AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Geomexanika üzrə növbəti seminar keçirilib
Mart 30, 2017 | 12:49 / Konfranslar, iclaslar
Oxunub 222 dəfə

Martın 30-da AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” layihəsi çərçivəsində növbəti “Geomexanika” seminarı keçirilib.

Tədbirdə layihənin rəhbəri akademik Hətəm Quliyev “Deformasiyaya uğramış geoloji mühitlərin elastiki parametrləri haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Alim bildirib ki, müşahidə və eksperimental geofiziki məlumatlar komplekslərinin geomexaniki interpretasiyasının yeni nəzəri bazasını yaratmaq məqsədi ilə təzyiqin boyuna və eninə elastiki dalğaların yayılma sürətlərinin sıxılma deformasiyasına uğrayan bircins bərk cisimlərdə dəyişmələr öyrənilib.

H.Quliyev deformasiyaya uğramış izotrop mühitlərdə göstərilən parametrlərin hesablanması üçün qeyri klassik xətti və qeyri xətti həllər çərçivəsində analitik ifadələrin alındığını deyib: "Müxtəlif mühitlərin hərtərəfli sıxılma deformasiya vəziyyətlərində konkret ədədi hesablamalar aparılıb. Standart konstruksiya materialları mexanikasında qəbul olunmuş əlavə xəttiləşdirilmə əldə edilən nəticələrdə kifayət qədər ciddi kəmiyyət və keyfiyyət xətalarının yaranmasına gətirib çıxarır".

Alim bildirib ki, mühitdə sıxılma deformasiyalarının qiyməti müəyyən böhran həddinə çatdıqda onlarda həqiqi qiymətə malik elastiki dalğalar yayılmır. Onun sözlərinə görə, deformasiyaların böhran qiymətləri boyuna və eninə dalğalar üçün müxtəlif elastiki potensiallar və başlanğıc deformasiya nəzəriyyələri çərçivəsində bir-birindən fərqlənirlər.

Akademik çıxışının sonunda alınmış nəticələrin Yerin daxili strukturlarında elastiki parametrlərin paylanma məsələlərinin müasir nəzəri əsaslarını təşkil etdiyini və xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Sonda layihə çərçivəsində görülən işlərin nəticələri müzakirə edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015