AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Görkəmli alim, fədakar elm təşkilatçısı
Fev 25, 2019 | 02:38 / Yubileylər
Oxunub 143 dəfə

Bu gün tanınmış geoloq-alim, elm təşkilatçısı və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Ağa Mehdi oğlu  Əlizadənin  anadan olmasının 85 illiyi tamam olur.

Akif Əlizadə 1934-cü il fevralın 25-də Bakı şəhərində ziyalı  ailəsində anadan olub.  1956-cı ildə o, Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNSU) geoloji-kəşfiyyat fakültəsini  bitirib, 1961-ci ildə geologiya-mineralogiya üzrə elmlər namizədi, 1969-cu ildə isə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. Geologiya elmi sahəsində geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri biliklərlə zənginləşdirən Akif Əlizadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Əmək fəaliyyətinə “Suraxanıneft” mə­də­nində quyuların tədqiqi üzrə texnik vəzifəsindən başlayan alim 1957-ci ildə AEA-nın Geologiya (hazırda Geologiya və Geofizika) İnstitutuna baş laborant vəzifəsinə qəbul olunub. Ardıcıl olaraq kiçik, böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində işlədikdən sonra Akif Əlizadə 1970-1976-cı illərdə Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, 1976-cı ildən indiyə kimi Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsində çalışır. O, 1990-2007-ci illərdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, 2007-2013-cü illərdə AMEA-nın vitse-prezidenti olub, 2013-cü ildə isə AMEA-nın prezidenti seçilib.

Akademik Akif Əlizadənin elmi maraq dairəsi təbaşirin paleontologiya və stratiqrafiyası  məsələlərini əhatə edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çökün­tülərinin stratiqrafik sxemləri işlənilərək hazırlanıb, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dövründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-strariqrafik materiallar araşdırılıb və ümumiləşdirilib. Alimin çoxillik tədqiqatları Azərbaycanın təbaşir molyuska faunasına (belemnitlər) həsr edilib, bu qədim canlıların təsnifatı və filogenetikası verilib, paleobiocoğrafi rayonlaşdırma prinsipləri hazırlanıb, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılıb. Alim ilk dəfə olaraq, təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərini müəyyən edib və paleocoğrafi taksonları ayırıb. 

Akif Əlizadə Qafqazın təbaşir hövzələrində biogeokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparıb. Alimin təbaşir dövrü belemnitlərin öyrənilməsi sahəsində apardığı tədqiqatları elm dünyası yüksək qiymətləndirərək müəyyənləşdirdiyi belemnoidlərin yeni aliləsini 1984-cü ildə “Akifibelidi” adlandırıb. Son illər akademikin fəaliyyəti yeni prioritet elmi istiqamətə – geoekologiyaya yönəlib. Akif Əlizadənin regional geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya aid məsələlərə dair tədqiqatları da elm aləmində yaxşı tanınır.

Akademik Akif Əlizadənin adı Rusiya və keçmiş Sovet İttifaqının digər respublikalarının elmi ictimaiyyətinə çox yaxşı tanışdır. O, Ümumittifaq Paleonotologiya Cəmiyyətinin (ÜPC) həqiqi üzvü,  SSRİ İdarələrarası Stratiqrafiya Komitəsinin (İSK) üzvü, Qafqaz Regional İdarələrarası Stratiqrafiya Komissiyasının (QafRİSK) sədri, Biosfer Problemləri üzrə SSRİ EA Elmi Şurasının üzvü olub. Alimin mərkəzi elmi nəşrlərdə çap etdirdiyi orijinal tədqiqatlarının nəticələri yüksək dəyərləndirilib, akademik ölkəmizi ÜPC-nin, İSK-nin sessiyalarında, bir çox beynəlxalq konfranslarda, seminar və simpoziumlarda ləyaqətlə təmsil edib. Akif Əlizadənin apardığı tədqiqatlar, ali məktəblər üçün baza dərsliyi kimi məşhur olan “Paleontologiyanın əsasları” (M., “Nedra”, 1990) kitabında da qeyd olunub. Bu kitabda  daxiliqabıqlı başıayaqlılar qazıntılarının öyrənilməsində A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı, Akif Əlizadənin də böyük xidmətlərinin olduğu xüsusi olaraq göstərilir.

