AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Geologiya və Geofizika İnstititunda “Geomexanika” növbəti seminarı keçirildi
Apr 28, 2016 | 10:18 / Konfranslar, iclaslar
Oxunub 635 dəfə

2016-cı il mart ayının 31 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və GeofizikaRiyaziyyat və Mexanika institutlarıRespublika Seysmoloji Xidmət MərkəziBakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.

Seminarı layihənin rəhbəri akademik Hətəm Quliyev açdı və giriş sözündə layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söylədi və bu gün “ Neft və gaz quyularının qazılması zamanı baş verən mürəkkəbləşmələrin erkən diaqnostikası üsullarının təkmilləşdirilməsi” mövzusunda AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, f.-r.e.d., prof. Soltan Əliyev və g.-m.e.n. Kamilə Ağayevanın təqdim etdikləri məruzənin müzakirə ediləcəyini qeyd etdi. Vurğuladı ki, kompleks planın yerinə yetirilməsi öz bəhrəsini verir. Neftçi və riyaziyyatçı alimlərin birgə məruzəsi təqdim edilir.  

Məruzə üçün söz AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevə verildi.

Məlum olduğu kimi, müxtəlif regionlarda, xüsusən mürəkkəb geoloji şəraiti olan sahələrdə, neft və qaz quyuları qazılan zaman, istər istismar, istərsə kəşfiyyat quyularında qazma vaxtı mürəkkəbləşmələr baş verir, onun ləğvinə və aradan qaldırılmasına çoxlu vaxt və külli miqdarda vəsait sərf olunur.

Mürəkkəbləşmələrin səbəbləri, baş vermə mexanizmləri və nəticələri müxtəlifdir. Onların əksəriyyətinə anomal  lay təzyiqləri zonalarında rast gəlmək olar. Lay təzyiqi yüksək olduqda, neft-qaz-su təzahürləri baş verə bilər və bir çox hallarda bunlar açıq fontana keçir. Lay təzyiqi çox kiçik olduqda məhlulun udulması kimi ağır mürəkkəbləşmə ilə rastlaşmaq olar.

      Qeyd olunanlar qazıma zamanı dərin tədqiqatların aparılmasını, baş verə bilən mürəkkəbləşmələrin erkən mərhələdə proqnozlaşdırılması yollarının axtarılması məsələsini gündəliyə çıxarır.

Geoloji kəsilişin, yəni qazma şəraitinin öyrənilməsi, baş verən mürəkkəbləşmələrin ağırlıq dərəcəsi, risqinin təhlili və araşdırılması aktual problem kimi meydana çıxaraq, diqqəti cəlb edir. Həmin tədqiqatların aparılması operativ surətdə qərar qəbul etmək üçün yaxşı zəmin olmaqla, qazma göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxarar.

Bu baxımdan təqdimatda informasiyanın xüsusiyyətindən asılı olaraq mürəkkəbləşmələrin proqnozlaşdırılması üçün statistik və qeyri-səlis yanaşma təklif olunur. Aparılan tədqiqatlar aşağıdakı nəticələri əldə etməyə imkan vermişdir.

Udulmaların intensivliyinə  təsir edən iki amil - məsaməlilik və keçiricilik üzrə aparılmış qeyri-səlis klaster-analiz nəticəsində beş sinif ayrılmışdır ki, onların hər biri udulmaların nisbi ağırlığı ilə səciyyələnir və bu, layın süzülmə-tutum xüsusiy­yətlərinə görə udulmaları keyfiyyətcə  proqnozlaşdırmağa imkan verir.     

      Udulmaların tezliyi və onların intensivliyi arasında baxılan şərait üçün qarşılıqlı əlaqə alınmışdır. Göstərilmişdir ki, udulmaların intensivliyinin artması ilə tezlik, hiperbolik qanuna tabe olaraq, azalır.      Udulmaların kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin risk kateqoriyaları ilə qarşılıqlı uyğunluğu müəyyən edilmiş və təsnifatı verilmişdir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılandı, suallar cavablandırıldı. Tədbir, işlərin nəticələrinin müzakirəsi ilə başa çatdı.

           

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015