AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ-də qadın zorakılığına qarşı tədbir keçirilib
Dek 06, 2018 | 09:34 / Konfranslar, iclaslar
Oxunub 419 dəfə

 AMEA akademik H.Ə.Əliyev adına  Coğrafiya İnstitutu Qadınlar Şurasının təşkilatçılığı ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Cəmiyyətimizdə qadın zorakılığı qəbuledilməzdir”! mövzusunda  tədbir keçirilib.

Tədbirdə AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, büro üzvləri, eləcə də AMEA-nın institut və təşkilatlarından dəvət olunmuş qadın şuralarının sədr müavinləri və büro üzvləri, Cİ QŞ-nın üzvləri  iştirak ediblər.

Tədbir iştirakçılarına qadın zorakılığına qarşı mübarizənin rəmzi sayılan ağ lent paylanıb. Coğrafiya İnstitutu  Qadınlar Şurasının sədri Luiza Salayeva  mövzuya giriş olaraq Azərbaycanda qadın zorakığılığına qarşı  KİV və DİN-in kriminal xronikası əsasında hazırlanmış 3 dəqiqəlik videoçarxı təqdimedib. Filmin  nümayişindən sonra şura sədri tədbirin keçirilməsinin əhəmiyyətindən, qadın zorakılığının istənilən dövrdə və istənilən ölkədə cəmiyyət üçün bir bəlaya çevrildiyindən söhbət açıb.

Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşı, f.ü.f.d. Zeynəddin Şabanov  “Müasir dövrdə zorakılıq və ayrı-seçkilik hallarının aradan qaldırılması prioritet məsələdir” mövzusunda məruzə ilə çıxış edərək,  iştirakçıları Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunla tanış edib, qadına qarşı zorakılığın hüquqi tərəfləri, BMT-nin insan hüquqlarinin müdafiəsi mexanizmləri, qadınlara qarşi ayri-seçkiliyin bütün formalarının ləğvi üzrə konvensiya haqqinda məlumat verib.

Coğrafiya İnstitutunun elmi işçisi Solmaz Rzayeva “Qadın zorakılığının QİÇS-ə gedən yolu” mövzusundakı məruzəsində bildirib ki, cinsi zorakılıq qadını QİÇS kimi cinsi yolla keçən infeksiyalarla yoluxma riski ilə üz-üzə qoyur, cinsi zorakılığın qurbanları sağlamlıq problemləri ilə bağlı müxtəlif psixoloji və emosional pozğunluqlar yarana bilir, onların  təxminən on üç faizi özünə sui-qəsdə cəhd edir.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d. İradə Zarqanayeva “Gender islam işığında” mövzusu ilə çıxış edərək, xalqımızın milli-mənəvi dəyərlərinin həm də islam dəyərləri ilə bağlı olduğunu, İslam dininin qadın hüquqlarına böyük önəm verdiyini və hər cür zorakılığın əleyhinə olduğunu diqqətə çatdırıb, dini maarifləndirmə işlərinin aparılmasını ön plana çəkib.

Professor R.Mirzəzadə çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib. Şura sədri  tədbirin yüksək səviyyədə təşkilinə görə Coğrafiya İnstitutunun Qadınlar Şurasına təşəkkürünü bildirib, bu qurumun AMEA institutları arasında öndə getdiyini diqqətə çatdıraraq Luiza Salayevanın əməyini  xüsusilə qeyd edib.

Cİ Həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev,  Fəlsəfə İnstitutunun əməkdaşı, f.ü.f.d. Mətanət Şəkixanova,  Dilçilik İnstitutunun əməkdaşı, d.ü.f.d. Lalə Qurbanova  və digərləri mövzu ətrafında fikir bildirərək qeyd ediblər ki, bəzi hallarda  qadınlara qarşı zorakılıq onların bir çoxunun  öz hüquqlarını bilməməsi səbəbindən irəli gəlir. Erkən nikahların qadın zorakılığının əsas səbəblərindən biri olduğu, gənc yaşlarda ailə qurmuş qızların əksər hallarda təhsildən, məktəbdən uzaqlaşdıqları və bütün bu halların qadın zorakılığına şərait yaratdığ diqqətə çatdırılıb. Həmçinin  qadın zorakılığının qarşısının alınmasında, ictimai rəyin formalaşdırılmasında KİV-lərin, xüsusilə də televiziyanın rolu  xüsusilə  vurğulanıb.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015