Akademik Akif Əlizadə görkəmli alim-geoloq və elmin böyük təşkilatçılarından biridir. Onun elmi təşkilatçılıq fəaliyyətini iki dövrə ayırmaq olar. Birinci dövr alimin Geologiya və Geofizika İnstitutuna və AEA Yer Elmləri Bölməsinə rəhbərliyi ilə, ikincisi isə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentliyi ilə bağlıdır.

Akademik Akif Əlizadənin Geologiya və Geofizika İnstitutuna rəhbərliyi dövründə  müəssisənin kollektivi geologiya elminin inkişafına, Azərbaycan ərazisinin geoloji quruluşunun öyrənilməsinə, neftli-qazlı əyalətlərin elmi əsaslandırılmasına və kəşfinə, neft-qaz ehtiyatının regional qiymətləndirilməsinə, respublikamızın mineral-xammal bazasının yaradılmasına, Yer qatlarında baş verən fiziki və təhlükəli geoloji proseslərin öyrənilməsinə mühüm töhfələr verib. Çətin vaxtlarda – 1990-cı illərdə elmi müəssisələrin dövlət tərəfindən köməksiz buraxılması nəticəsində düşdüyü acınacaqlı vəziyyət  hamıya məlumdur.  Bu dövrdə A.Əlizadənin uzaqgörənliyi sayəsində AMEA Geologiya və Geofizika İnstitutu öz elmi potensialını qorumağı bacarıb. Akademik beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət yetirərək bir çox neft şirkətləri ilə müqavilələrin imzalanmasına və müxtəlif beynəlxalq qrant fondlarında iştiraka nail olub. Beləliklə, institut aktiv şəkildə beynəlxalq inteqrasiya əlaqələrinə, müxtəlif proqram və layihələrin həyata keçirilməsinə qoşulub. Bu isə institutun cihaz və avadanlıq parkının yüksək dəqiqlikli analitik cihaz və ölçü alətləri ilə, Yerin fiziki sahələrini öyrənmək üçün yeni avtomatlaşdırılmış stansiyalarla təmin edilməsinə imkan yaradıb.

Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra beynəlxalq elmi əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsi və yeni texnologiyalardan istifadə olunma imkanın yaranması ilə fundamental tədqiqatlarda yeni dövr başlayıb və institut dünya geoloji elminə sürətli inteqrasiya edib.  Bu proses 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” ilə daha da intensivləşib. Dünyanın nəhəng neft şirkətləri ilə müştərək tədqiqatların aparılması, bu şirkətlərin elmi mərkəzlərinə səfərlər, beynəlxalq əməkdaşlığın xarakterini və inkişaf tempini köklü sürətdə dəyişib. “British Petroleum-Statoil”, “Exxon”, “Shell”, “Amoko”, “Mobil”. “Yunokal”, “Texaco”, “Philips”, “Total”, “Elf”, “Aqip” kimi nəhəng beynəlxalq neft şirkətləri ilə uzunmüddətli birgə işləri beynəlxalq elmi məkana sıçrayış adlandırmaq olar. Bu müddət ərzində geologiya, paleontologiya və stratiqrafiya, neft və qazın geokimyası, geofizika və geodeziya üzrə 50-dən çox elmi layihə yerinə yetirilib. Müştərək ekspedisiya işləri xarici elmi mərkəzlərdə və universitetlərdə aparılan sonrakı analitik və interpretasiya tədqiqatları bir tərəfdən qərb ölkələrində aparılan elmi tədqiqatlarda tətbiq edilən yeni metodlara, kompüter proqramlarına və standartlara tez adaptasiya olunmağa, digər tərəfdən isə milli elmi kadrların hazırlanmasını sürətləndirməyə imkan verib.

