AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
FotoVideo
Cİ-də Xocalı soyqırımının 27-ci il dönümü qeyd edilib
Fev 26, 2019 | 10:21 / Konfranslar, iclaslar
Oxunub 410 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı soyqırımının 27-ci  ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib.Tədbir Vətən uğrunda canlarından keçmiş  şəhidlərin xatirəsini yad etməklə başlayıb.

İnstitutun elmi işlər üzrə direktoru dosent Məhərrəm Həsənov  tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, bəzi dünya ölkələri Xocalı soyqırımını tanısalar da, əslində dünya ictimaiyyətində bu hadisələrə münasibət ikili xarakter daşıyır. Direktor müavini bunun əsas səbəbini faciənin kütləvi informasiya vasitələri tərəfindən düzgün verilməməsində gördüyünü diqqətə çatdırıb. O bildirib ki, hadisələr baş verən gün dünyanın 37 ölkəsindən dəvət olunmuş jurnalistlərə kameranın yaddaşına həkk etdikləri  dəhşətli səhnələrin izahını təhrif edərək təqdim edilib. Ermənilərin azərbaycanlılara deyil, əksinə, guya azərbaycanlıların ermənilərə divan tutublar. Ölkədə tədricən baş qaldıran hadisələrin həm xaricdə, həm də ölkə daxillində gizlədilməsini o vaxtkı dövlət rəhbərlərinin böyük səhvində görən natiq informasiyanın böyük qüvvə olduğunu, onun düzgün və  vaxtında ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib: “Mən istərdim ki, bir coğrafiyaçı olaraq hər birimiz ölkə xaricində keçirilən hər hansı bir tədbirdə iştirak edərkən məruzə qabağı özümüzün bir neçə dəqiqəmizi  torpaqlarımızin işğalı ilə bağlı məsələyə ayıraq, erməni şovinistlərinin əməllərini, xüsusən Xocalıda törətdikləri vəhşiliklər barədə məlumat verək".

Direktor müavini bildirib ki, Çində keçirilən 4-cü Asiya Coğrafiya Konfransında çıxışı zamanı özü ilə apardığı Azərbaycanın işğal olunmuş ərazilərinin xəritəsini nümayiş etdirərkən bizim informasiya sahəsindəki geriliyimizin özünü kəskin şəkildə biruzə verdiyinin  şahidi olub. Belə ki, Asiya ölkələrindən gəlmiş coğrafiyaçıların  çoxu  məlum həqiqətlərdən xəbərsiz imişlər.

Sonra  Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d Etibar Bədəlov “Xocalı faciəsinə gətirən səbəblər” mövzusunda geniş məruzə edib. O, Nazim Tapdıqoğlunun “Azərbaycan faciələrinin təqvimi” kitabından nümunələr gətirərək Xocalı faciəsini yetişdirən tarixi hadisələri təhlil edib, bəzi məqamlara aydınlıq gətirib. Bildirib ki, 1828-ci il 26 fevral tarixində İrəvanın rus imperiyası tərəfindən işğalı ilə Azərbaycan ərazilərinin paylanmasına başlanılıb.

İnstitut Həmkarlar Təşkilatının sədri c.ü.f.d. Habil Haqverdiyev çıxışında qeyd edib ki, Azərbaycanın başına gələn faciələrin səbəbi tarixi torpaqlarımızda sonradan məskunlaşan ermənilərin ərazilərimizi ələ keçirmək xülyasıdır və xaricdən onlara havadar olanlar da az deyil. Gələcəkdə də belə faciələrlə rastlaşmamaq üçün erməni vəhşiliklərinin yaddaşımızdan silinməsinə yol verməmliyik.

Şöbə müdiri dosent Ənvər Əliyev  və aparıcı elmi işçi c.ü.f.d. Qəşəm Yaqubov çıxışlarında Xocalı faciəsinə  münasibət bildiriblər.

Tədbirin sonunda “Xocalını unutmayaq” video çarxı nümayiş etdirilib.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015