AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ-də işçi qruplarının fəaliyyəti müzakirə edilib
Fev 11, 2019 | 10:03 / Konfranslar, iclaslar
Oxunub 357 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun akt zalında akademik Ramiz Məmmədovun sədrliyi ilə “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi İdarə Heyyətinin  iclası keçirilib.

Akademik R.Məmmədov gündəlikdə duran məsələləri elan etdikdən sonra  müzakirələrə başlanılıb. Əvvəlcə İctimai Birliyin ilkin variantda tərtib edilmiş loqosu və bukleti iclas iştirakçılarına təqdim edilib.  Təklif olunub ki, təşkilatın loqosunun hazırlanması  seçim imkanı əldə etmək üçün müsabiqə yolu ilə həyata keçirilsin. Coğrafiya İnstitutunun veb saytında müsabiqə və onun keçirilmə şərtləri haqqında məlumat verilməsi, eyni zamanda sosial şəbəkələr vasitəsilə geniş kütlələrə çatdırılması qərara alınıb.

Bəzi əlavələr və düzəlişlər edilməklə bukletin  təsdiq edilmək üçün gələn iclasın müzakirəsinə verilməsi diqqətə çatdırılıb. İştirakçılar həmçinin nəşrin ingilis və rus dillərinə tərcümə olunmasını məqsədəuyğun hesab ediblər.

Sonra “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinə fərdi və qrup halında üzvlük haqqında təkliflər dinlənilib. Qərara alınıb ki, su ilə əlaqədar olan dövlət və qeyri-hökumət təşkilatlarına yeni yaranmış İctimai Birlik haqqında məlumat göndərilsin və onlar Birliyin üzvlüyünə dəvət edilsinlər. 

Müzakirə olunan növbəti məsələ Birliyin İşçi qruplarının fəaliyyəti haqqında olub. İşçi qruplarının rəhbərləri hazırladıqları iş planını təqdim edərək gördükləri işlər haqqında məlumat veriblər. İşçi qruplarının tərkibi, səlahiyyəti, vəzifələri, iş planlarının tərtibi haqqında müzakirələr aparılıb, fikir  bildirilib, konkret təkliflər irəli sürülüb. Bildirilib ki, İctimai Birliyin əsas vəzifəsi insanları sudan istifadə sahəsində maarifləndirmək, mütəxəssislərin biliklərinin artırılmasına kömək etməkdən ibarətdir. Bu məqsədlə  kursların, “dəyirmi masa” və seminarların təşkili, kütləvi informasiya vasitələrində uyğun publisist məqalələrin nəşri, mütəxəsslərin işçi qruplarının formalaşmasına kömək göstərmək məqsədəuyğun işlərdir.

Müxtəlif məsələlər sırasında su sahəsində normativ hüquqi aktların hazırlanması və  təkmilləşdirilməsi, su və su təchizatı qurğuları terminləri lüğətinin hazırlanması məsələləri də müzakirəyə verilib.

Qərara alınıb ki, gələn iclasa qədər “Dağlıq Qarabağın işğal olunmuş ərazilərində su resursları və su mənbələri” mövzusunda layihə hazırlanıb mütəxəssislərin müzakirəsinə təqdim edilsin.

Sonda c.ü.e.d., professor Fərda İmanov bu ilin iyun ayında su sahəsində nəzərdə tutulan konfransın  keçiriləcəyi barəsində məlumatı diqqətə çatdırıb.

 

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015