Məhz bu dövrdə elmi tədqiqatlarla yanaşı qərb cəmiyyətinin Azərbaycanın elmi, mədəniyyəti və təbii ehtiyatları ilə tanış edilməsi üzrə səy göstərilib. Bununla əlaqədar olaraq Geologiya və Geofizika İnstitutu və dünya şöhrətli “Britaniyanın təbiət tarixi muzeyi” ilə birgə BP şirkətinin sponsorluğu ilə təşkil olunmuş “Müqəddəs odlar ölkəsi” adlı sərginin əhəmiyyətini qiymətləndirməmək olmaz. Eksponatları Azərbaycan təbiəti, tarixi, mədəniyyəti və elmindən bəhs edən bu sərgi ilə 2 il müddətində bütün dünyadan yüz minlərlə insan tanış olub. Qərb şirkətləri ilə aparılan birgə işlər qərb universitetləri ilə müştərək tədris proqramlarının inkişafına da təkan verib.

1998-ci ildən etibarən Geologiya və Geofizika İnstitutu “Soros”, “İntas”, NATO, “CRDF”, Ukrayna Elm Fondu UNTS, ABŞ Elm Fondu NSF və başqa tanınmış fondların qrant layihələrində iştirak edir. İnstitutun beynəlxalq aləmdə fəaliyyəti eyni zamanda xarici elmi sessiyalar və konfranslarda, komissiya və komitələrdə iştirak, birgə geoloji və geofiziki ekspedisiyaların təşkili, görkəmli alimlərin bir çox dünya elm mərkəzlərində mühazirə aparmaqları, bir çox ölkələr üçün elmi kadrların hazırlanması və inkişaf etmiş ölkələrin elm mərkəzlərində kadrların təcrübə keçməsi şəklində də aparılır.

Geologiya və Geofizika İnstitutunun gələcək inkişafı ən yeni fundamental və texnoloji nailiyyətlərin tətbiqinə əsaslanır. İnstitutun eksperimental bazası yeni geofiziki avadanlıq, rəqəmli telemetrik seysmik stansiyalar, presezion qravimetrlər, yüksək dəqiqliyi ilə seçilən GPS və digər geodezik cihazlarla yenilənib. Tanınmış BSİ-in spectorate (Böyük Britaniya) analitik firması ilə bağlanmış müqavilə əsasında İnstitutda qazların, neftlərin və onların emal məhsullarının analizi ilə məşğul olan müasir geokimyəvi laboratoriya fəaliyyət göstərir.

Bundan əlavə, Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft Şirkəti müəssisələrinin birlikdə iştirakı ilə Azərbaycan Respublikası Dövlət Proqramı hesabına maliyyələşdirilən “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı” çərçivəsində tədqiqatlar aparılıb və mühüm nəticələr əldə edilib.

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə AMEA Geologiya və Geofizika İnstitutunda müvafiq təşkilatların (AMEA, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi) iştirakı ilə Azərbaycanda əhalinin radon təhlükəsizliyi probleminin milli strategiyası hazırlanıb və yerinə yetirilib.

Geologiya və Geofizika İnstitutunda aparılan elmi tədqiqatlar əsasında  sahə institutları  ilə birlikdə respublika ərazisində bir neçə iri neft və qaz, faydalı filiz və qeyri-filiz yataqları kəşf edilib.

Bilavasitə akademik A.Əlizadənin təşəbbüsü, müəllifliyi və redaktorlğu ilə Geologiya və Geofizika İnstitutunda dünya geologiya elmini zənginləşdirən monoqrafiya və xəritələr hazırlanıb və nəşr edilib. Belə ki, çox cildli rus dilində "Геология Азербайджана", üç cildli Azərbaycan dilində “Azərbaycanın Geologiyası”, Avropanın məşhur “Springer” nəşriyyatında çap edilən iki cildli “Geosciences of Azerbaijan”, Moskvanın “Nedra” nəşriyyatında çap edilən iki cildli “Продуктивная толща Азербайджана” monoqrafiyaları, Azərbaycan, ingilis və rus dillərində nəşr edilən “Dünyanın palçıq vulkanları atlası”, rus dilində “Elm” nəşriyyatında çap edilən “Атлас рудных месторождений Азербайджана”, azərbaycanca və rusca “Azərbaycan mineralları” kimi əsərlər elm aləminə təqdim edilib. Alim “Stratigraphy and sedimentology of oil-gas basins” adlı beynəlxalq elmi jurnalın təsisçisi və baş redaktorudur.

