AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda Suraxanı məktəbliləri ilə görüş keçirilib
Apr 15, 2019 | 09:59 / Konfranslar, iclaslar
Oxunub 951 dəfə

H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Suraxanı rayonunun 232 saylı orta məktəbinin şagirdləri üçün “Müasir coğrafiya elminin  təcrübi-metodiki əsasları” mövzusunda növbəti seminar keçirilib.

İnstitutun direktoru akademik Ramiz Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 232 nəmrəli məktəbin kollektivi ilə görüşlər təqdirəlayiq haldır. Bu ənənə halını almışdır. Coğrafiyaçı alimlərin 2018-ci ilin noyabrında Suraxanı məktəbində “Kiçik akademiya” şagirdlərinin iştirakı ilə coğrafiya aylığı çərçivəsində “Azərbaycan - Odlar diyarı” mövzusundakı tədbir keçirmişlər.  Həmin məktəbin şagirdləri ilə 2017-ci ilin mart ayında “Günəş enerjisindən istifadə”  mövzusunda görüş-seminarı reallaşıb.  İnstitutun  əməkdaşı, həmin məktəbin məzunu, c.ü.f.d. Etibar Bədəlovun tez-tez məktəbdə olur, müxtəlif tədbirlərdə iştirak edir. Belə ünsiyyət gənclərdə elmə, xüsusən coğrafiya elminə olan marağın artmasına xidmət edir, gələcəkdə onların peşə seçimində müsbət rol oynaya biləcəyi şübhəsizdir”.

R.Məmmədov həmçinin coğrafiyanın müxtəlif istiqamətlərində İnstitutda aparılan elmi işlərdən, çöl  tədqiqatlarından, yeni  əhəmiyyətli nəşrlərdən, coğrafi problemlərdən  də söhbət açıb.

Coğrafi fikir tarixi şöbəsinin rəhbəri, c.ü.f.d. Habil Haqverdiyev coğrafiya elminin inkişafında böyük rol oynayan görkəmli alimlər, İnstitutun son illərdə qazandığı nailiyyətlər, Azərbaycan Coğrafiya Cəmiyyətinin 80 illik yubileyinə hazırlıq və s. haqqında şagirdlərə məlumat verib.

İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.ü.e.d. Zakir Eminov bölümə daxil olan Siyasi və iqtisadi coğrafiya, Demoqrafiya  və əhali coğrafiyası, Turizm və Tibbi coğrafiya şöbələrinin fəaliyyəti, Azərbaycanın iqtisadi rayonları, coğrafiya tədris materialları haqqında danışıb, məktəbin coğrafiya müəllimlərinin tədris kitablarına olan fikir və iradlarını dinləyərək  suallarını cavablandırıb.

Qurunun hidrologiyası şöbəsinin rəhbəri, c.ü.e.d. Rəna Bəyim Qaşqay məktəblilərin Coğrafiya İnstitutu ilə əlaqələrini yüksək qiymətləndirib,  şagirdlərə öz tövsiyələrini verərək vətəni yaxşı tanımaq və sevmək, onun coğrafiyasını öyrənmək, eləcə də maraq dairəsini genişləndirmək məqsədilə gənclərin ölkənin müxtəlif guşələrinə  səfərlərinin  əhəmiyyətini  diqqətə çatdırılıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova öz növbəsində Şuranın fəaliyyəti, nailiyyətləri və perspektivlərinə dair fikirlərini şagirdlərlə bölüşüb.

Coğrafiya üzrə fəlsəfə doktorları  Elina Kərimova və Etibar Bədəlov “Azərbaycanın palçıq vulkanları” mövzusunda təqdimatla çıxış ediblər, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015