AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ-də İSRAİLLİ ALİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
Okt 12, 2016 | 03:05 / Görüşlər
Oxunub 1829 dəfə

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının (İTHEA) direktoru Dr. Meir Zadok və Veyzman İnstitutunun İmmunnologiya fakültəsinin professoru Rut Arnon ilə görüş keçirilib. GGİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov qonaqları salamlayaraq institut haqqında ətraflı məlumat verib. Elmi müəssisənin tədqiqat sahələri və mühüm elmi nəticələrindən bəhs edən alim Azərbaycan ərazisinin geoloji tarixi, quruluşu, həmçinin zəngin təbii sərvətlərindən də danışıb. O da bildirilib ki, institutda yeni istiqamət olaraq tibb geologiya sahəsində də tədqiqatlar aparılır və yaxın gələcəkdə iqtisadi geologiya üzrə də araşdırmalara başlanılacaq.

AMEA Yer Elmləri Bölməsinin rəhbəri, GGİ-nin Geodinamika və seysmologiya şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov institutda aparılan plitələr tektonikası üzrə tədqiqatlar, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın geodinamik şəraiti barədə məlumat verib.

İsrailli alimlər isə təmsil etdikləri qurumlar haqqında danışıb, əməkdaşlıq üçün müvafiq istiqamətlərdəki fəaliyyətlərindən bəhs ediblər. Dr. M.Zadok İTHEA-nın GGİ ilə əməkdaşlıq edə biləcək təşkilatları və mütəxəssislərindən söz açıb. R.Anon qeyd edib ki, son illər İsraildə yeni neft-qaz yataqlarının aşkarlanması orada geoloji və geofiziki tədqiqatların önəmliliyini artırıb. Bu baxımdan qurumlar arasında əməkdaşlığın inkişafı zəruridir.

Sonra qonaqlar institutun şöbə və laboratoriyaları ilə əyani tanış olublar. Tərəflər əməkdaşlıq üçün konkret imkanları və müştərək tədqiqat sahələrini müzakirə ediblər.

İsrailli tədqiqatçılara GGİ tərəfindən çap olunmuş Azərbaycanın geologiyasına aid müxtəlif nəşrlər təqdim edilib. İnstitutun nəşrləri sırasında “Dünya palçıq vulkanlarının atlası” qonaqların xüsusi diqqətini çəkib.

 

AMEA Geologiya və Geofizika İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015