Akademik A.Əlizadənin rəhbərlik etdiyi Geologiya və Geofizika İnstitutu bir çox fundamental və tətbiqi xarakterli tədqiqatları həyata keçirən iri beynəlxalq elmi mərkəzə çevrilib. Burada neft geologiyası, palçıq vulkanizmi, paleontologiya və stratiqrafiya, litologiya, geofizika, geotektonika və müasir geodinamika və seysmologiya, neft və qaz yataqlarının işlənilməsi sahəsində elmi məktəblər yaradılıb. Akademik A.Əlizadə geologiya və geofizika sahəsində kadr hazırlığına böyük diqqət yetirir və bunu özünün ən əsas vəzifələrindən biri hesab edir. Onun bu gün dünya elminə bu sahədə töhfələr verən nəslin yetişməsində göstərdiyi xidmətlər danılmazdır. Akademikin geologiya və geofizika sahəsində kadr hazırlığı və elmlə təhsilin inteqrasiyası məqsədi ilə göstərdiyi təşəbbüs nəticəsində Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baza kafedraları fəaliyyət göstərməyə başlayıb. Yer Elmləri Bölməsinə rəhbərliyi dövründə, Coğrafiya və Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutlarının fəaliyyətləri də yüksək səviyyədə davam edib. Bu dövrdə  Respublika Seysmoloji Xidmət Mərkəzinin keyfiyyətcə yenidən qurulmasını və Avropa məkanında ən dəqiq seysmik şəbəkəyə çevrilməsini xüsusi olaraq qeyd etmək lazımdır.

Keçən əsrin 90-cı illərinin əvvəlində “keçmiş sovetin lazımsız qalığı olan Akademiyanı bağlamaq” çağırışlarının tez-tez səsləndiyi bir vaxtda Akif Əlizadə, qəti olaraq bu elm məbədini müdafiə etmək üçün ayağa qalxanların sırasında dayanıb. Dünya elminin inkişaf tendensiyasına əsaslanaraq o, başqalarını da inandırmağa çalışıb: “Akademiyanı bağlamaq yox, onu tədricən təkamül yolu ilə – fundamental elmi tədqiqatlar  (FET) sistemini təşkil etmək, bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmaqla dəyişdirmək lazımdır”. Bu fikir onun təşəbbüsü və fəal iştirakı ilə işlənib hazırlanan Azərbaycan Respublikasında FET-nin təşkilinin ilk milli konsepsiyası layihəsində aydın  şəkildə ifadəsini tapıb (“Elm” qəzeti, № 11, 1992). Burada konsepsiyanın əsas aspektləri, o cümlədən elmi tədqiqatların maliyyələşdirilməsinin forma və mexanizmləri, elmi işçilərin sosial müdafiə sistemi, elmi nailiyyətlərin tətbiqi və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunub. Onu da qeyd etmək maraqlıdır ki, alimin bir çox təklifləri, o cümlədən “Azərbaycana hansı Akademiya lazımdır?” (“Бакинский рабочий» qəzeti, № 48, 2001) başlıqlı çox qiymətli məqaləsində söylədikləri sonralar ölkə elmi üçün konseptual mahiyyət daşıyan sənəddə – “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda (Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli, 255 nömrəli Sərəncamı ilə təsdiq edilib) bu və ya digər formada öz əksini tapıb.

Akademik Akif Əlizadənin AMEA-nın prezidenti seçilməsi ilə bu elmi müəssisə kadr islahatları, struktur dəyişikliklər və gənc elmi potensialın yenidən dəyərləndirilməsini özündə ehtiva edən islahatlarla müşahidə olunan yeni yüksəliş mərhələsinə qədəm qoyub. Onun yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında effektiv nailiyyətlər əldə olunub, gənclərin elmə maraqlarının artırılması, elmin cəmiyyətə təbliğ olunması isti qamətində effektiv yollar müəyyənləşdirilib, müstəqil Azərbaycanın iqtisadi inkişafının ruhuna cavab verən elm hərəkatının əsası qoyulub.

