AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Geologiya və Geofizika İnstititunda “Geomexanika” növbəti seminarı keçirildi
İyn 23, 2016 | 04:02 / Konfranslar, iclaslar
Oxunub 729 dəfə

2016-cı il iyun ayının 23 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və GeofizikaRiyaziyyat və Mexanika institutlarıRespublika Seysmoloji Xidmət MərkəziBakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.

            Seminarı layihənin rəhbəri akademik Hətəm Quliyev açdı və giriş sözündə layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söylədi və bu gün “Qeyri bircins məsaməli mühitli neft yataqlarının istismarında köçmə məsələləri və onların həlləri” mövzusunda AMEA-nın müxbir üzvü Q.M. Pənahov və t.e.d. E.M. Abbasovun təqdim etdikləri məruzənin müzakirə ediləcəyini qeyd etdi.  

            Məruzə üçün söz AMEA-nın müxbir üzvü Q.M. Pənahova verildi.

            Neftqaz çıxarmada ən vacib məsələlərdən biri yatağın istismara başlamadan, tükənməsinə kimi, bütün mərhələlərdə lay təzyiqini saxlamaq və sıxışdırmanı tənzimləmək üçün su, qaz, müxtəlif məhlullar və s. vurulmasıdır. Quyularla vurulan belə heterogen sistemlər həm laya  girişdə  və çıxışda quyu-dibi zonasında, layda məsaməli mühitdə axın və süzülmələrdə köçmə prosesləri ilə müşahidə olunurlar. Belə köçmə hallarına kolmatasiya, adsorbsiya, suffoziya, desorbsiya və s. misal göstərmək olar. Belə proseslər yataqların istismarında neft-qaz çıxarmada vacib rol oynayır.

Heterogen karbohidrogen sistemlərin məsaməli mühitlərdə ancaq kolmatasiya və adsorbsiyası axının tamamilə kəsilməsinə gətirib çıxardır ki, bu da istismarda arzuolunmaz hallardandır. Belə proseslərin tədqiq və tənzimlənməsi üçün innovativ yanaşmaların, yeni texnoloji işləmələrin yaradılması öndə duran məsələlər olduğundan, məruzədə bu istiqamətlərə baxılmışdır.

Məsamələrdə məhlulların adsorbsiyası baş verərsə burada desorbsiya, kolmatasiya prosesi olduğu halda isə mütləq suffoziyanın nəzərə alınması labüddür. Belə proseslərlə axınların tənzimlənməsi mümkün olur.

Bu proseslər kinetik, diffuziya, teleqraf və s. tənliklərlə yazılaraq Koşi məsələlərinə gətirilərək analitik və təqribi həll olunmuşdur.

Adsorbsiya-desorbsiya və kolmatasiya-suffoziya proseslərin öyrənilməsi bizə, neft-qaz çıxarmada, sıxışdırmada əhatə dairəsinin genişləndirməsi məqsədilə müntəzəm köpük yaratmada, gilli süxurlarda adsorbsiya olunmuş qazın tükənmə müddətini gözləmədən çıxarılmasına nail olunmasına və neftveriminin intensivləşdirilməsini təmin etmək üçün innovativ texnologiyaların yaradılması məsələlərinin həllinə imkan yaradacaqdır.

Bu məqsədlə hər bir məsələ ayrı-ayrılıqda həll olunmuş və müsbət nəticələrə nail olunmuşdur. Burada layın lazımı nöqtəsində müxtəlif fazalarda qaz-maye sistemlərinin alınması şərtləri tapılmışdır.

Məruzədə həmçinin bəzi tədqiqat-tətbiq nəticələr vizual təqdim olunmuşdur.

İşlə əlaqədar "Well Placement as a Method of Oil Field Development Control" (Gadjiyev T.S., Aliyev S.A., Panahov G.M., Abbasov E.M.) məqaləsi Вестник Львовского национального университета им. Ивана Франко, 2016 jurnalına çapa qəbul olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015