AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan geologiya elminin flaqmanı
Noy 15, 2018 | 03:25 / Mühüm hadisələr
Oxunub 113 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi müəssisələrindən olan Geologiya və Geofizika İnstitutu yaranmasının 80 ilini qeyd edir. Bu illər ərzində institutun kollektivi geologiya elminin inkişafına, Azərbaycan ərazisinin geoloji quruluşunun öyrənilməsinə, neftli-qazlı əyalətlərin elmi əsaslandırılmasına və kəşfinə, neft-qaz ehtiyatının regional qiymətləndirilməsinə, respublikamızın mineral-xammal bazasının yaradılmasına, Yer qatlarında baş verən fiziki və təhlükəli geoloji proseslərin öyrənilməsinə mühüm töhfələr vermişdir.

 

Geologiya və Geofizika İnstitutunun yaranma tarixi 1923-cü ildə Azərbaycanın öyrənilməsi və tədqiqi cəmiyyətinın yaradılması ilə başlamışdır. 1932-ci ildə bu cəmiyyətin bazasına əsaslanaraq Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi məqsədilə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsi (AzFAN) yaradılmışdır. 1935-ci ildə AzFAN-ın bazasında Geologiya da daxil olmaqla bir sıra elmi istiqamətləri əhatə edən sektorlardan ibarət SSRİ EA-nın Azərbaycan filialı təsis edilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri: Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.A.Yaqubovun təklifi ilə (SSRİ EA-nın Rəyasət Heyətinin dəstəyi ilə) Geologiya sektoru bazasında müstəqil elmi-tədqiqat idarəsi Geologiya İnstitutu yaradılmışdır. İnstitutun yaranması və formalaşması Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta təsadüf etmişdir. Qeyd edək ki, institutun adı 2014-cü ildə dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılmışdır.

Geologiya və Geofizika İnstitutunun formalaşma tarixi rəsmi olaraq 1938-ci ildən başlayır. 80 illik yubiley ərəfəsində institutun tarixində baş verən mühüm hadisələrin, eləcə də Azərbaycanın tanınmış geoloq alimlərinin adlarının xüsusilə vurğulanması bu elmi müəssisənin inkişaf yolunun izlənilməsi baxımından önəmlidir. Respublikamızda geologiya elminin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında bir sıra məşhur alimlərin, o cümlədən akademiklər Ş.Ə.Əzizbəyov, M.M.Əliyev, Ə.Ə.Əlizadə, Q.Ə.Əlizadə, Ə.C.Sultanov, H.Ə.Əhmədov, Ş.F.Mehdiyev, M.Ə.Qaşqay, A.V.Məmmədov, A.A.Əlizadə, Ş.N.Məmmədov, S.Q.Səmədov, Q.M.Sultanov, H.X.Əfəndiyev, elmlər doktorları R.M.Hacıyev, T.A.İsmayılzadə və b. alimlərin böyük əməyi olmuşdur.

Geologiya və Geofizika İnstitutunun yarandığı müddətdən görkəmli alimlərimiz - professor M.T.Ağabəyov (1938-1943), akademik Q.Ə.Əlizadə (1943-1945), akademik Ə.C.Sultanov (1945-1949), müxbir üzvü A.H.Əliyev (1949-1951), g.m.-e.n. A.S.Bayramov (1951-1954), akademik Ş.F.Mehdiyev (1954-1958), akademik Ə.C.Sultanov (1958-1970), prof. Ə.N.Əlixanov (1970-1976) instituta rəhbərlik etmişlər. 1976-cı ildən bu günə kimi AMEA Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadədir.

İnstitut yarandığı ilk gündən alimlərin fəaliyyəti respublikanın xalq təsərrüfatının dinamik inkişafı ilə əlaqədar fundamental və tətbiqi geoloji-geofiziki problemlərin həllinə yönəldilmişdir. Bu dövrdə Azərbaycan ərazisinin ilk ümumiləşdirilmiş geoloji, faydalı qazıntı və mineral sular xəritələri hazırlanmışdır. 1940-cı ildə gənc alimlər M.G.Ağabəyov, Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.C.Sultanov, C.M.Süleymanov və başqaları qeyri-filiz faydalı qazıntılarının tədqiqi ilə məşğul olmağa başlamış və ilk dəfə kaolin yatağı aşkar etmişlər.

Bu illərdə neft geologiyasının əsas problemi sayılan neft yataqlarının geotermiyası, neftli lay süxurlarının və lay sularının kollektor xüsusiyyətlərinin öyrənilməsi sahəsində önəmli tədqiqatlar aparılmışdır. Eyni zamanda regional geologiya, stratiqrafiya və paleontologiya və litologiya üzrə tədqiqatlar aparılmağa başlanmışdır.

