AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Palçıq vulkanizminin xüsusiyyətlərinə dair məruzə dinlənilib
Dek 14, 2018 | 10:05 / Konfranslar, iclaslar
Oxunub 302 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi seminarında  dosent Elxan Məmmədbəyovun dosent Səidə Zeynalova ilə birgə hazırladığı “Palçıq vulkanizminin inkişaf etdiyi ərazi  geosistemlərinin struktur morfogenetik xüsusiyyətləri və onların ətraf ərazi landşaftlarına təsiri”  mövzusunda məruzəsi dinlənilib.Məruzəçi bildirib ki, tədqiqatından məqsəd Böyük Qafqazın cənub-şərq hissəsində palçıq vulkanlarının yayıldığı müxtəlif təbii ərazi komplekslərində aerokosmik metod və müasir kompüter proqramlarının köməyi ilə onların morfogenetik, hipsometrik, geokimyəvi və s. elementləri ilə ətraf geosistemləri arasındakı qarşılıqlı əlaqənin daha mükəmməl üsullarla aşkar edilməsi və iri miqyaslı (1:25000 və 1:100.000) xəritələrin  tərtib etməkdir.

Bu məqsədlə ərazinin müxtəlif landşaft tiplərində intensiv fəaliyyətdə  olan  palçıq vulkanlarının  (Daşgil, Şahqaya, Çapılmış, Çeyildağ, Torağay, Axtarma, Paşalı, Dəmirçi və s.) morfometrik parametrləri öyrənilmiş və ətraf ərazilərin landşaftlarına təsiri müəyyən olunmuşdur.

Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə, eləcə də infrastruktura təsiri araşdırılmışdır.  Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və digər vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. Bu barədə müvafiq qurumlara  mütəxəssislər tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq yaşayış evləri vulkanlara yaxınlaşmaqda davam edir.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi

 Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015