AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ alimlərinin yeni ixtirası AMEA-nın YT PARKINDA müzakirə edilib
Fev 27, 2019 | 11:43 / Konfranslar, iclaslar
Oxunub 326 dəfə

Geologiya və Geofizika İnstitutu (GGİ) ilə AMEA Yüksək Texnologiyalar Parkı (YT Parkı)  arasında GGİ  ALİMLƏRİNİN  YENİ İXTİRASI olan meliorant maddəsinin  istehsalı geniş tərkibdə müzakirə  edilib.

Görüşdə GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü  Dadaş Hüseynov, akademik Əkbər Feyzullayev, t.e.ü.f.d. Mirəli Alosmanov, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli, YT Parkın direktoru i.ü.f.d. Nazim Şükürov və bu müəssisənin ekspert qrupu  iştirak edib.

Nazim Şükürov bu gün Parkın ərazisində 10 rezidentin fəaliyyət göstərdiyini, bir neçə adda rəqabətədavamlı məhsulun istehsal edildiyini, ölkənin idxal asılılığının azaldılması yolunda görülən işlər barədə məlumat verib.

Parkın direktoru  həmçinin yeni ideyaların uğurlu tətbiqi üçün  texniki-iqtisadi əsaslandırılmanın, satış bazarı və marketinqin müəyyənləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Dadaş Hüseynov  GGİ alimlərinin son illər uğurlu elmi nəticələr əldə etdiklərini vurğulayıb və yeni innovasiyalı layihənin müzakirə edilməsi və bu layihənin gələcəkdə kommersiyalaşdırlması üzrə təklifləri ekspertlərin diqqətinə təqdim edib.

İxtira barədə geniş məlumat verən M.Alosmanov bildirib ki, istehsalı nəzərdə tutulan yeni meliorant maddəsi Azərbaycanda  tam yararsız (qatı şoran) torpaqları əkinçilik üçün yararlı hala gətirməkdə yüksək səmərə vəd edir. Yeni üzvi mineral kompleksinin istehsalından ötrü  xammal isə dağ-mədən və neft sənayesi tullantıları, məişət tullantılarının utilizasiyası nəticəsində alınan maddələr və s. ibarət olacaq.

Müzakirələr zamanı məlum olub ki, istehsalı nisbətən az məsrəflə başa gələcək "melıorant" torpağı məhsuldar vəziyyətə gətirmək üçün lazım olan  maddələrlə zənginləşdirməklə yanaşı, ölkədə qeyri-məhsuldar torpaqların tam təmizlənməsi, ekoloji balansın sabitliyi, gübrə idxalının xeyli azalması, məhsuldarlığın diqqətəçarpacaq dərəcədə artması, yeni iş yerlərinin yaranması ilə nəticələnəcək. Görüşün sonunda qərara alınıb ki, YT Parkında  təcrübə-sənaye qurğusunda təklif olunan texnologiya əsasında meliorant və üzvi-mineral xüsusiyyətə malik kompleks birləşməsinin istehsalı üçün hazırlıq işləri görülsün və şoran torpaqlarda sınaq      təcrübələri təşkil edilsin.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015