AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutunda Elm Günü qeyd edilib
Mart 28, 2019 | 03:05 / Konfranslar, iclaslar
Oxunub 314 dəfə

AMEA akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda  Elm Günü münasibəti ilə Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Tədbirdə Yer Elmləri Bölməsinin akademik-katibi, akademik  Fəxrəddin Qədirov və eləcə də BDU coğrafiya fakültəsinin tələbələri iştirak ediblər.

Akademik  F.Qədirov elm bayramı münasibəti ilə İnstitut kollektivini və bütün coğrafiyaçıları təbrik edib, İnstitutun fəaliyyətini və əldə etdiyi nailiyyətləri  yüksək qiymətləndirib, gələcəkdə də elmin inkişafı yolunda kollektivə böyük uğurlar arzulayıb.Bildirib ki, ölkəmizdə bu bayramın ilk dəfə olaraq qeyd edilməsi əlamətdar bir hadisədir, bu gün həm də AMEA-nın təsis olunduğu günə təsadüf edir.

Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov  “Azərbaycanda coğrafiya elminin bugünkü vəziyyəti, gələcək perspektivləri və prioritet  istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.  Bildirilib ki, coğrafiya elminə xidmətin əsası AMEA-nın Coğrafiya İnstitutunda qoyulub və coğrafiya elminin bütün sahələrinin formalaşması buradan başlayır. Coğrafiyanın elə spesifik cəhətləri vardır ki, bunlar məhz coğrafiya, yer  elmləri üçün prioritet sahələrdir.

Məruzəçi diqqəti yaxın gələcəkdə  landşaft planlaşdırılmasının elmi-nəzəri və təcrübi əsaslarının işlənilməsinə, bu barədə icra orqanlarına təkliflərin hazırlanmasına yönəıldib.

Direktor müavini şöbə müdirlərinə müraciət edərək şöbənin görmək istədiyi perspektiv istiqamətlər haqqında fikirlərini bildirməyi xahiş edib, bunun gələcək üçün İnstitutun prioritet istiqamətlərini müəyyənləşdirmək, elmi tədqiqat işlərini təyin etmək üçün əsas verəcəyini diqqətə çatdırıb.

Akademik F.Qədirov  Coğrafiya İnstitutunun prioritet istiqamətlərinin Yer Elmləri Bölməsinin uyğun elmi tədqiqat institutları ilə birgə həyata keçirməyi məqsədəuyğun hesab edib, qeyd edib ki, elmdə rəqabət yaxşıdır, amma birgə iş daha çox  fayda verə bilər. Bölmə rəhbəri diqqəti həmçinin elmi saytlardan daha çox istifadəyə, elmi məqalələrin xaricdə nəşrinə çəkib.

Sonda tədbir iştirakçıları Elm Günü münasibətilə təşkil edilmiş  sərgiyə baxıblar.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;   mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015