AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də Xocalı faciəsinin 25 ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Fev 23, 2017 | 03:44 / Konfranslar, iclaslar
Oxunub 142 dəfə

 

AMEA nəzdində RSXM-də Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin baş direktoru, AMEA –nın müxbir üzvü Qurban Yetirmişli 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanlılara qarşı soyqırım törədildiyini bildirib. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Qanlı gecədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərin 150 nəfərinin,  o cümlədən 68 qadın və 26 uşağın taleyindən bugünə qədər xəbər yoxdur.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün 2008-ci ildən H.Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət” kampaniyasının başladıldığını vurğulayan baş direktor hər il Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatları tərəfindən tədbirlərinin keçirildiyini qeyd edib.

Mərasimdə Xocalı faciəsini tanıyan ölkələr barədə də danışan Q.Yetirmişli gəncləri aktiv olmağa, iştirak etdikləri beynəlxalq tədbirlərdə Azərbaycanın ərazilərinin işğalı faktı və erməni vəhşilikləri barədə təbliğat aparmağı tövsiyyə edib.

 RSXM-nin baş direktorunun ümumi məsələlər üzrə müavini R.İsgəndərov, “Seysmologiya” şöbəsinin müdiri, g.m.e.d.  T.Məmmədli, “Maqnitometriya” şöbəsinin əməkdaşı B. Xanbutov öz çıxışlarında Xocalı faciəsinin baş verdiyi dövrdə yaşananlar və bu faciənin XX əsrdə törədilən faciələrdən daha dəhşətli olmasına diqqət çəkiblər. Daha sonra Xocalı faciəsi zamanı əsirlərin azad edilməsi və qətlə yetirilmiş insanların cəsədlərinin alınmasında misilsiz xidmətləri olan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırova həsr olunmuş film nümayiş etdirilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015