AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Görkəmli coğrafiyaşünas alim Elbrus Əlizadənin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Mart 29, 2017 | 02:10 / Konfranslar, iclaslar
Oxunub 232 dəfə

Martın 29-da görkəmli coğrafiyaşünas alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadənin xatirəsinə həsr olunmuş “Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfrans alimin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov alimin həyatı, onun elmi, pedaqoji və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, E.Əlizadə haqlı olaraq görkəmli akademiklər Həsən Əliyev və Budaq Budaqovun, o cümlədən professorlar M.Müseyibov, N.Şirinov və A.Mikayılovun layiqli davamçısı hesab edilirdi. Alimin ən mürəkkəb məsələləri tələbələrin bilik səviyyəsinə uyğun izah etməklə öz yetirmələrinin sevimlisinə çevrildiyini deyən R.Məmmədov E.Əlizadənin qısa, lakin mənalı həyatının hər bir gənc üçün nümunə olduğunu qeyd edib.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək coğrafiyaşünas alimin səmimi, sözünə və əməlinə sadiq, ensiklopedik biliyə malik insan olduğunu diqqətə çatdırıb. 

Tədbirdə E.Əlizadənin rəhbəri olduğu şöbənin əməkdaşları tərəfindən onun 60 illik yubileyinə hazırlanmış, lakin ölümündən sonra xatirəsinə ithaf edilmiş videofilm  nümayiş etdirilib.

Sonra coğrafiya üzrə elmlər doktoru, professor Fərda İmanovun “Professor E.Əlizadənin ali və orta məktəblərdə coğrafiya fənninin tədrisində və təbliğində rolu” və coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılovun "Alimin elmi-tədqiqat işlərinin əsas istiqamətləri və nəticələri" mövzusunda məruzələri dinlənilib. Qeyd olunub ki, E.Əlizadə coğrafiya elminin ən perspektivli istiqamətlərindən biri olan dağlıq ərazilər relyefinin morfostruktur təhlili problemi üzrə tədqiqatlar aparıb və ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilən nəticələr əldə edib.

Daha sonra AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Arif İsmayılzadə, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Mahirə Abbasova, BDU-nun kafedra müdiri, professor Tapdıq Həsənov, həmin universitetin dosenti Nərminə Seyfullayeva, alimin tələbəlik dostu, Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov, ADPU-nun kafedra müdiri, dosent Oqtay Alxasov və başqaları E.Əlizadə haqqında xatirələrini bölüşüblər.

Sonda alimin həyat yoldaşı, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Sevil Quliyeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015