AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı keçirilib
Avg 08, 2019 | 10:50 / Yeni nəşrlər
Oxunub 63 dəfə

Beynəlxalq Mətbuat Mərkəzində  AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik, millət vəkili İsa Həbibbəyli, Coğrafiya İnstitutunun direktoru  akademik Ramiz Məmmədov, Milli Məclisin deputatı Fazil Mustafa,  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru  AMEA-nın müxbir üzvi Əlövsət Quliyev, Naxçıvan Muxtar Respublikasıının daimi nümayəndəliyinin rəhbəri  Bəxtiyar Əsgərov, Coğrafiya İnstitutunun əməkdaşları, BDU-nun alimləri  iştirak ediblər.

Akademik Ramiz Məmmədov tədbiri açaraq bildirib ki, bütünlükdə Azərbaycan ərazisi Coğrafiya İnstitutunun tədqiqat “laboratoriyasıdır”. Çünki İnstitut onun landşaftını, geomorfologiyasını, iqlimini, hidrologiyasını, torpaqlarını, əhalisini və s. öyrənir. “Biz qərara aldıq ki, hər bir bölgənin coğrafiyasını daha düzgün  və dolğun öyrənmək üçün bölgələrə səfərlər etməliyik və bu məqsədlə elmi tədbirlərimizi yerlərdə keçirməyə başladıq”, - deyən akademik bu  üsulun yaxşı nəticə verdiyini, “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyinin uğurunu və onun Dövlət Mükafatına layiq görüldüyünü diqqətə çatdırıb.

İkicildlik haqqında geniş məlumat verən İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirib ki,  ikicildliyin birinci – fiziki coğrafiya cildində zəngin təbii şəraitə və ehtiyatlara malik, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Muxtar respublikanın  oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılıb, alternativ enerji mənbələri, qlobal iqlim dəyişmələrinin regional təzahürü, MR iqliminin insan səhhətinə təsiri kimi məsələlər də öz əksini tapıb.

Akademik İsa Həbibbəyli çıxışında “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” monoqrafiyasını yazmaqla Coğrafiya İnstitutunun və eləcə də AMEA Naxçıvan bölməsinin alim və  mütəxəssisləri Azərbaycan elmindəki böyük böşluğu doldurublar” mülahizəsini xüsusilə vurğulayıb.

Milli Məclisin deputatı Fazil Mustafa,  NMR-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri  Bəxtiyar Əsgərov cıxış edərək Muxtar Respublikanın son illərdə əldə etdiyi böyük nailiyyətlərdən, onun çoxşahəli proqram və layihələr həyata keçirməsindən söz açıblar, bu uğurların ikicildlikdə öz əksini tapmasından qürur duyduğunu dilə gətiriblər.

AMEA-nın müxbir üzvi Əlövsət Quliyev coğrafiya və ona yaxın sahələrdə  Naxçıvanda görülən işlərdən söz açıb, ikicildliyin məziyyətlərini diqqətə çatdırıb.  

Naxçıvan ərazisini unikal adlandıran BDU-nun  kafedra müdiri, professor Tapdıq Həsənov bu kitabın müasir bazar iqtisadiyyatına uyğun yazıldığını qeyd edib.

Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən akademik Ramiz Məmmədov “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatının inkişafında müsbət rol oynayacağına əminliyini bildirib.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015