Bu istiqamətdə atılmış ilk addımlardan biri 19 dekabr 2014-cü ildə ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən Azərbaycan alimlərinin I Qurultayı olub. Bu Qurultay müxtəlif sektorlarda çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə etmək baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidentinın AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında 8 noyabr 2016-cı il tarixli sərəncamı da bu dövr üçün əlamətdar hadisədir.

Akademik Akif Əlizadənin təşəbbüsü ilə AMEA-da magistraturanın yaradılması respublikada elmin prioritet istiqamətlərində gənc alimlərin yetişdirilməsinə yönələn mühüm addımlardan biridir. Akademiyada gənclərin dünya elminə inteqrasiyası sahəsində və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc alimi dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunub.

AMEA-nın, Təhsil və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayının keçirilməsi mühüm tədbirlərdən biri olub. Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayda gənc alim və mütəxəssislərin problemləri və gələcək perspektiv inkişaf istiqamətləri ilə bağlı geniş müzakirələr aparılıb və bəyannamə qəbul olunub. Qurultay iştirakçıları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə nail olmaq üçün elm və təhsilin inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində bundan sonra da səyləri birləşdirməyə çağırıb. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının  gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin nəşri və geniş elmi ictimaiyyətə çatdırılması ilə əlaqədar “Gənc Tədqiqatçı” adlı elmi jurnalının  Azərbaycan və ingilis dillərində nəşrə başlaması da Akif müəllimin prezidentliyi dövründə baş tutub. Onun fəaliyyətində himayədarlıq və qayğıkeşlik mühüm yer tutur. Akif Əlizadə öz təmkinli davranışı, ilk baxışda inandırıcı görünməyən ideyalara diqqətli münasibəti ilə gənc alimləri özünə cəlb etməyi bacarır. Bu səbəbdən onu “gənc alimlərin dostu” hesab edirlər.

AMEA-nın bütün institutlarının fəaliyyətinin prioritet istiqamətlərinın, birmənalı şəkildə, dövlət prioritetləri ilə birbaşa uzlaşdırılması istiqamətində akademik Akif Əlizadənin başladığı islahatlar bu gün öz nəticəsinin göstərməkdədir.

Akif Əlizadənin Akadeiyaya rəhbərliyi dövründə Azərbaycan elminin dünya elminə inteqrasiyası sürətlənib, alimlərin nüfuzlu impakt faktorlu jurnallarda çap etdirdikləri məqalələrin sayı artıb və AMEA-nın bir çox elmi nəşrləri SCOPUS referat bazasına daxil edilib.

Akademik Akif Əlizadə həmçinin, tanınmış ictimai xadimdir. Ölkənin siyasi həyatında da yaxından iştrak edən alim Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixində keçirilən V qurultayinda YAP-ın sədr müavini seçilib. Akademik Akif Əlizadə Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyəti sədrinin müavini və "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın redaksiya heyəti sədrinin müavinidir.

O, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının, Azərbaycan Elmində İslahataparma üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının və AR Dövlət Neft Şirkətinin Elm Fondunun üzvüdür.

Akademik Akif Əlizadənin çoxillik məhsuldar elmi, elmi təşkilati, ictimai və pedoqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən  yüksək qiymətləndirilib. O, “Fədakar əməyə görə” yubiley medalı; “Şərəf nişanı”, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunub. Akademik Akif Əlizadə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü və bir çox universitetlərin, o cümlədən təhsil aldığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professorudur.

Akif Əlizadə ölkənin ictimai həyatında bu gün də aktiv iştirak edir. Akademik AMEA-nın 2030-cu ilə qədər inkişaf proqramını hazırlanması işinə rəhbərliyi ilə Azərbaycan elminə yeni böyük töhfə verib.

Doğma vətəninə və  Azərbaycan elminin inkişafına öz bilik və bacarığını daha çox sərf etmək arzusu Akif Əlizadənin çoxşaxəli fəaliyyətinin bu gün də əsas məqsədidir.

Görkəmli elm xadimi və böyük elm təşkilatçısı, AMEA-nın Prezidenti, akademik Akif  Əlizadəni yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015