AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
YORULMAZ ELM YOLÇUSU
Fev 25, 2019 | 02:10 / Yubileylər
Oxunub 166 dəfə

Fevralın 25-də AMEA-nın prezidenti akademik Akif Əlizadənin 85 yaşı tamam olur. Azərbaycan elmi ictimaiyyəti akademikin yubileyini fərəhlə qeyd edir. Yubilyar özü bu cür təntənələri təqdir etməsə də, görünən odur ki, ölkəmizdə alim, rəhbər, qayğıkeş insanın əməyinə hörmət və məhəbbət böyükdür.

1976-cı ildən AMEA-nın Geologiya İnstitutuna (indiki Geologiya və Geofizika İnstitutu), 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edən Akif Əlizadənin nüfuzu geniş coğrafiyanı əhatə edir. Haqqında kifayət qədər çəkiliş, yazılı, elektron və çap məlumatları toplanıb. Həmkarları, tanışları Akif müəllimi hər gün görməsələr də yaddaşlarına onun gülərüz, nikbin, qayğıkeş, daim şux, mənən saf, ağayana, cismən sağlam insan kimi özəl portreti həkk olunub.

Elmlər Akademiyasının 10-cu prezidenti zəngin şəcərəyə malikdir, nəcib nəsildəndir - az adam tapılar ki, bunu bilməmiş olsun. Sirr deyil ki, müasir insanın, illah da rəhbər işçinin nüfuzu onun cəmiyyət naminə gördüyü səmərəli və xeyirxah işlərlə ölçülür. Bu baxımdan Akif Əlizadə şəxsiyyəti örnəkdir. Onun bütün həyatı elmlə bağlıdır. Orta məktəbi medalla bitirdikdə görmək istədiyi işlər xəyal şəklində idi. Azərbaycan Sənaye İnstitutunda təhsilini başa vuranda isə onda uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülük, şəxsi intizam, süstlüyə və nizamsızlığa qarşı dözümsüzlük kimi məziyyətlər qəti olaraq formalaşmışdı. Neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsində çalışarkən əməli iş prosesi onu elmin geniş yollarına həvəsləndirmşdi. O, elmi tale kimi qəbul edir və 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul olunur. Beləliklə, institut onun həmişəlik fəaliyyət məkanına çevrilir.

Akif Əlizadənin bir alim kimi inkişafı Azərbaycan geologiyasının qızıl dövrünə təsadüf edir. Azərbaycanda geologiya elmi 60-70-ci illərdə özünün inkişaf zirvəsinə yüksəlmişdi. Bu fundamental nailiyyətlər bazasında Azərbaycan geoloqları tərəfindən uzun illər ərzində respublika iqtisadiyyatının sabit inkişafını təmin edə biləcək neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqları kəşf edilmişdi. Həmin dövrdə Azərbaycanda geologiya və geofizika sahəsində elmi və pedaqoji məktəblər də formalaşmışdı. Elmin sürətli inkişafı gənc alim üçün olduqca əlverişli şərait yaratmışdı. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmiş Akif Əlizadə SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini kimi tanınırdı. O, 1976-cı ildən indiyə kimi AMEA Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsindədir. Elmi nailiyyətləri və çoxşaxəli fəaliyyəti barədə kifayət qədər yazılıb.

Onun elmi-tədqiqatlarının nəticələri namizədlik (1961), daha sonra doktorluq (1969) dissertasiyalarında ümumiləşdirilib, 7 monoqrafiyada, 6 elmi-kütləvi nəşrdə, respublika və xarici elmi mənbələrdə çap olunmuş 220-dən çox məqalədə öz əksini tapıb. Bu əsərlər elmi ictimaiyyətin layiqli rəğbətini qazanıb. Onun 1980-ci ildə Elmlər Akademiyasına müxbir üzv, 1989-cu ildə həqiqi üzv (akademik) seçilməsi, 1990-cı ildə Yer elmləri bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü, 2007-ci ildə vitse-prezident, 2013-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrinə irəli çəkilməsi bunu əyani olaraq bir daha sübut edir.

Elm aləmi Azərbaycan aliminin təbaşir dövrü belemnitlərinin tədqiqini onun adı ilə - “Akifbelidlər” adlandırıb, “Azərbaycanın təbaşir faunası” fundamental monoqrafiyası 1988-ci ildə işıq üzü görən andan geoloq-stratiqraflarının stolüstü kitabına çevrilib.

