AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ-də Elmi Şuranın növbəti iclası keçirilib
Apr 08, 2016 | 10:34 / Konfranslar, iclaslar
Oxunub 553 dəfə

Aprelin 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və əvvəlcə AMEA Prezidenti tərəfindən imzalanmış sərəncamların, həmçinin Rəyasət Heyətinin qəbul etdiyi qərarların icrası haqqında danışıb. Sonra o, iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq “Azərbaycanın çökmə süxurlarının radioaktivliyi: sahə və kəsiliş üzrə dəyişmə xüsusiyyətləri və onların təbiəti” mövzusunda məruzə dinlənilib. Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyev mövzuya dair geniş nitqlə çıxış edərək bildirib ki, son illər onun rəhbərliyi ilə  müxtəlif litoloji stratiqrafik komplekslərdə fon radioaktivliyinin və radioaktiv elementlərin miqdarının təyin edilməsi və radiostratiqrafiya metodunun işlənilməsinə dair çoxsaylı tədqiqatlar aparılmışdır. Azərbaycanın çökmə süxurlarının müxtəlif stratiqrafik intervallarında 40-dan çox kəsilişlərdə uran, torium və kaliumun miqdarı təyin olunmuş, ilk dəfə olaraq onların radiometrik xarakteristikası verilmişdir ki, bu da reper stratiqrafik intervalların diaqnostikası üçün onlardan istifadə edilməsinə imkan verir. Tədqiqatlar nəticəsində mezo-kaynozoy kompleks süxurlarının qamma şüalanmasının normal fonunun şkalası tərtib olunmuşdur.

Aparılmış tədqiqatların nəticələri respublika və xarici beynəlxalq konfrans və görüşlərdə – Praqa, Amritsar (Hindistan), Kiyev, Moskva, İzmir, Xyustonda müzakirə edilmiş, “Tectonophysics” və bir sıra beynəlxalq jurnallarda çap olunmuşdur.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb və Elmi Şuranın qərarı ilə qəbul edilib. Qərarda qeyd olunur ki, alınan nəticələr elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin və respublikanın digər əlaqədar təşkilatlarının mütəxəssisləri tərəfindən istifadə edilə bilər.

Daha sonra, elmi tədqiqat proqramları müzakirə olunub. İcrası 2016-2017-ci illər ərzində nəzərdə tutulan “Seysmik kəşfiyyat və seysmoloji məlumatlara görə Yerin dərin qatlarının seysmik sürət xüsusiyyətinin neyron şəbəkəsindən istifadə etməklə tədqiqi metodunun işlənilməsi (Şamaxı-İsmayıllı, Quba-Qusar və Cənubi Xəzər hövzəsi əraziləri timsalında)” və yekunlaşmaq üzrə olan “Yataqlarda süzülmə prosesləri zamanı yaranan termodinamiki effektləri nəzərə almaqla termohidrodinamiki modelləşdirmə üsullarının təkmilləşdirilməsi” adlı tədqiqat işlərindən bəhs olunub.

Həmçinin, “Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin dayanıqlı inkişafı məqsədi ilə termal suların bərpa olunan termodinamik potensialının qiymətləndirilməsi və səmərəli istifadə texnologiyaların əsaslandırılması (Kür-Araz ovalığı timsalında)” adlı qrant layihəsinin icrası haqqında da məlumat verilib.

İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015