AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycan və İtaliya alimləri ölkəmizdə mövcud seysmik təhlükələri müzakirə ediblər
Fev 14, 2017 | 03:21 / Konfranslar, iclaslar
Oxunub 127 dəfə

İtaliyanın Milli Tədqiqatlar Şurasının (İMTŞ) Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Azərbaycan ərazisinin seysmik təhlükələrini müzakirə ediblər. Bu məqsədlə italiyalı professor Luçiano Teleska GGİ-nin qonağı olub və “Qafqaz ərazisinin seysmik və geodinamik monitorinqi, məlumatların riyazi təhlili və zəlzələ təhlükələrinin qiymətləndirilməsi” mövzusunda seminarda iştirak edib. AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, GGİ-niin Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov seminar iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyəti, məqsədi barədə məlumat verib. Bildirib ki, seminar İMTŞ ilə əməkdaşlığa dair saziş və proqramı çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ərazisinin seysmikliyinin məkan-zaman təhlili və seysmik təhlükənin qiymətləndirilməsi” adlı layihənin əsasında təşkil olunub. Layihənin elmi rəhbərləri L.Teleska və F.Qədirovdur. Seminardan məqsəd tədqiqatların gedişatına nəzər salmaq və araşdırmaların yeni istiqamətlərini müəyyən etmək, həmçinin gənc alimlərin mövzu üzrə elmi biliklərini artırmaqdır.


Akademik əlavə edib ki, İMTŞ ilə AMEA arasında əməkdaşlıq 7 ilə yaxındır davam edir və bu müddətdə 5 layihə yerinə yetirilib. Tədqiqatların nəticələrinə dair 10 məqalə “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsinə daxil olan jurnallarda dərc edilib. Ötən il İMTŞ-in rezidenti,  professor Massimo İnquskyo ilə imzalanmış yeni 5 illik müqavilə ilə bu əməkdaşlığın yeni mərhələsi başlanıb.

Sonra, natiq Ərəbistan-Avrasiya plitəsində müşahidə olunan geodinamik proseslər və bunun təsiri ilə Abşeron yarımadasında toplanan tektonik gərginliklərdən danışıb. Həmçinin bildirilib ki, Abşeron və Xəzər regionunun geodinamik vəziyyətini tədqiq etmək sahəsində yeni yanaşmalar, o cümlədən müasir riyazi statistik üsullar tətbiq olunub. Bundan əlavə, “Qafqaz ərazisinin seysmik və geodinamik monitorinqi, məlumatların riyazi təhlili və zəlzələ təhlükələrinin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar və gənc alimlər üçün mühazirələrin keçirilməsi planlaşdırılır.

Daha sonra, qonaq L.Teleska “2003-2016 illər ərzində Azərbaycanın və ətraf ərazilərin seysmikliyinin məkan-zaman-maqnituda paylanılmasının statistik təhlili” adlı məruzə ilə çıxış edib. O, son illər azərbaycanlı həmkarları ilə birgə ölkəmizin ərazisində aparmış olduğu tədqiqatların hazırkı nəticələri barədə məlumat verib, növbəti mərhələdə görülməli olan işlər haqqında danışıb. Bildirib ki, Qafqazda aktiv seysmik ocaqlar haqqında məlumatların baza halında toplanılıb, analiz və tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyır. Qonaq bu məlumatlardan istifadə edərək tədqiqatları davam etdirməyin zəruriliyini qiddətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin də iştirak etdiyi tədbir digər çıxışlarla davam edib. GGİ-nin Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, geologiya üzrə fəlsəfə doktorları – dosent Qulam Babayev və Rafiq Səfərov, həmçinin digərlərinin mövzuya dair məruzələri dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015