İkinci Dünya müharibəsi illərində də institut kollektivi faşizm üzərindəki qələbəyə öz töhfəsini vermişdir. Müxtəlif cəbhələrdə aparılan döyüşlərdə institutun əməkdaşları F.S.Əhmədbəyli, B.G.Vəkilov, T.A.Həsənov, Ə.S.Heydərov, Ş.F.Mehdiyev, M.M.Məmmədyarov, A.M.Seyidov, R.M.Hacıyev, V.G.Zaseyev və başqaları iştirak etmişlər. Müharibə dövründə institut öz elmi tədqiqatını müharibə dövrünün tələblərinə uyğun olaraq planlaşdırmışdır. Bu dövr üçün təxirəsalınmaz problem neft-qaz yataqlarının kəşfi və istismarı olmuşdur ki, bu da Böyük Vətən müharibəsinin qalibiyyətlə başa çatdırılmasının əsas şərtlərindən idi. İnstitutun qabaqcıl alimlərindən M.V.Abramoviç, M.G.Ağabəyov, Ş.Ə.Əzizbəyov, Ə.Ə.Əlizadə, Q.Ə.Əlizadə, V.A.Qorin, M.S.Qaşqay, Ə.Ə.Yaqubov və başqaları bilik və bacarıqlarını müdafiə əhəmiyyətli məsələlərin müvəffəqiyyətli həllinə həsr etmişlər. Bu alimlərdən bir çoxu fədakar əməklərinə görə orden və medallarla təltif olunmuş, akademiklər Ə.Ə.Əlizadə və Ə.Ə.Yaqubov isə SSRİ Dövlət Mükafatına layiq görülmüşlər.

Müharibədən sonrakı dövrdə institutun elmi istiqaməti geologiya və geofizikanın daha geniş problemlərini əhatə etmişdir. Bu dövrdə dərinlik quruluşunun və palçıq vulkanizminin öyrənilməsi, neft və qaz geologiyası, filiz və qeyri-filiz yataqlarının axtarışı, geofiziki sahələrin tədqiqi məsələləri əsas istiqamətlər idi.

Azərbaycanda 1927-ci ildən başlayan paleontologiya-stratiqrafiya tədqiqatları institutda 1950-ci ildə akademik M.M.Əliyevin rəhbərliyi ilə paleontologiya və stratiqrafiya şöbəsi açıldıqdan sonra sürətlə inkişaf etmişdir. Bu şöbənin tərkibində sonralar mezozoy, kaynozoy, paleozoy, mikrofauna və biogeokimya laboratoriyaları təşkil edilmişdir ki, bu laboratoriyalara görkəmli alimlər (M.M.Əliyev, Q.Ə.Əlizadə, Ə.Y.Xəlilov, C.M.Xəlilov, A.A.Əlizadə) rəhbərlik etmişlər. M.M.Əliyev mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin banisidir. Bu məktəb SSRİ-də Yura və Tabaşir stratiqrafiyası üzrə “Bakı Məktəbi” kimi məşhurlaşmışdı.

Paleontologiya və stratiqrafiya şöbəsinin əməkdaşları tərəfindən devon - dördüncü dövr çöküntülərinin dəqiq zonal stratiqrafik sxeması, paleofaunaların arxistratiqrafiyası öyrənilmişdir.

Bu məktəbin nümayəndələrindən biri olan akademik Akif Əlizadənin tabaşirin stratiqrafiya və paleontologiyası məsələlərinə aid tədqiqatları xüsusi maraq kəsb edir. Alimin çoxillik tədqiqatları əsasında Azərbaycanın tabaşir mollusk faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır. Heç də təsadüfi deyil ki, elm dünyası tabaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin elmi xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi - “Akifibelidlər” adlandırılmışdır.

Geologiya və Geofizika İnstitutunun yaradılması və inkişafı Azərbaycanın neft və qaz sənayesinin inkişafının geniş vüsət alması ilə üst-üstə düşdüyündən və institutun fəaliyyətinin prioritet istiqamətləri xalq təsərrüfatının bu aparıcı sahəsinin inkişaf xüsusiyyətləri ilə müəyyən edilirdi. Belə bir şəraitdə institutda elm aləmində tanınmış Azərbaycanın neftçi-geoloqlar məktəbi formalaşmışdır.

Görkəmli alimlərin böyük töhfələr verdiyi neft-qaz geologiyası və geokimyası sahəsi bu gün də institutun prioritet elmi istiqaməti olub; F.H.Dadaşov, İ.S.Quliyev, A.A.Əliyev, Ə.Ə.Feyzullayev və başqaları tərəfindən uğurla davam etdirilir. Azərbaycanda neft və qaz ehtiyatları proqnazlaşdırılmış, kəşfiyyat işlərinin aparılması üçün perspektiv stratiqrafik komplekslər və rayonlar müəyyənləşdirilmiş və kəşfiyyat işləri üçün təklif edilmişdir. Bu illərdə institutun alimləri tərəfindən “Azərbaycan SSR-in neft-qaz yataqları və perspektiv struktur xəritəsi” hazırlanaraq nəşr edilmişdir. Bu xəritə Azərbaycan ərazisinin və Xəzərin akvatoriyasının yeni geoloji neft-qaz rayonlaşdırılması nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyırdı. İnstitutun dünya əhəmiyyətli Neft Daşları, Azəri, Çıraq, Günəşli, Şahdəniz, Bahar, Xərə-Zirə və s. kimi neft-qaz yataqlarının kəşf edilməsində və işlənilməsində rolu böyükdür. Geologiya və Geofizika İnstitutu alimlərinin təcrübəsi və Azərbaycan ərazisində neft-qaz geologiyası sahəsində apardıqları elmi tədqiqatların nəticələrinin neft və qaz axtarış strategiyasının təyin edilməsində müstəsna dərəcədə faydalı olmuşdur.