Akademik rəhbərlik etdiyi Geologiya İnstitutunun fəaliyyətini inamla dünya elmi ilə inteqrasiyaya yönəldən ilk təşəbbüskarlardan biridir. 1987-90-cı illərdə məhz onun təşəbbüsü ilə Macarıstanın Geologiya İnstitutu ilə birlikdə Kiçik Qafqazın və Macarıstanın rifogen çöküntülərinin öyrənilməsi üzrə kompleks tədqiqat işləri aparılıb. Daha sonra Atatürk adına Ərzurum Universiteti, Avstriyanın Geologiya İnstitutu, İran İslam Respublikasının Təbriz Universiteti, Aşağı Kür çökəkliyində neft, qaz, su və süxurların öyrənilməsi üçün TUBİTAK-ın Mərmərə Tədqiqat Mərkəzi (Türkiyə) və digər dünya elm mərkəzləri ilə birlikdə tədqiqatlar başlanıb.

Akif Əlizadənin direktor olduğu Geologiya və Geofizika İnstitutu Azərbaycan elm müəssisələri sırasında ən çox qrant qazanan liderdir. İnstitut “INTAS”, “NATO”, “CRDF”, “KOPERNICUS” kimi məşhur fondlar, Ukrayna Elm Fondu, Amerika Milli Elm Fondu ilə qarşılıqlı maraq əsasında fəaliyyət göstərir və işləyir. Tərəfdaşların coğrafiyası qeyri-adi dərəcədə genişlənib. Bunlar Böyük Britaniyanın Kembric, Aberdin universitetləri, ABŞ-ın Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetləri, Massaçusets Texnoloji İnstitutu və bir çox başqaları, Pyer və Mari Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsrue, Hannover universitetləri (Almaniya), Moskva Dövlət Universiteti, Delft (Niderland), İstanbul universitetləri və başqalarıdır.

MDB ölkələri və Sakit okean regionu alimləri ilə əməkdaşlıq mütəmadi xarakter alır, əlaqələr möhkəmlənir. Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Çanq-Konq (Tayvan) Universiteti, İndoneziya Milli Neft Şirkəti ilə müştərək işlərin aparılması İnstitutun fəaliyyətinin yeni mərhələsi ilə əlamətdardır. İndi cəsarətlə demək olar ki, institutun şöhrəti təkcə milli və regional səviyyədə deyildir; o, bu sahədə, sözsüz, liderdir və bir sıra elmi istiqamətlər üzrə regionun sərhədlərini aşıbdır.

Yüksək texnologiyalar sahəsində dünyada lider olan Massaçusets Texnologiyalar İnstitutu ilə birlikdə 10 ildən çox bir müddətdə kosmik geodeziya vasitəsilə Qafqaz, Yaxın və Orta Şərq, Orta Asiya regionunda iri blokların hərəkət sürətinin və istiqamətinin öyrənilməsi üzrə işlər aparılıb.

MDB-nin bəzi ölkələrində Elmlər akademiyaların bağlandığı və statuslarının dəyişdirildiyi vaxtlarda Akif Əlizadə Azərbaycan elm məbədinin varlığını qətiyyətlə müdafiə etmişdir. “Akademiyanı bağlamaq yox, onu tədricən, təkamül yolu ilə - fundamental elmi tədqiqatlar (FET) sistemi təşkil etmək, bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmaqla dəyişdirmək lazımdır”. Bu fikir onun təşəbbüsü və fəal iştirakı ilə işlənib hazırlanmış Azərbaycan Respublikasında FET təşkilinin ilk milli konsepsiyası layihəsində öz aydın ifadəsini tapıb və bu konsepsiyanın əsas aspektlərinə, o cümlədən elmi tədqiqatların maliyyələşdirilməsinin forma və mexanizmlərinə, elmi işçilərin sosial müdafiə sisteminə, elmi nailiyyətlərin tətbiqinə, beynəlxalq elmi əməkdaşlığa və digər məsələlərə toxunulub, bir sıra dövri mətbuatda çap olunmuş məqalələrində konkretləşdirilib. Onu da qeyd etmək lazımdır ki, alimin bir çox təklifləri, o cümlədən “Azərbaycana hansı Akademiya lazımdır?” və digər konsepsiyaları sonralar Milli Strategiyanın həyata keçirilməsilə bağlı dövlət sənədlərində bu və ya digər formada öz əksini tapıb.

