışlar dinlənilib.

İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015