Cənubi Xəzər hövzəsinin timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin institutda aparılan tədqiqatlarının nəticələri mütəxəssislər tərəfindən tanınmışdır. Neftçi-geoloqlar tərəfindən generasiyanın ekstremal sürətləri və miqyasları, sürətli çökmə şəraitində karbohidrogenlərin miqrasiyası və toplanması müəyyən edilmiş; hövzə modelləşdirilməsi, geokimyəvi və izotop tədqiqatlar aparılmış, karbohidrogenlərin generasiyası və saxlanmasının geniş diapazonu və dərinlik hədləri (16-18 km-ə qədər) aşkar edilmişdir; çökmənin ekstremal templərində lay və məsamə təzyiqləri və temperaturlarının formalaşma modelləri yaradılmışdır; sıxlaşmanın azaldığı regional zonalar və subvertikal geoloji cisimlər müəyyən edilmişdir. Geologiya və Geofizika İnstitutu Xəzər dənizinin qaz rejiminin öyrənilməsində geokimyəvi tədqiqatlarının əsaslarının və metodologiyasının hazırlanması, sualtı palçıq vulkanlarının və qaz hidratların kəşfində də lider mövqeyində olmuşdur. 2003-cü ildə Geologiya İnstitutunun tərkibinə daxil olmuş Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda dünyada tanınmış elmi məktəb yaradılmışdır. Bu elmi məktəbə uzun illər SSRİ EA-nın müxbir üzvü, AMEA-nın həqiqi üzvü M.T.Abasov rəhbərlik etmişdir. Burada müxtəlif tipli neft və qaz yataqlarının işlənilməsinin nəzəri əsasları yaradılmışdır.

Azərbaycan ərazisində geniş yayılmış palçıq vulkanlarının neft və qazlılıqla əlaqəsinin öyrənilməsi yeni palçıq vulkanizmi məktəbinin yaranmasına səbəb olmuşdur. Bu məktəbin təşəkkül tapmasında Ə.Yaqubov, A.Əliyev, R.Rəhmanov, Y.Hacıyev, İ.Quliyev və başqalarının böyük əməyi vardır. İlk növbədə, palçıq vulkanizminin klassik tədqiqatları, o cümlədən güclü püskürmələrin ətraflı təsviri, vulkan məhsullarının - brekçiyanın, qazın, suyun və neftin həcmi qiymətləndirilmiş, vulkanların püskürmə kataloqları yaradılmış, onların morfogenetik təsnifatı işlənilmiş, püskürmə məhsullarının müfəssəl izotop-kimyəvi tədqiqatları aparılmışdır. Palçıq vulkanizminin neft və qaz yataqlarının formalaşma prosesləri ilə bağlılığı, palçıq vulkanizmi ilə seysmiklik arasında paragenetik əlaqələr aşkar edilmişdir. AMEA Geologiya və Geofizika və Almaniyanın Təbii Resurslar institutları birlikdə Azərbaycan palçıq vulkanlarında apardıqları monitorinq nəticəsində palçıq vulkanı qazlarının “greenhouse effecti” mexanizmindəki rolu qiymətləndirilmişdir.

Geologiya və Geofizika İnstitutunun yaranma tarixindən bu günə kimi regional geologiya, geotektonika və neotektonika sahələrində olduqca əhəmiyyətli tədqiqatlar aparılmışdır (V.Y.Xain, Ə.Ş.Şıxəlibəyli, F.S.Əhmədbəyli, A.C.İsmayılzadə, M.Rüstəmovun və b.). Bu istiqamətdə müxtəlif illərdə tərtib edilmiş Azərbaycanın geoloji, geotektonik, geodinamik, paleotektonik, geomorfoloji, neotektonik, metallogenik və Qafqazın, Xəzər dənizinin və Avropanın beynəlxalq tektonik xəritələrini xüsusi qeyd etmək lazımdır. Regional geologiya sahəsində Azərbaycanın iri struktur elementlərinin öyrənilməsi, müasir tektonik proseslərin və neotektonik hərəkətlərin neft-qazlılıq və seysmikliklə qarşılıqlı əlaqələri problemləri üzrə əldə edilmiş nəticələr diqqətəlayiqdir. Hazırda regional geologiya üzrə yerin geodinamik təkamülünün müasir modellərinin işlənib hazırlanması, sekvens-stratiqrafiya, karbohidrogen rezervuarlarının arxitekturası, təbii və antropogen amillərin hidrosferə təsirlərinin sistemli təhlili istiqamətində tədqiqatlar davam etdirilir.

Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi ənənəvi olaraq institutun əsas istiqaməti sayılır. Metallogenik və petroloji tədqiqatların aparılmasında institutun və bu qurumla müştərək elmi-tədqiqat işləri aparan Bakı Dövlət Universiteti alimlərinin rolu böyük olmuşdur.

