AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
“Kiçik təsir və həyəcan effekti” nəzəriyyəsi əsasında yeni elmi-praktik işləmə həyata keçirilib
Dek 13, 2016 | 11:47 / Konfranslar, iclaslar
Oxunub 1155 dəfə

Bu gün AMEA Coğrafiya İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirildi.

Bölmə üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri, elmi katiblərinin və məruzəyə aidiyyatı olan mütəxəssislərin iştirak etdiyi iclası giriş sözü ilə YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Qazma və sement məhlulları laboratoriyasının müdiri, t.e.d. Elçin Kazımov “Kiçik təsir və həyəcan effekti əsasında qazmada yaşıl texnologiyalar” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, müasir qazmanın Yer təkinin böyük dərinliklərinə nüfuz etməsi nəticəsində mürəkkəb termobarik şəraitlərlə xarakterizə olunan geoloji kəsilişlərdə qəza və mürəkkəbləşmələrin baş vermə riskinin azaldılması məqsədilə “kiçik təsir və həyəcan effekti” nəzəriyyəsi əsasında yeni elmi-praktik işləmə həyata keçirilmişdir.

İqtisadi cəhətdən əlverişli, ekoloji təmiz nanoölçülü komponentlərdən istifadə olunduğunu qeyd edən məruzəçi ekoloji baxımdan təhlükəsiz olan yağlayıcı əlavələr, stabilləşdirici reagentlər, ağırlaşdırıcı materiallar və quyuların möhkəmləndirilməsi üçün nanosement tərkiblərin işlənildiyini diqqətə çatdırdı.

Onun sözlərinə görə, nanotəsir hesabına portlandsement daşının aqressiv mühitə davamlılığı müəyyən edilmiş, keçiriciliyinin idarə olunma mexanizmi işlənilmişdir. Tətbiq olunan bu sistemlər quyuların qazılmasında və quyudibi zonanın bərkidilməsində qəza və mürəkkəbləşmələrsiz, müvəffəqiyyətlə tətbiq olunmuşdur.

E.Kazımov müvafiq işləmələrin Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Patent sənədləri ilə qüvvədə olduğunu vurğuladı.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə "AMEA-nın Xəbərlər məcmuəsi" jurnalının vəziyyəti haqqında çıxış etdi. Jurnalda nəşr olunan məqalələrin keyfiyyət göstəricilərinin yüksəldilməsinin vacib məsələlərdən olduğunu qeyd edən alim bütün tədqiqatçıları elmi fəaliyyətlə məşğul olarkən diqqətli olmağa səslədi. Bildirdi ki, tədqiqatçılar prioritet elmi istiqamətlərdə araşdırmalar aparmalı, dinamik və aktual mövzulara müraciət etməli, təkrarlara yol verməməlidirlər.

AMEA prezidenti, həmçinin alim və mütəxəssisləri öz təcrübələrini gənc kadrlarla bölüşməyə, onlara elmi məqalələrin yazılmasında lazımi köməkliyi göstərməyə çağırdı. Qeyd etdi ki, akademiyada təhsil alan magistrantlarla birgə fəaliyyət göstərməli, onları düzgün şəkildə yönləndirməliyik. Bu, hər bir alimin qarşısında duran mühüm vəzifələrdəndir.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik, o cümlədən akademiklər Pərviz Məmmədovun 80 və Hətəm Quliyevin 70 illik yubileylərinin keçirilməsinə dair müvafiq qərarlar qəbul olundu, bir sıra cari məsələlər ətrafında müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015