Doğma Geologiya və Geofizika İnstitutunu da yalnız Akif Əlizadəyə məxsus elmə hədsiz sədaqət, böyük təşkilatçılıq istedadı, insanlarda özünəinam aşılamaq bacarığı böhranlı vəziyyətdən çıxardı. Zaman göstərdi ki, elmdə və elmi-təşkilati fəaliyyətdə akademik Akif Əlizadə tərəfindən seçilmiş və Azərbaycanın müstəqillik illərində müvəffəqiyyətlə reallaşdırılan strateji kurs yeganə düzgün və olduqca effektiv yoldur. Bu gün GGİ elm aləmində layiqli yer tutur və fəal geoloji axtarışlar “episentrində” yerləşir.

Hələ1992-ci ildə, “Əsrin müqaviləsi”nin imzalanmasından xeyli əvvəl Akif Əlizadənin təşəbbüsü ilə institutun yüksəkixtisaslı mütəxəssislər qrupu “BP-Statoil” (Böyük Britaniya - Norveç) şirkətlər alyansı ilə palçıq vulkanlarının geologiyası və geokimyası, eyni zamanda, Azərbaycanın və Cənubi Xəzər hövzəsinin neogen çöküntülərinin biostratiqrafiyasının öyrənilməsini nəzərdə tutan müştərək elmi-tədqiqat işlərinə başlamışdı. Bunların arxasınca növbəti iyirmi ildə institut müqavilə əsasında “ConocoPhilips”, “Statoil”, “Chevron”, “Texaco”, “ExxonMobil”, “Shell”, “Unocal”, “Total”, “Elf”, “Agip”, “Lukoil” və digər neft şirkətləri üçün 50-dən çox elmi layihəni həyata keçirib. Qısa bir vaxtda AMEA sistemində ilk dəfə Geologiya İnstitutunun tərkibində ixtisaslaşdırılmış innovasiya layihələrinin koordinasiya şöbəsi yaradıldı. Metodik dəstək almaqla institutun alimləri ilk innovasiya layihəsini - “Azərbaycan ərazisinin və Xəzər dənizinin Azərbaycan sektorunun litoloji- paleocoğrafi xəritələri atlası”nı işləyib ərsəyə gətirdilər. Bu atlasın BP şirkəti tərəfindən alınması institutun elmi axtarışlarının təkcə elmi deyil, eyni zamanda, kommersiya marağı kəsb etdiyini göstərdi. Akademik Akif Əlizadə qəti surətdə əmindir ki, akademiyanın bütün institutlarının fəaliyyətinin prioritet istiqamətləri, birmənalı olaraq, dövlət prioritetləri ilə birbaşa uzlaşdırılmalıdır. Odur ki, GGİ alimləri müxtəlif dövlət proqramlarını əks etdirən konkret praktik vəzifələrin həllinə həmişə fəal qatılıb və bu gün də yaxından iştirak etməkdədirlər.

Akademik Akif Əlizadənin rəhbərliyi ilə yaradılmış və nəşr edilmiş 8 cildlik fundamental əsərlər – “Azərbaycan feologiyası”, habelə ensiklopedik “Azərbaycan mineralları” atlası öz elmi və maarifləndirici əhəmiyyətini on illər boyu qoruyub saxlayacaq. Mübaliğəsiz demək olar ki, akademik Akif Əlizadə Azərbaycanda geologiya elmini xilas edib, qoruyub və zənginləşdirib.

Çox fərəhli haldır ki, elm və təhsilin inteqrasiyası çərçivəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması işini alim özünün ən mühüm vəzifələrindən biri hesab edir. Məhz onun təşəbbüsü ilə 1986-cı ildə respublikamızda ilk dəfə Elmlər Akademiyası (Geologiya İnstitutu) və ali təhsil ocağını (Azərbaycan Dövlət Neft Akademiyası - ADNA) özündə ehtiva edən Tədris-Elmi Mərkəz (TEM) yaradılıb. Sonralar isə belə bir mərkəz Bakı Dövlət Universiteti (BDU) ilə də təşkil edilib.

Elmin populyarlaşdırılmasına xüsusi önəm verən akademik yüksək elmi nəticələrin nəşri işini də çox əhəmiyyətli hesab edir. Bu sahədə görülən işlər Azərbaycan alimlərinin qazandıqları nailiyyətləri hamı üçün əlçatan edib.