Azərbaycan Uralı sayılan Daşkəsən filiz rayonunun və Kiçik Qafqazın kolçedan yataqlarının öyrənilməsi akademik M.Ə.Qaşqayın adı ilə bağlıdır. Kiçik Qafqazın şimal-şərq yamacının geologiyası və petroqrafiyasını öyrənən digər görkəmli tədqiqatçı akademik Ş.Ə.Əzizbəyov bu ərazinin metallik faydalı qazıntılara perspektivli olmasını göstərmişdir. Dağlıq Qarabağ ərazisi də tədqiqatçıların daimi diqqət mərkəzində olmuşdur. Struktur cəhətdən Kiçik Qafqazın Somxit-Qarabağ və Göyçə-Həkəri qırışıqlıq zonalarının bir hissəsini əhatə edən bu ərazidə polimetal, kükürd və mis kolçedanı, xüsusən son onilliklərdə qızıl və mis-porfir yataqlarının açılmasında Ə.D.Kərimovun, R.N.Abdullayevin, Ə.Ş.Şıxəlibəylinin, T.M.Məmmədovun, L.V.Zaytsevanın, R.X.Rəfibəylinin, Ə.Ə.Bayramovun və b. adlarını çəkmək olar.

1959-cu ildən etibarən Böyük Qafqazın Cənub yamacında unikal Filizçay və digər kolçedan-polimetal yataqlarının (Katex, Kasdağ, Mazımçay və b.) açılması sonradan bu ərazini qurğuşun və mis üçün çox perspektivli Balakən-Şəki kolçedan daşıyan filiz əyaləti olduğunu göstərmişdir (C.C.Mazanov, T.H.Hacıyev, M.P.Yolçiyev, İ.M.İbrahimov).

Qafqazın geologiyasının öyrənilməsinə əsas töhfə - Kiçik Qafqazın ofiolit yataqlarının kəşfi və tədqiqatı, regionun geodinamik inkişafında onların rolunun aşkarlanması, Saatlıda çox dərin geoloji-kəşfiyyat quyusunun və regionun geoloji-geofiziki və geokimyəvi tədqiqatlarının materialları əsasında Kür dağarası çökəkliyinin geoloji quruluşunun və inkişaf tarixinin tədqiqidir.

“Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənilməsi və tətbiqi” Tədbirlər Planı isə Nazirlər Kabinetinin 23 yanvar 2008-ci il tarixli 22 saylı sərəncamı ilə təsdiq olunub. Bu sənəd çərçivəsində professor Ç.Qaşqayın rəhbərliyi ilə Azərbaycanda ilk dəfə geotexnologiya elminin əsas prinsipləri üç qızıl yatağında sınaqdan keçirilmişdir.

Geologiya və Geofizika İnstitutunda yaranan görkəmli məktəblərdən biri də geofizika məktəbidir. Bu məktəbin yaranması Moskva şəhərinin universitet və institutlarında təhsil almış alimlərin Ş.Rəhimov (seysmologiya), R.Hacıyev (Yerin qravitasiya sahəsi), T.İsmayılzadə (Yer maqnetizmi), F.Quliyev (seysmologiya), T.A.Zolotovitskaya (radiometriya), Ş.Ə.Balakişibəyli (Yer süxurlarının yüksək təzyiq və temperatur şəraitindəki fiziki xassələri) və başqalarının adı ilə bağlıdır. İnstitutda seysmologiya və geodinamika, qravimetriya, radiometriya, maqnitometriya, geotermiya və süxurların fiziki xassələrinin öyrənilməsi istiqamətində bir çox mühüm nəticələr əldə edilmişdir.

Azərbaycanda seysmologiya elminin inkişafında V.N.Veber, N.V.Malinovski, E.İ.Byus, Y.Rizniçenko kimi alimlərin böyük rolu olmuşdur. Azərbaycan ərazisinin seysmikliyinin öyrənilməsinə dair V.P.Kuznetsov, F.T.Quliyev, R.A.Ağamirzəyev, Z.Z.Sultanova, Ə.B.Ağalarova, K.Ş.İslamov, İ.H.Kərimov, F.S.Əhmədbəyli, O.B.Babazadə, A.H.Həsənov, Q.C.Yetirmişli, B.M.Pənahi, R.İ.Həsənov, C.H.Cəfərov, S.T.Ağayeva, Q.R.Babayev, T.Y.Məmmədov və başqaları tərəfindən maraqlı tədqiqatlar aparılmışdır. Bu yaranmış məktəbin bazasında sonralar Respublika Seysmoloji Xidmət Mərkəzi təşəkkül tapmışdır.

Yerin qravitasiya sahəsinin məkan-zaman qanuna uyğunluqlarının, daxili quruluşunun və dinamik proseslərin öyrənilməsi professor R.M.Hacıyevin adı ilə bağlıdır. R.M.Hacıyevin bilavasitə rəhbərliyi ilə geodinamik poliqonlarda tədqiqatlara başlanılmış qravitasiya sahəsinin qabarmayan variasiyalarının qanunauyğunluqları müəyyənləşdirilmişdir. Sonrakı tədqiqatlarda Azərbaycan ərazisinin qravitasiya anomaliyalarının Hartley çevirməsi tətbiq edilərək ədədi interpretasiya metodu hazırlanmış, Azərbaycan ərazisinin 2D və 3D qravitasiya modeli tərtib edilərək və regional qravitasiya anomaliyaları geoloji interpretasiya edilmışdir. Rusiya alimləri ilə birlikdə tərtib edilən Xəzər regionunun Buqe qravitasiya anomaliya xəritəsi də böyük praktik əhəmiyyət daşıyır (M.İ.Lodjevski, F.Qədirov).

