AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun əməkdaşı Zahid Əhmədov vəfat edib
Yan 29, 2019 | 02:04 / Mühüm hadisələr
Oxunub 147 dəfə

AMEA  Coğrafiya İnstitutunun əməkdaşı Zahid Əhmədov yanvarın 27-də faciəli şəkildə dünyasını dəyişib.

Zahid Məhəmməd oğlu  Əhmədov 1939-cu il  noyabrın 15-də Gürcüstanın Dmanisi rayonunun Şorşeled kəndində anadan olmuşdur.

1958-ci ildə Dmanisi rayonu Kiromisi kənd orta məktəbini gümüş medalla bitirmiş və həmin ilin noyabr ayında ordu sıralarına çağrılmışdır. 1961-ci ildə hərbi qulluqdan tərxis olunandan sonra Yeni Bakı Neftayırma zavodunda fəhlə işləmişdir. 1962-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olunmuş və 1967-ci ildə oranı bitirmişdir.

1967-1969-cu illərdə indiki Göranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində ingilis dili müəllimi işləmişdir.

1969-cu ilin oktyabr ayından ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyası akadrmik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışmış, Azərbaycan Coğrafiya Cəmiyyətinin “Coğrafiya və təbii resurslar” jurnalına redaktorluq etmişdir.

Zahid Əhmədov bədii yaradıcılıqla, elmi  redaktorluq, tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, bir sıra publisistik yazı və hekayələrin müəllifi olmuş, “Yarımçıq hekayələr” toplusunu çap etdirmişdir.  “Toxunulmaz müqəddəslər”, “Qəribə dünyamız, sirli dünyamız”, toplularını, yaponiyalı Reiko Ucidanın “Tufandan qabaq”, “Yamanlığın kökü”, “Ürəyini harayla” əsərlərini ingilis dilindən Azərbaycan dilinə, akademik Budaq Budaqovun “Avrasiyanın türk toponimləri” əsərini isə Azərbaycan dilindən ingilis dilinə çevirmişdir.

Özünün yazdığı kimi, onun maraq dairəsi – mütaliə, tərcümə, insan mənəviyyatı ilə bağlı publisistika, ən böyük istəyi – Azərbaycanı həmişə azad, və bütöv, insanlarını halal, məğrur və ləyaqətli görmək olub.

AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi və iş yoldaşları  Zahid Əhmədovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və əzizlərinə  dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015