AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Qlobal iqlim dəyişmələrinə dair seminar keçirilib
Apr 06, 2016 | 10:42 / Konfranslar, iclaslar
Oxunub 492 dəfə

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Qlobal iqlim dəyişmələri və Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələr” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov mövzu üzrə geniş məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki,

Son dövrlərdə qlobal iqlim dəyişmələri və onun regional təsirləri istənilən ölkənin sabit dayanıqlı inkişafına öz mənfi təsirini göstərməkdə davam edir. Belə ki, iqlim dəyişmələrinin təsirindən baş verən anomal atmosfer prosesləri hidrometeoroloji şəraitin dəyişməsinə və bunun nəticəsi kimi baş verən təbii fəlakətlərin, o cümlədən sel, daşqın, qasırğa, quraqlıq, güclü küləklər, intensiv yağışlar, meşə yanğınları, su obyektlərində səviyyə tərəddüdləri və s. hadisələrin artmasına səbəb olmuşdur.

Hazırda iqlim dəyişmələrinin təsirindən nəinki ayrı-ayrı dövlətlərin iqtisadiyyatına, ümumilikdə dünya iqtisadiyyatına külli miqdarda ziyan dəyir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsasən dünyada baş verən təbii fəlakətlərin 80-85%-i hidrometeoroloji proseslərlə bağlıdır. Qeyd etmək lazımdır ki, 2010-cu il dünyada ən isti il olmaqla, 2000-2010-cu illər dünyada ən isti onillik kimi tarixə düşmüşdür. Belə ki, həmin illərdə Yer kürəsi üzrə orta illik temperatur 1961-1990-cı illərin normasına nisbətən 0,50C artmışdır.

Ekstremal temperaturların artması, qlobal istiləşmə, quraqlıq səhralaşma prosesini sürətləndirməklə quraq meteoroloji şəraitin yaranmasına səbəb olur və bu, öz növbəsində kənd təsərrüfatına, heyvandarlığa, əkinçiliyə, səhiyyə sahələrinə öz mənfi təsirini göstərməklə sabit dayanıqlı inkişafı pozur, hətta müxtəlif xəstəliklərin yaranmasına və yayılmasına şərait yaradır. Bütün bunlar insanın qida məhsullarına olan təlabatını artırmqla dünya üzrə ərzaq çatışmazlığı təhlükəsini artırır.

Bu baxımdan təbii ki, hidrometeoroloji proseslərlə bağlı müxtəlif növ təbii fəlakətlərin dinamikasının artması özünəməxsus fiziki-coğrafi, iqlim şəraiti olan respubikamızın ərazisində də müşahidə olunur.

Burada yalnız 2010-cu ildə intensiv qar əriməsi, davamlı yağışlar nəticəsində Kür-Araz hövzəsinin aşağı hissəsində subasma hadisələrindən yaranan təbii fəlakətləri və onun ölkə iqtisadiyyatına vurduğu ziyanı göstərmək kifayətdir. Azərbaycan ərazisinin iqlimi də qlobal iqlim sisteminin tərkib hissəsidir və bu sistemdə baş verən proseslər müxtəlif intensivliklə və müxtəlif zaman kəsiyində ölkənin iqlim şəraitinə təsir göstərir.

Bütün bunlar iqlim dəyişmələrinin bəşəriyyət üçün real təhlükə olduğunu sübut edir və dünya birliyini, alim və siyasətçiləri bu məsələyə daha həssas yanaşmağa məcbur edir. Təsadüfi deyil ki, bu gün dünya dövlətlərinin yüksək səviyyədə keçirilən elə bir məclisi yoxdur ki, orada gündəliyə iqlim dəyişmələri və onun yaratdığı təbii fəlakətlərlə bağlı məsələlər daxil edilməsin.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015