AMEA Geologiya və Geofizika İnstitutu Yer Fizikası seksiyası 1998-ci ildən başlayaraq Massaçusets Texnologiyalar İnstitutu (ABŞ) ilə birlikdə GPS monitorinq şəbəkəsinin yaradılması və Yer qabığının üfüqi hərəkətlərinin öyrənilməsi istiqamətində işlər aparır (F.Qədirov, R.Reilinger). Hazırda Azərbaycanda 46 GPS stansiyasından ibarət geodinamik şəbəkə təşkil edilmişdir. Qafqaz-Xəzər regionunun Yer qabığı müasir hərəkətlərinin GPS monitorinqi, müasir kinematikası, dərinlik quruluş modelləri, zəlzələ mexanizmlərinin və qırılmaların tədqiqi nəticəsində əldə edilən yeni məlumatlardan istifadə olunaraq Qafqaz plitəsinin mövcudluğu və müasir dövrdə saat əqrəbinin əksi istiqamətində dönməsi müəyyənləşdirilmiş və Azərbaycan ərazisinin plitə tektonikası konsepsiyasına əsaslanan yeni geodinamik modeli təklif edilmişdir.

Paleomaqnetizm sahəsində professor T.Ə.İsmayilzadənin apardığı paleomaqnit tədqiqatları və plitələrin rekonstruksiya modelləri böyük əhəmiyyət daşıyırdı və bununla da institutda Yer maqnetizminin öyrənilməsinin əsası qoyulmuşdur. Sonrakı tədqiqatlarla Azərbaycan ərazisi fanerozoyunun dayaq maqnitostratiqrafik şkalası qurulmuş, paleomaqnit məlumatların təhlilinə əsaslanaraq tabaşir dövründə Böyük və Kiçik Qafqaz ərazilərində müxtəlif geostrukturların dinamikasının kinematik parametrləri təyin edilmişdir (M.İsayeva, A.Xələfli).

Yer fizikası seksiyasının elmi fəaliyyət istiqamətlərində radioaktivlik, radioaktiv sahələrin geoloji quruluşla əlaqəsinin öyrənilməsi, neft-qazlı ərazilərin radiometriyası və neft-qaz yataqlarının birbaşa radiometrik üsulla axtarışı, dərin qırılmaların aktivliyinin qiymətləndirilməsi və ekoloji geologiya problemləri əsas yerlərdən birini tutur (T.Zolotovitskaya, Ç.Əliyev). Azərbaycanda tibbi geologiya problemlərinin öyrənilməsi məqsədilə Azərbaycan ərazisi üçün “Radonun həcmi aktivliyinin paylanma xəritəsi”nin tərtib edilməsi olduqca əhəmiyyət daşıyır.

“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” üzrə Geologiya və Geofizika İnstitutunda alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə dünyanın bir sıra ölkələrində tətbiq edilən layihələrdən biri olan istilik nasosları haqqında məlumat bazası yaradılmış və bunların Azərbaycanda tətbiqi perspektivləri araşdırılmışdır (A.Ş.Muxtarov). Eləcə də geotermal enerjinin tətbiqi zamanı istifadə olunması məqsədilə Azərbaycanın termal su mənbələri və onların geotermal enerji resursları haqqında məlumat bazası yaradılmışdır.

Geologiya və Geofizika İnstitutunun tərkibinə 24 elmi-tədqiqat şöbəsi, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzi, Elmi cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi, H.Zərdabi adına Təbiət-tarixi muzeyi daxildir. 1945-ci ildə institutun tərkibinə H.Zərdabi adına Təbiət-tarixi muzeyi daxil edilmişdir. Bununla paleontoloji tədqiqatların sahəsi genişlənmiş, Binəqədi Qır gölü ilə yanaşı, Eldar düzənliyində, Mingəçevir rayonunda (Bozdağ, Duzdağ), Qarabağda Azıx və Tağlar mağaralarında, Abşeronda Pirəküşkül kəndi, Xırdalan qəsəbəsi ətrafında geoloji axtarış, elmi-tədqiqat işləri aparılmışdır. H.Zərdabi adına Təbiət-tarixi muzeyinin fəaliyyəti, kadrların hazırlanması, Binəqədi Dördüncü dövr onurğalılar faunasının öyrənilib təbliğ edilməsi və s. muzeyin ilk müdiri Rəhimbəy Cəfərovun adı ilə bağlıdır. R.Cəfərovun əsas elmi fəaliyyəti dünya şöhrətli Binəqədi Dördüncü dövr onurğalı heyvanların öyrənilməsinə həsr olunmuş və Binəqədi pleystosen fauna və flora qalıqlarının öyrənilməsi sahəsində dünya şöhrəti qazanmışdır (R.Cəfərov, N.Burçak-Abramoviç, F.Axundov, N.Ələkbərova və b.). Bu tədqiqatların nəticələri muzeyin 12 cildlik “Əsərlər”ində və bir neçə monoqrafiyada əksini tapmışdır.

