AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Şəkidə demoqrafik inkişafa dair respublika konfransı keçiriləcək
Sen 07, 2016 | 11:48 / Konfranslar, iclaslar
Oxunub 677 dəfə

Sentyabrın 12-də Şəki şəhərində “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda respublika konfransı  öz işinə başlayacaq.

2 gün davam edəcək tədbirin təşkilatçıları  AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu, Şəki Rayon İcra Hakimiyyəti və AMEA Şəki Elm Mərkəzidir.

Konfransın  məqsədi  “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq Azərbaycanda demoqrafik problemlərin həlli yollarının işlənib hazırlanması və müvafiq qərarların qəbul edilməsidir.

  Son dövrlərdə (2000-ci ildən sonra) ölkə Prezidenti tərəfindən həyata keçirilən fəal demoqrafik siyasət, yaxşılaşan həyat şəraiti hesabına ötən əsrin sonundakı demoqrafik tənəzzül demoqrafik inkişafla əvəz olunmuşdur. Artıq əhalinin say artımı təbii artımla yanaşı miqrasiya hesabına formalaşır. Lakin regionların demoqrafik inkişafında, əhalinin artım tempində fərqlər mövcuddur. Strateji əhəmiyyət kəsb edən bir sıra qərb həmsərhəd və dağlıq rayonlarda əhalinin demoqrafik inkişafı orta respublika səviyyəsindən aşağıdır.

Regionların sosial-iqtisadi inkişafının başa çatmış iki Dövlət Proqramı və həyata keçirilməkdə olan  üçüncüsünün hesabına əhalinin demoqrafik inkişafında və məskunlaşmasının ərazi strukturunda müəyyən irəliləyişlər olsa da, dağlıq ərazilərlə  düzənlik, Bakı paytaxt regionu ilə regionlar arasında fərqlər qalmaqdadır. Əhalinin ifrat məskunlaşdığı, ekoloji şəraitin çox gərgin olduğu Bakı-Sumqayıt sənaye qovşağına regionlardan əhali axıcılığı davam edir, dağ kəndləri isə boşalır, geniş meşələr təsərrüfat dövriyyəsindən çıxır. Əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsində düzənlik və dağətəyi ərazilərin payı artır, orta və yüksək dağlıq ərazilərin xüsusi çəkisi isə sürətlə azalır.

Konfransda bu və digər problemlərin 3 seksiya üzrə aşağıdakı elmi müzakirəsi aparılacaq: a) Azərbaycanın demoqrafik inkişaf problemləri və demoqrafik siyasət; b) Əhalinin milli-etnik tərkibinin formalaşması; c) Multikulturalizm və tolerantlıq: müasir vəziyyət və inkişafın prioritet istiqamətləri; d) Məskunlaşmanın iqtisadi və sosial bazasının səmərəli ərazi təşkili; e) Şəhər və kənd məskunlaşmasının davamlı inkişafının təmin edilməsi; ə) Əhalinin məşğulluq probleminin həlli yolları və məşğulluq siyasəti; f) Fiziki-coğrafi şəraitin və təbii ehtiyatların qiymətləndirilməsi; h) Məskunlaşma areallarının ekocoğrafi problemləri; g) Turizm-rekreasiya ehtiyatlarından istifadə və əhalinin iş yerləri ilə təminatı.   

Konfransda Serbiya, Gürcüstan, Hollandiyadan da nümayəndələrin iştirakı gözlənilir.

Geniş müzakirələrdən sonra Azərbaycanda demoqrafik inkişafın müasir problemləri və onların həlli yollarını özündə əks etdirən təkliflər  yekun qərar şəklində   mövcud dövlət idarəetmə orqanlarına təqdim olunacaq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015