“Elm” nəşriyyatında çap olunmuş “Azərbaycanın filiz yataqları atlası” AMEA Geologiya və Geofizika İnstitutu alimlərinin 6 illik zəhmətinin bəhrəsidir. Atlas Azərbaycan alimlərinin çoxillik tədqiqatları əsasında hazırlanıb. Filiz yataqları sahəsində tədqiqatçı alimlərin və təşkilatların apardıqları elmi nəticələr də yeni nəşrdə əksini tapıb. Baş redaktoru AMEA-nın prezidenti akademik Akif Əlizadə olan nəşri məhz GGİ-nin alimlər qrupu tərtib edib.

Atlasda Azərbaycanın bir neçə geoloq nəsli tərəfindən ölkənin filiz yataqları barədə sənaye-genetik tiplər üzrə zəngin material toplanıb.192 səhifəlik atlasda 469 makro və mikro fotoqrafiya, xəritə, sxem, geoloji diaqram, 42 cədvəl yer alıb. “Qara metallar”, “Aşqarlar”, “Əlvan metallar”, “Yüngül metallar”, “Nəcib metallar” başlıqlı fəsillərdə filiz yataqlarının məkanı xarakterizə olunub. Burada ölkəmizin 110 filiz yatağının hərtərəfli geoloji, struktur-morfoloji, mineraloji, geokimyəvi və digər xüsusiyyətlər əksini tapıb.

“Azərbaycanın filiz yataqları atlası” işıq üzü görən kimi yerli və xarici mütəxəssislərin diqqətini cəlb etdi. Rusiya Elmlər Akademiyası (REA) Filiz Yataqlarının Geologiyası, Petroqrafiya, Mineralogiya və Geokimya İnstitutunun elmi rəhbəri, akademik N.S.Bortnikov nəşri yüksək dəyərləndirərək bildirib ki, bu atlas Azərbaycanda yeraltı sərvətlərdən səmərəli istifadə layihələrində, filiz yataqlarına investisiya qoyuluşunda dövlət fondunun və potensial sərmayəçilərin diqqətini, şübhəsiz ki, cəlb edəcək.

Geologiya və Geofizika İnstitutu 2018-ci ildə “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri, geologiya-minerologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi, professor Adil Əliyevin və geologiya-mineralogiya elmləri doktoru Rahid Rəhmanovun hazırladıqları “Palçıq vulkanizmi“ kitabını nəşr etdirib. 12 fəsildən, 328 səhifədən ibarət nəşrdə yer təkinin faydalı qazıntıları ilə sıx əlaqəsi olan palçıq vulkanlarının arealı, səciyyəvi cəhətləri və təsnifatı verilir, onların morfoloji və daxili quruluşu, püskürmələr təsvir edilir və kəmiyyətcə səciyyələndirilir. Həmçinin palçıq vulkanlarının təzahür şəraiti, yerləşmə qanunauyğunluqları, əmələgəlmə və püskürmə səbəbləri açıqlanır.

Zəngin dünyagörüşünə malik, elmin enişli-yoxuşlu yollarına yaxşı bələd olan Akif Əlizadə Azərbaycanın yeni alim nəslinin yetişdirilməsi üçün səylərini ilbəil artırır. Gənclərin elmi yaradıcılıq imkanlarının genişləndirilməsi və inkişafı, beynəlxalq elmi dairələrə inteqrasiya, həmçinin xüsusi perspektiv vəd edən gənclərin elmə cəlb edilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. 2005-ci ildən institutda iki ildən bir təşkil olunan gənc alim və tələbələrin beynəlxalq elmi konfransı ötən il 7-ci dəfə uğurla reallaşıb. Dünyanın 15 ölkəsinin 70-dən çox gəncinin iştirakı ilə yadda qalan və respublika miqyasında gənclər üçün davamlı olaraq təşkil olunan yeganə ənənəvi konfransın təsis edilməsi ideyasının müəllifi də akademik Akif Əlizadədir. Onun təşəbbüsü ilə yaradılan Gənc Alim və Mütəxəssislər Şurası gənclər üçün mütəmadi olaraq müxtəlif olimpiada, elmi seminar, “Açıq qapı günləri”, ustad dərsləri və digər formatlı qeyri-ənənəvi layihələr həyata keçirir.

