AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb
Apr 01, 2016 | 11:33 / Yeni nəşrlər
Oxunub 1296 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi və ümumi redaktəsi ilə “Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb.

Kitab-albom AMEA-nın  akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Memarlıq  və İncəsənət İnstitutu tərəfindən hazırlanmışdır. Əsas icraçılar - Coğrafiya İnstitutu tərəfindən direktor, akademik R.M. Məmmədov, elmi işlər üzrə direktor müavini,  AMEA-nın müxbir üzvü, professor E.K. Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları, dosent S.Ə. Tarixazər və E.C. Kərimova, AMEA Geologiya və Geofizika İnstitutunun professoru, geologiya-mineralogiya üzrə elmlər doktoru, T.N. Kəngərli, Memarlıq  və İncəsənət İnstitutunun əməkdaşları – m.e.f.d.,dosent R.Ş. Əliyeva, E.N. Əliyev, T.N. İsayeva, N.A. Zeynalovdur.

Nəfis şəkildə tərtib olunmuş, 400-dən artıq foto-şəkil, açıqlama və turistik məlumatlardan ibarət kitab-albom Milli Elmlər Akademiyasının 70 illiyi münasibətilə hazırlanmış və 500 tirajla nəşr olunmuşdur. Həcmi 337 səhifədən ibarət kitab-alboma akademik A.Əlizadə ön sözlər yazmışdır.

Azərbaycanın füsunkar gözəlliklərini – əsrarəngiz təbiət mənzərələrini və onlarla ahəngdarlıq yaradan memarlıq incilərini özündə əks etdirən bu nəşrdə Azərbaycanın təbii-coğrafi bölgələri – Böyük Qafqaz, Kür-Araz, Kiçik Qafqaz, Lənkəran və  Naxçıvanın   təbii möcüzələri ayrıca fəsillərdə oxuculara təqdim edilir.

Kitab-albom ölkəmizə gələn turistlər üçün də çox yararlıdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015