AMEA-nın müxbir üzvü, mərhum professor D.V.Hacıyevin 1968-1970-ci illərdə Dağlıq Qarabağın cənubunda aşkar edilmiş qədim insan məskəninin öyrənilməsində və dünya miqyasına qaldırılmasında böyük rolu olmuşdur. O, Azıx mağarasının 5-ci təbəqəsində aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub olduğunu, həmin təbəqədə tapılan ibtidai insanın alt çənəsi isə 20-22 yaşlı qadına məxsus oluğunu təsdiqləmişdi. Tapıntı Azərbaycan Dövlət Tarix Muzeyinin Qızıl fondunda saxlanılır. Bu dövr ərzində H.Zərdabi adına Təbiət-tarixi muzeyin yaranmasını əks etdirən “Azərbaycan onurğalı fosil fauna qalıqlarının icmalı” kitabı nəşr edilmişdir (T.Həsənov, 2002).

AMEA Geologiya və Geofizika İnstitutu 1990-cı ildən başlayan çətin dövrdə də öz elmi potensialını qorumağı bacarmışdır. İnstitutun direktoru, akademik A.Əlizadənin uzaqgörənliyi sayəsində beynəlxalq əlaqələrin qurulmasına böyük diqqət yetirilmiş, bir çox neft şirkətləri ilə müqavilələr imzalanmış və müxtəlif beynəlxalq qrant fondlarında iştiraka nail olunmuşdur. Beləliklə, institut aktiv şəkildə beynəlxalq inteqrasiya əlaqələrinə, müxtəlif proqram və layihələrin həyata keçirilməsinə qoşulmuşdur. Bu isə institutun cihaz və avadanlıq parkının yüksək dəqiqlikli analitik cihaz və ölçü alətləri ilə, Yerin fiziki sahələrini öyrənmək üçün yeni avtomatlaşdırılmış stansiyalarla təmin edilməsinə imkan yaratmışdır.

Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra beynəlxalq elmi əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsi və yeni texnologiyalardan istifadə olunma imkanın yaranması ilə fundamental tədqiqatlarda yeni dövr başlamış və institut dünya geoloji elminə sürətli inteqrasiya etmişdir. Bu proses 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə daha da intensiv şəkil almışdır. Dünyanın nəhəng neft şirkətləri ilə müştərək tədqiqatların aparılması, bu şirkətlərin elmi mərkəzlərinə səfərlər, beynəlxalq əməkdaşlığın xarakterini və inkişaf tempini köklü sürətdə dəyişdirdi. “British Petroleum-Statoil”, “Exxon”, “Shell”, “Amoko”, “Mobil”. “Yunokal”, “Texaco”, “Philips”, “Total”, “Elf”, “Aqip” kimi nəhəng beynəlxalq neft şirkətləri ilə uzunmüddətli birgə işləri beynəlxalq elmi məkana sıçrayış adlandırmaq olar. Bu müddət ərzində geologiya, paleontologiya və stratiqrafiya, neft və qazın geokimyası, geofizika və geodeziya üzrə 50-dən çox elmi layihə yerinə yetirilmişdir. Müştərək ekspedisiya işləri xarici elmi mərkəzlərdə və universitetlərdə aparılan sonrakı analitik və interpretasiya tədqiqatları bir tərəfdən qərb ölkələrində aparılan elmi tədqiqatlarda tətbiq edilən yeni metodlara, kompüter proqramlarına və standartlara tez adaptasiya olunmağa, digər tərəfdən isə milli elmi kadrların hazırlanmasını sürətləndirməyə imkan vermişdir. Məhz bu dövrdə elmi tədqiqatlarla yanaşı qərb cəmiyyətinin Azərbaycanın elmi, mədəniyyəti və təbii ehtiyatları ilə tanış edilməsi üzrə səy göstərildi. Bununla əlaqədar olaraq Geologiya və Geofizika İnstitutu və dünya şöhrətli “Britaniyanın təbiət tarixi muzeyi” ilə birgə BP şirkətinin sponsorluğu ilə təşkil olunmuş “Müqəddəs odlar ölkəsi” adlı sərginin əhəmiyyətini qiymətləndirməmək olmaz. Eksponatları Azərbaycan təbiəti, tarixi, mədəniyyəti və elmindən bəhs edən bu sərgiyə 2 il müddətində bütün dünyadan yüz minlərlə insan gəlmişdir. Qərb şirkətləri ilə aparılan birgə işlər qərb universitetləri ilə müştərək tədris proqramlarının inkişafına da təkan vermişdir.

1998-ci ildən etibarən Geologiya və Geofizika İnstitutu “Soros”, “İntas”, NATO”, “CRDF”, Ukrayna Elm Fondu UNTS, ABŞ Elm Fondu NSF və başqa tanınmış fondların qrant layihələrində iştirak etmişdir. İnstitutun beynəlxalq aləmdə fəaliyyəti eyni zamanda xarici elmi sessiyalar və konfranslarda, komissiya və komitələrdə iştirak, birgə geoloji və geofiziki ekspedisiyaların təşkili, görkəmli alimlərin bir çox dünya elm mərkəzlərində mühazirə aparmaqları, bir çox ölkələr üçün elmi kadrların hazırlanması və inkişaf etmiş ölkələrin elm mərkəzlərində kadrların təcrübə keçməsi şəklində də aparılmışdır.

