AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycan Coğrafiya Cəmiyyətinin 80 illik yubileyi və X qurultayı keçirilib
May 27, 2019 | 09:33 / Konfranslar, iclaslar
Oxunub 49 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun dəstəyi ilə Qəbələdə Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC)  80 illik  yubileyi  və  X  qurultayı keçirilib.

Əvvəlcə qurultaylararası dövrdə dünyasını dəyişmiş coğrafiyaçı alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ACC-nin prezidenti akademik Ramiz Məmmədov çiriş sözü ilə çıxış edərək ölkə elminin inkişafında əlaqələndirici və istiqamətverici rol oynayan və 80 illik yubileyi qeyd edilən Azərbaycan Coğrafiya Cəmiyyətinin nüfuzlu bir təşkilata çevrildiyini diqqətə çatdırıb. Prezident bildirib ki, ACC-nin əsas məqsədi coğrafi məsələlərin - təbiət və cəmiyyətin bütövlüyünün ərazi problemlərinin həllində, təbii ehtiyatların səmərəli istifadəsində, demoqrafik və milli xüsusiyyətləri nəzərə almaqla təsərrüfatın inkişafında,  təhsildə, coğrafi biliklərin təbliğində ümumi maraqları olan şəxsləri və təşkilatları öz sıralarında birləşdirərək bu sahələrin inkişafına nail olmaqdır.

R.Məmmədov “Azərbaycan Coğrafiya Cəmiyyəti 80 ildə” adlı məruzəsində  Cəmiyyətin yaranma tarixi, ona rəhbərlik edən görkəmli alimlər, struktur və sahə bölmələri, prioritet istiqamətləri, beynəlxalq əlaqələri, nəşr fəaliyyəti, Azərbaycanda orta və ali məktəblərdə coğrafiyanın tədrisi, əldə edilən nailiyyətlər, qazanılan mükafatlar, coğrafiya elmində öz sözünü demiş alimlərin yubileylərinin təşkili, ictimaiyyətlə əlaqələr, təşkil olunan ekoturlar  və s. barədə geniş danışıb.

Plenar iclasda ACC-nin katibi c.ü.f.d. Mirnuh İsmayılov “Fiziki coğrafiya elminin Azərbaycan təbiətinin öyrənilməsində nailiyyətləri, problemləri və onların cəmiyyətə çatdırılması yolları”, c.e.d. Zakir Eminov “İnsan coğrafiyası: iqtisadi, sosial və demoqrafik tədqiqatlar, davamlı inkişafın ictimailəşməsində ACC-nin rolu”, c.e.d. Rza Mahmudov “Qlobal iqlim dəyişmələrinin Azərbaycanda təzahürlərinin əsas xüsusiyyətləri”, c.e.d. Əmir Əliyev “Xəzər dənizinin tədqiqinin müasir vəziyyəti, onun Azərbaycanın sosial-iqtisadi həyatında rolu”, c.ü.f.d. Oqtay Alxasov “Orta məktəblərdə coğrafiyanın tədrisinin əsas xüsusiyyətləri”, c.e.d. Məhəmməd Abduyev  “Ali Təhsil müəssisələrində coğrafiyaçı  kadrların hazırlanmasının müasir vəziyyəti və perspektivlər” və c.e.d. Şövqi Göyçayev “Ətraf mühitin mühafizəsi ümumxalq işidir” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin ikinci günü davam edən iclasda dosent Məhərrəm Həsənov Azərbaycan Coğrafiya Cəmiyyətinin beynəlxalq əlaqələri və nəşr fəaliyyəti haqqında geniş məruzə edib.

Xanım Rzazadə məruzəsində Cəmiyyətin ictimai əlaqələr şöbəsinin fəaliyyətindən danışıb, bəzi statistik məlumatları diqqətə çatdırıb. Emin Cəbrayılov video çarxların nümayişi ilə Cəmiyyətin təşkil etdiyi ekoturlar və səfərlər haqqında təqdimatla çıxış edib.  C.ü.f.d. Elxan Məmmədbəyov  ACC-nin təftiş komissiyasının hesabatını iştirakçıların diqqətinə çatdırıb.

Sonra mövzular ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Qurultayın əvvəlcədən iştirakçılara paylanmış qərar layihəsi təkliflər nəzərə alınmaqla ikinci oxunuşda təsdiq edilib.

Sonda təşkilati məsələlərə baxılıb. Rəyasət heyətinin 23 nəfərdən ibarət üzvü təsdiq edilib. Akademik Ramiz Məmmədov növbəti dəfə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, dosent Məhərrəm Həsənov birinci vitse prezident, c.e.d. Şəkər Məmmədova və c.ü.f.d. Şahin Pənahov vitse prezident seçiliblər.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015