AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Bakıda seysmik riskin qiymətləndirilməsinə başlanır
May 24, 2016 | 09:32 / Görüşlər
Oxunub 1501 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Geoelmlər Alman Araşdırma Mərkəzi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində Bakı şəhərində seysmik riskin qiymətləndirilməsinə başlayır.     

Bununla bağlı RSXM-in Monitorinq Mərkəzində Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, ARDNŞ, Almaniyanın Azərbaycandakı səfirliyinin və Geoelmlər Alman Araşdırma Mərkəzinin nümayəndələri - Kristin Bismut, Stefano Perolay, Kevin Fleming və Maykl Hasın iştirakı ilə görüş keçirilib. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli Bakı şəhərində seysmik riskinin öyrənilməsinin vacibliyini önə çəkərək, Geoelmlər Alman Araşdırma Mərkəzi ilə RSXM arasında ikitərəfli əməkdaşlıq haqqında anlaşma protokolu imzalandığını qeyd edib. O, bildirib ki, seysmik qiymətləndirmə layihəsinin iki il müddətinə davam etməsi nəzərdə tutulur. Almaniyalı qonaqlar isə Azərbaycan seysmoloqları ilə əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını qeyd ediblər.        

Daha sonra RSXM-nin "Zəlzələlərin tədqiqatı bürosu"nun rəis müavini R.Kərimova görülən işlər və aparılan tədqiqatlar haqqında təqdimatla çıxış edib. Geoelmlər  Alman Araşdırma Mərkəzinin nümayəndələri- Kristin Bismut, Stefano Perolay, Kevin Fleming və Maykl Has da öz çıxışları zamanı seysmik riskin öyrənilməsi metodlarından danışıblar. 

Almaniyalı qonaqlar dünən həmçinin AMEA-nın vitse-prezidenti, akademik İ.Quliyevlə də görüşüblər. Görüşdə ikitərəfli əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılması, Azərbaycan ərazisində seysmik riskin birgə öyrənilməsi istiqamətində gələcək perspektivlərə dair məsələlər müzakirə edilib.   

AMEA-nın vitse-prezidenti, akademik İ.Quliyev Bakı şəhərində seysmik riskin öyrənilməsinin vacibliyini də önə çəkərək, birgə əməkdaşlığın elmi baxımdan əhəmiyyətli olacağına ümidvar olduğunu qeyd edib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015