Geologiya və Geofizika İnstitutunun gələcək inkişafı ən yeni fundamental və texnoloji nailiyyətlərin tətbiqinə əsaslanmışdır. İnstitutun eksperimental bazası yeni geofiziki aparatura, rəqəmli telemetrik seysmik stansiyalar, presezion qravimetrlər, yüksək dəqiqliyi ilə seçilən GPS və digər geodezik cihazlarla yeniləşmişdir. Tanınmış BSİ-in spectorate (Böyük Britaniya) analitik firması ilə bağlanmış müqavilə əsasında institutda qazların, neftlərin və onların emal məhsullarının analizi ilə məşğul olan müasir geokimyəvi laboratoriya fəaliyyət göstərir. Bundan əlavə, Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft Şirkəti müəssisələrinin birlikdə iştirakı ilə Azərbaycan Respublikası Dövlət Proqramı hesabına maliyyələşdirilən “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı” çərçivəsində tədqiqatlar aparılmış və mühüm nəticələr əldə edilmişdir.

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə AMEA Geologiya və Geofizika İnstitutunda müvafiq təşkilatların (AMEA, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi) iştirakı ilə Azərbaycanda əhalinin radon təhlükəsizliyi probleminin milli strategiyası hazırlanmış və yerinə yetirilmişdir.

Geologiya və Geofizika İnstitutunda aparılan elmi tədqiqatlar sahə institutları geoloqlarının apardıqları kəşfiyyat işlərinin nəzəri əsasını təşkil edir. İnstitut bir çox elmi-tədqiqat işlərini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə aparmışdır. Geologiya və Geofizika İnstitutunun və sahə institutlarının birgə fəaliyyəti nəticəsində respublika ərazisində bir neçə iri neft və qaz, faydalı filiz və qeyri-filiz yataqları kəşf edilmişdir. Qeyd edim ki, AMEA Geologiya və Geofizika İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm fondu ilə sıx əməkdaşlıq edir.

Hazırda institutda 3 seksiyada 22 şöbə fəaliyyət göstərir və burada 415 əməkdaş çalışır. AMEA-nın Geologiya və Geofizika İnstitutunda 200 elmi işçi işləyir ki, onlardan 6 nəfəri AMEA-nın həqiqi üzvü, 4 nəfəri AMEA-nın müxbir üzvü, 31 nəfəri elmlər doktoru, 60 nəfəri fəlsəfə doktorudur. Bu gün Geologiya və Geofizika İnstitutu dünyanın aparıcı elmi mərkəzləri - Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Miçiqan universitetləri, Massaçusets Texnologiya İnstitutu (ABŞ), Birmingem və Aberdin universitetləri (Böyük Britaniya), Toronto Universiteti (Kanada), Yer Fizikası İnstitutu (REA), Geologiya İnstitutu (REA), Pyer və Mari Küri Universiteti və Neft İnstitutu (Fransa), Karlsrue və Hannover universitetləri (Almaniya), Sofiya Universiteti (Bolqarıstan), İstanbul və Ankara universitetləri (Türkiyə), Moskva Dövlət Universiteti (Rusiya), Paviya, Bikokka və Boloqna universitetləri (İtaliya), İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu və b. ilə elmi əməkdaşlıq edir.

80 il ərzində AMEA-da geologiya və geofizika sahəsində dünya geologiya elmini zənginləşdirən bir sıra elmi və tətbiqi nəticələr əldə edilmişdir. Bu elmi nəticələrin bir çoxu monoqrafiya, xəritə və atlaslarda öz əksini tapmışdır. İnstitutun alimləri tərəfindən çoxcildli rus dilində “Qeoloqiə Azerbaydjana”, üçcildli azərbaycanca, “Azərbaycanın Geologiyası”, Avropanın məşhur “Springer” nəşriyyatında çap edilən ikicildli “Geosciences of Azerbaijan”, Moskva “Nedra” nəsriyyatında çap edilən ikicildli “Produktivnaə tolha Azerbaydjana” monoqrafiyaları, Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş “Dünyanın palçıq vulkanları atlası”, rus dilində “Elm” nəşriyyatında çap edilmiş “Atlas rudnıx mestorojdeniy Azerbaydjana”, azərbaycanca və rusca “Azərbaycan mineralları” kimi əsərlər də elm aləminə təqdim edilmişdir.

1992-ci ildən (Azərbaycan Ali Attestasiya Komissiyasının yaranma dövrü) institutda iki “Neft və qaz yataqlarının geologiyası, geofizikası və geokimyası” və “Geotektonika, paleontologiya və stratiqrafiya” kimi doktorluq müdafiə şuraları fəaliyyət göstərmişdir. Hazırda Geologiya və Geofizika İnstitutunda “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları”, “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”və “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisasları üzrə doktorluq dissertasiya şuraları fəaliyyət göstərir.