AMEA-da akademik Akif Əlizadənin təşəbbüsü və Prezident İlham Əliyevin dəstəyi ilə magistratura təhsilinə başlanılıb. AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyada magistratura təhsilinin təşkili istiqamətində kompleks tədbirlər də böyük əhəmiyyət kəsb edir. Hazırda magistratura təhsili uğurla davam edir. Akademiyanın magistratura pilləsində təhsil alan tələbələrin digərlərindən fərqi ondan ibarətdir ki, burada tələbələr bakalavr təhsilindən sonra laboratoriyalarda təcrübə keçirlər. Son 70 il boyunca şərəfli bir yol keçmiş AMEA magistrantlarının simasında akademiyanın parlaq gələcəyi naminə bu tələbələrin təhsillərini başa vurduqdan sonra AMEA-da öz fəaliyyətlərini davam etdirmələri, elmi-tədqiqat aparmaları və dünya elminə inteqrasiyaları üçün bütün imkanlar yaradılıb.

AMEA-nın rəhbəri magistrlərin informatika və ingilis dili üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsil alacaqlarını bildirdiyindən hazırda institutda bu istiqamətdə müvafiq tədbirlər, tədrislə əlaqədar hazırlıq prosesləri keçirilir. Bu da elm və təhsilin inteqrasiyasının daha da sürətlənməsinə zəmin yaradır. Magistrantların təhsilinin səmərəliliyini artırmaq və elmi tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsi üçün zəruri şəraitlərdən biri də onlara müvafiq təqaüdlərin verilməsidir. Magistraturadan son məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır.

Akif Əlizadəni bir alim və rəhbər kimi fərqləndirən cəhətlərdən biri də onun AMEA sistemində qadın alimlərinin fəaliyyətini tənzimləmək və elmin inkişafına onların layiqli töhfə vermələri üçün münasib şərait yaratmaqdır. Bu gün AMEA-nın doktoranturasında, dissertanturasında və magistraturasında təhsil alanların əksəriyyəti gənc qadınlardır. AMEA-nın rəhbərinin imzaladığı Sərəncama əsasən, “Gənc qadınlar elmdə” müsabiqəsi elan edilib ki, onun da nəticələri 27 mart – “Elm günü”ndə elan ediləcək.

Bu gün AMEA-nın rəhbərliyi ilə əməkdaşlar arasında ünsiyyət və münasibət əsasən iki istiqamətdə qurulub. Əməkdaşdan tələb - onun faydalı iş əmsalı, elmi nəticələridir. Rəhbərlikdən isə əməkdaşa diqqət, normal iş şəraiti və onun maddi rifahının qayğısına qalmaq tələb olunur. Ona görə də Akif Əlizadənin təşəbbüsü ilə elm xadimlərinə əməkhaqqı qədər mükafat, Saray qəsəbəsində yaşayış kompleksinin inşası, davamlı ərzaq yarmakalarının fəaliyyəti, istirahət evləri və sanatoriyalara güzəştli göndərişlərin verilməsi, akademiya əməkdaşlarının uşaqlarının düşərgələrdə dincəlmələri üçün putyovkalar, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahələrinin ayrılması və digər tədbirlər bu gün AMEA sistemində alim əməyinin səmərəsinə yardımçı olacaq tədbirlərdəndir.

Akademik Akif Əlizadənin çoxillik və səmərəli elmi, elmi-təşkilati və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Fədakar əməyə görə” yubiley medalı, “Şərəf nişanı”, müstəqil Azərbaycanın “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı adlarına və digər mükafat və təltiflərə layiq görülüb.

Elmə gedən yol sonsuzdur. Bu sonsuzluqda axtarış aparan alim, hər şeydən əvvəl, özünü tapmış olur. Bu baxımdan Akif Əlizadə şəxsiyyətindən danışanlar haqqında özünəməxsus ictimai rəy formalaşmış alimə belə qiymət verirlər: “Böyük alim, görkəmli tədqiqatçı, əzəmətli elm ocağının rəhbəri Akif Əlizadənin həyatı ziyalılıq, alimlik və fenomenlik vəhdətinin ifadəsidir”.

Yorulmaz elm yolçusu! Sizə daha böyük uğurlar, cansağlığı, uzun ömür arzulayırıq! Yubileyiniz mübarək!

 

Şirməmməd Nəzərli

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015