AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
ABŞ-ın “Natural History” jurnalı Xəzər suitisinin tükənmə təhlükəsindən yazır
May 10, 2016 | 09:56 / Maraqlı məlumatlar
Oxunub 1601 dəfə

ABŞ-ın məşhur elmi-publisistik jurnalı “Natural History” (Təbiət tarixi) Xəzər suitisinin tükənmə təhlükəsi barədə geniş məqalə dərc edib. “No Way Out” (Çıxış yolu yoxdur) başlıqlı material dünyada geniş miqyasda oxunan jurnalın may nömrəsində işıq üzü görüb. Müəllifi Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovdur. Yazıda bildirilir ki, son 120 il ərzində tənzimlənməyən ov, çirklənmə və digər amillər səbəbindən Xəzər suitilərinin sayı 1 milyondan 104 minə enib. Hətta 20 il əvvəl – 1990-cı illərin sonlarında dənizin hər 2 kvadrat kilometrinə 1 suiti düşürdüsə, hazırda hər 4 kvadrat kilometrə 1 suiti hesablanır. Sözügedən məməli növü 2008-ci ilin oktyabrından etibarən “IUCN” adı ilə tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sında “vəziyyəti təhlükəli” statusunu daşıyır.

Müəllif Xəzəryanı ölkələrdən əlavə, İngiltərə, Niderland və Yaponiya alimlərinin məsələyə dair uzunmüddətli tədqiqatları əsasında 4 ay jurnalist araşdırması aparıb. O, alim tədqiqatlarının elmi jurnallarda dərc olunmuş nəticələrini məqalə halında toplayıb və “Natural History”yə təqdim edib. Materialda AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun 45 illik tədqiqat və müşahidələrinin nəticələri xüsusi ilə geniş yer alıb.

Məqalədə Azərbaycanın qeyd olunan problemlərlə gərgin mübarizəsi və bu istiqamətdə Prezident İlham Əliyevin imzalamış olduğu mühüm sənədlər, görülmüş konkret tədbirlər, həmçinin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsündən sonra ölkə rəhbərinin sərəncamı ilə “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin yaradılması xüsusi vurğulanır.

Jurnalın 6 səhifəsini təşkil edən məqalənin yekununda qeyd olunur ki, 5 milyon il bundan əvvəl geoloji proseslər Xəzər suitilərinin ərazisini formalaşdıranda onların taleyi elə oradaca həl olunub. Qapalı olduğuna görə dənizin suları yuyulmur, canlıları dünya okeanından artım dəstəyi ala bilmir. Hazırda Xəzər dənizi və suitiləri artmaqda olan antropogen təsirlərdən əziyyət çəkir. Amma problemlərin həlli yolları var və insanların əlindədir. Hərçənd, sual altında olan bu məqam gələcək üçün nikbin heç nə demir. Lakin başqa çıxış yolu yoxdur.

Məqalə S.Hüseynovun “Natural History” jurnalında üçüncü çıxışıdır. Beş il əvvəl onun sözügedən nəşrdə Binəqədi fauna və flora Dördüncü dövr qəbiristanlığı, 2012-ci ildə isə qlobal iqlim dəyişmələrinin Xəzərə təsiri barədə geniş materialları dərc olunub.

Xəzərin ekoloji durumu barədə statistik məlumatlarla böyük diqqət çəkən məqalənin tam mətnini jurnalın internet səhifəsinin aşağıdakı ünvanında təqdim edirk: http://nhmag.com/features/072948/no-way-out

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015