AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutunda CİS üzrə təlimlər başlayıb
Okt 07, 2019 | 10:14 / Konfranslar, iclaslar
Oxunub 16 dəfə

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə başlanılıb. Coğrafiya İnstitutunda iki həftə davam edəcək təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli aparır.

İnstitutun direktoru akademik Ramiz Məmmədov giriş sözü ilə çıxış edərək bildirib ki, müasir zamanda CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edilir. İnformasiyanın əldə olunması və emalı, onun istifadəçiyə çatdırılmasında CİS liderlik mövqeyini saxlayır. CİS-ə yer səthinə aid informasiyaların toplanması, inteqrasiyası və təhlili üçün xüsusi proqramlarla təchiz olunmuş kompüter sistemi kimi baxılır və onlar daim təzələnir. CİS təhlildən istifadə edərək verilənlər bazasının yaradılması və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ölkəmizdə qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının artmasına təkan verə bilər.

Coğrafi informasiya sistemlərinin yaranması və mahiyyəti barədə məlumat verən Professor Əli Əkbər Rəsuli  tədbirin əhəmiyyətini vurğulayıb ki, ətraf mühitin monitorinqində, təbii fəlakətlərin və təbii resursların idarə olunmasında CİS vasitəsi ilə əvvəlcədən təhlükələrin aşkar edilməsi və fəlakətlərin qarşısının alınmasında CİS təhlili zəruridir.

Təlimlərin təşkilində xüsusi rolu olan və ArcGIS proqramı üzrə praktik məşğələlər keçirən Coğrafiya İnstitutu Geoinformatika və kartoqrafiya şöbəsinin əməkdaşı Yaşar Nəsibov da tədbirdə CİS proqramlarının tətbiqi barədə danışıb.

Təlimlərdə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya institutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti iştirak edir.

AMEA akademik H. Əliyev adına  Coğrafiya İnstitutunun

Ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015