Bu gün Geologiya və Geofizika İnstitutu bir çox fundamental və tətbiqi xarakterli tədqiqatları həyata keçirən iri beynəlxalq elmi mərkəzdir. Burada neft geologiyası, palçıq vulkanizmi, paleontologiya və stratiqrafiya, litologiya, geofizika, geotektonika və geodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində elmi məktəblər yaranmışdır. Elmi nailiyyətlərin və təcrübənin nəsildən-nəslə ötürülməsi nəticəsində geologiya və geofizika, neft yataqlarının istismarı və işlənilməsi sahəsində yaranmış fundamental və tətbiqi araşdırmalar aparan məktəblər qorunub saxlanılmışdır. İnstitut haqlı olaraq elmi ictimaiyyət tərəfindən qəbul edilmiş elmi məktəbləri və fundamental nəticələri ilə fəxr edir.

İnstitut alimləri geologiya elmi sahəsində kadr hazırlığını özünün ən əsas vəzifələrindən biri hesab edir. Belə ki, institutun alimləri Bakı Dövlət və Azərbaycan Neft və Sənaye universitetlərində mühazirələr aparırlar. Bu universitetlərlə inteqrasiya şəraitində institut daima gənc geoloqlarla kadr potensialını təmin etmiş və bu gənclərdən bir çoxu aspiranturanı bitirərək müstəqil elmi fəaliyyətə başlamışdır. Elm və təhsilin inteqrasiyasının vacibliyi şəraitində Bakı Dövlət Universiteti ilə bağlanmış müqavilə əsasında Geologiya İnstitutunda Seysmologiya və Yer təkinin fizikası kafedrasının filialı və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə bağlanmış müqaviləyə əsasən Neft və qazın geologiyası baza kafedrası fəaliyyət göstərir. İnstitut doktorantura və dissertantura yolu ilə həm respublikadakı və həm də MDB ölkələrindəki bir çox elmi müəssisələr üçün elmi kadr hazırlamışdır. İnstitut alimlərinin elmi nailiyyətləri dəfələrlə Lenin, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatlarına layiq görülmüşdür. Ə.N.Əlixanov dəniz neft yataqlarının kəşfi və istismarına görə Lenin mükafatına (1961), Ə.Ə.Yaqubov “Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” elmi işinə görə (1942), bir sıra dəniz neft yataqlarının kəşfi və istismarına görə (1951) SSRİ Dövlət mükafatına, Ə.Ə.Əlizadə yeni neft yataqlarının kəşfi və istismarına görə (1943), kiçikölçülü elektrik perferatorunun işlənilməsinə görə (1946) SSRİ Dövlət mükafatına, M.T.Abasov, Y.M.Kondruşkin, F.Q.Orucəliyev, Ç.Ə.Sultanov Azərbaycan SSR-in qaz-kondensat yataqlarının qiymətləndirilməsi və işlənilməsinin layihələndirilməsinin elmi metodlarının yaradılması və tətbiqinə görə (1982) Azərbaycanın Dövlət mükafatına, Ş.F.Mehdiyev, Z.Ə.Bünyatzadə, F.H.Dadaşov Azərbaycan SSR-in neft-qaz və perspektiv struktur yataqlarının xəritəsinə görə (1988) Azərbaycanın Dövlət mükafatına, A.Əlizadə, M.M.Əliyev, Q.Ə.Əliyev, Xəlil Əliyulla, Ə.H.Xəlilov, R.H.Məmmədzadə Mezozoyun palentologiyası və stratiqrafiyası üzrə aparılan işlərə görə (1991) Azərbaycanın Dövlət mükafatına layiq görülmüşlər.

AMEA Geologiya və Geofizika İnstitutu alimlərinin müstəqillik dövründə qazandıqları elmi nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. İnstitutun əməkdaşları İ.S.Quliyev, F.H.Dadaşov, Ə.Ə.Feyzullayev, A.A.Əliyev, E.H-M.Əliyeva 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə müstəqil Azərbaycan Respublikasının ilk Dövlət Mükafatı Laureatı adına, institutun əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov isə elm sahəsində gənclər üçün ilk Prezident mükafatına layiq görülmüşlər. İnstitutun bir çox əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Prezident təqaüdünə və fəxri adlara layiq görülmüş, orden və medallarla təltif edilmişlər.

Geologiya və Geofizika İnstitutunun gələcəkdə qarşısında duran əsas vəzifə dünya geologiya elminə inteqrasiyanı gücləndirmək və regionda geologiya elmindəki qabaqcıl mövqeyini qorumaqdan ibarətdir. İnstitut əməkdaşları gələcəkdə də elmi tədqiqatlarda yeni geofiziki üsullar və müasir texnologiyalar tətbiq edərək yeni neft-qaz yataqlarının və faydalı qazıntıların axtarışı, kosmik texnologiyalar bazasında geoloji təhlükəli proseslərin öyrənilməsi ilə Azərbaycanın sosial-iqtisadi inkişafına həmişəki kimi öz töhfəsini verəcəkdir.

Fəxrəddin QƏDİROV,

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik.

"Azərbaycan" qəzeti. 15 noyabr  2018-ci il.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015