AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutunda Elmi Şuranın Dövlət Mükafatına həsr olunmuş iclası keçirilib
İyn 08, 2016 | 11:54 / Konfranslar, iclaslar
Oxunub 797 dəfə

AMEA Coğrafiya İnstitutu elmi şurasının iyunun 6-da keçirilən növbəti iclası böyük uğura - Coğrafiya İnstitutu alimlərinin Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilməsinə  həsr edilmişdi.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, g/m. elmləri doktoru  Dadaş Hüseynov da tədbirdə  iştirak edirdilər.

Əvvəlcə bu günlərdə dünyasını dəyişmiş İnstitutun Geomorfologiya və təbii risklər şöbəsinin sabiq müdiri,  c.e.d. Xalid Tanrıverdiyevin əziz xatirəsi yad edildi, onun coğrafiya elmindəki xidmətlərindən danışıldı, həmkarları onun haqqında xoş sözlər söylədilər.

Sonra 28 may – Respublika günü münasibəti ilə keçirilmiş təntənəli rəsmi qəbul zamanı coğrafiyaçı alimlərin Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması və akademik Ramiz Məmmədovun mərasimdəki çıxışını əks etdirən  kadrlar  nümayiş etdirildi.  Nümayişdən sonra YEB rəhbəri, akademik Fəxrəddin Qədirov çıxış edərək, Coğrafiya İnstitutunun son illərdəki sürətli inkişafından, qazandığı elmi nailiyyətlərdən, uğurlu nəşrlərindən və s. söhbət açdı. Dedi ki, İnstitutun belə dinamik, uğurlu  inkişafı onun direktoru, daim hərəkətli, irəliyə  can atan, yeniliyi sevən, özünə və işçilərinə qarşı tələbkar  olan akademik Ramiz Məmmədovun düzgün rəhbərliyinin nəticəsidir.

F.Qədirov coğrafiyaçı alimlərin uzun illərin əməyinin bəhrəsi olan, ölkəmiz üçün çox vacib və dəyərli  “Azərbaycan Respublikasının Coğrafiyası” üçcildliyinin yüksək dövlət mükafatına layiq görülməşinə görə böyük qürur hissi keçirdiyini dilə gətirdi, əsərin böyük əhəmiyyətini nəzərə alaraq, onun ingilis və rus dilinə tərcümə olunmasını zəruri hesab etdiyini söylədi. O, dövlət əhəmiyyətli və strateji planlara daxil edilmiş Azərbaycan Fövqəladə Hallar Atlasının hazırlanmasının Coğrafiya İnstitutuna həvalə olunmasını onun rəhbərliyinə və kollektivinə olan etimad və  inamdan irəli gəldiyini  nəzərə çatdırdı və kollektivin bu işin də öhdəsindən layiqincə gələcəyini qeyd etdi.

 YEB rəhbəri akademiya prezidenti Akif Əlizadənin səyi nəticəsində Azərbaycan Dövlət Televiziyasında həftədə bir dəfə bir saata yaxın olmaqla “Elm” kanalında elmi innovasiyalar mövzusunda verilişlər təşkil olunması haqqında məlumat verdi. Qeyd etdi ki,  ikinci veriliş “Dövlət mükafatına layiq görülmüş əsərlər” haqqında  olacaqdır.

C.e.d. Dadaş Hüseynov işlədiyi Geologiya və Geofizika İnstitutu ilə Coğrafiya İnstitutu arasında sıx dostluq əlaqələrinin olmasını müsbət hal kimi qiymətləndirərək, coğrafiyaçıların uğurunu həm də geoloqlarınkı hesab etdiyini qeyd etdi.

Sonra İnstitutun elmi işlər üzvə direktor müavini, professor, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə çıxış edərək ensiklopedik,  fundamental biliklər toplusu olan “Azərbaycan Respublikasının Coğrafiyası” üçcildliyinə verilən bu dəyəri  ölkəmiz, xalqımız qarşısında vəzifə borcunu yerinə yetirmiş əməkdaşların hər birinin mükafatı kimi qiymətləndirdi və dönə-dönə onlara dərin təşəkkürünü bildirdi, dedi ki, bu sevincdə, eyni zamanda, BDU və Pedaqoji universitetin coğrafiyaçılarının da payı var. AMEA rəhbərliyinin hər zaman Coğrafiya İnstitutuna dəstək verməsini bir stimul kimi  daha məhsuldar işləməyə həvəsləndirdiyini diqqətə çatdırdı. Bildirdi ki, coğrafiyaçılar intellektual səviyyələrinə görə, gücünə, dostların dəstəyinə arxalanaraq hələ neçə-neçə  dəyərli əsərlər ortaya qoyacaqlar.

Coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov çıxışında dövlət mükafatının kollektivin hər bir üzvünə verilən ən yüksək qiymət olduğunu vurğulayaraq, əsərin belə yüksək səviyyədə hazırlanmasını Ramiz müəllimin tələbkarlığının nəticəsi olduğunu və hələ uzun müddət belə bir mövzuya müraciət edilməsinə  ehtiyac duyulmayacağını diqqətə çatdırdı.

Şöbə müdiri, coğrafiya elmləri doktoru Zakir Eminov qazanılan uğurda göstərilən dəstəyə görə AMEA rəhbərliyinə, kitabın hazırlanmasında yaxından iştirak edən bütün əməkdaşlara dərin təşəkkürünü bildirdi.

 Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev,  şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, elmi katib Luiza Salayeva, c.e.d. Məhəmməd Abduyev və digər çıxış edənlər İnstitutun əldə etdiyi nailiyyətləri ilk növbədə onun rəhbəri Ramiz Məmmədovun səriştəliyi, uzaqgörənliyi, novatorluğu və tələbkarlığı sayəsində qazanıldığını və əməkdaşların öz işinə böyük məsuliyyətlə yanaşdıqlarını nəzərə çatdırdılar.. Çıxış edənlər dövlətin əsərə verdiyi bu yüksək qiymətin  coğrafiyanın və coğrafiyaçıların nüfuzunun daha da artmasına səbəb olduğuna görə sevinclərini gizlədə bilmədilər.

Akademik Ramiz Məmmədov yekun  çıxışında Azərbaycanda elm üzrə ilk dövlət mükafatının məhz coğrafiyaçılara verildiyini və indiki mükafatın artıq onların aldıqları  üçüncü dövlət mükafatı olduğunu böyük fəxrlə qeyd etdi: “Su gələn arxa bir də gələr!” İnstitutumuzun yüksək mükafatlara layiq görülmüş korifey alimləri olub. Çox şadam ki, bu gün biz bu ənənəni layiqincə davam etdiririk”. “Azərbaycan Respublikasının Coğrafiyası” üçcildliyi təkcə 4 nəfərin deyil, bütün kollektivin əməyinin məhsuludur. Məndən soruşsalar ki, bu kitabın qayəsi nədir, dəyərəm ki,  – AZƏRBAYCANDIR! Ümumiyyətlə, coğrafiyaçıların tədqiqat obyekti AZƏRBAYCANDIR!  Bu kitabı oxuyan istənilən bir vətəndaş biləcək ki, necə zəngin bir ölkədə yaşayır, onun hansı potensial imkanları var”. Akademik əsərin uzun illərin gərgin əməyinin  bəhrəsi olduğunu, hələ 15 il qabaq coğrafiya elmində bir boşluq duyulduğunu hiss etdiyindən belə bir əsərin yazılmasını təklif etmişdi. O, əsərin Respublika Dövlət Mükafatına layiq görülməsini çox böyük uğur adlandırdı:  “Bununla belə, AMEA rəhbərliyinin diqqət və qayğısı olmasaydı, bəlkə də  bu uğura nail olmaq mümkün olmazdı”.

İnstitut rəhbəri kitaba  rəy vermiş alimləri xüsusi qeyd etdi, yerli, eləcə də xarici ölkələrdən olan mütəxəssislərin – senator və akademiklərin  əsərə yüksək dəyər verdiklərini, haqqında xoş sözlər yazdıqlarını  diqqətə çatdırdı, onlara minnətdar olduğunu  bildirdi.

Akademik çıxışının sonunda ölkə Prezidenti İlham Əliyevə Azərbaycan elminə verdiyi dəyərə, göstərdiyi diqqət və qayğıya görə özünün və institut kollektivinin adından dərin minnətdarlığını bildirdi. AMEA rəhbərliyinə, şəxsən Akif Əlizadəyə və Fəxrəddin Qədirova, eləcə də üçcildliyin yaranmasında zəhməti olan hər bir kəsə təşəkkürünü çatdırdı.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015