AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Rusiya Elmlər Akademiyasının prezidenti RSXM-də olub
May 21, 2019 | 10:02 / Görüşlər
Oxunub 128 dəfə

Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının prezidenti akademik Aleksandr Sergeyev AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın Yer Elmləri bölməsinin akademik – katibi  akademik Fəxrəddin Qədirov və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin iştirakı ilə keçən görüşdə bildirilib ki, hazırda respublika ərazisində mərkəzin 35 daimi peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi fəaliyyət göstərir və həmin stansiyalar vasitəsilə  alınan məlumatlar "real vaxt" rejimində Monitorinq Mərkəzinə ötürülərək emal edilir. O da vurğulanıb ki, seysmik stansiyalar vasitəsi ilə ən zəif təkanlar da qeydə alınır və bu məlumatlar aparılan elmi tədqiqatlarda istifadə edilir.

Həmçinin RSXM-in respublika ərazisində 24 GPS stansiyası, 6 geofiziki, 5 geokimyəvi stansiyaları da fəaliyyət göstərir ki, bu da Mərkəzdə kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparılmasına imkan verir.

Görüşdə Respublika Seysmoloji  Xidmət Mərkəzinin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Azərbaycan ərazisində aparılan kompleks seysmoloji, geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar və alınmış nəticələrin emalına dair təqdimatla çıxış edib.

Rusiya Elmlər Akademiyasının prezidenti akademik Aleksandr Sergeyev Mərkəzdə görülən işləri yüksək qiymətləndirərək, Azərbaycanda aparılan seysmoloji tədqiqatlar zamanı yaxşı nəticələr əldə olunduğunu qeyd edib. O bu sahədə Rusiya və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb,  bunun hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015