AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Mingəçevir şəhərində təbii-təsərrüfat sistemlərinə dair konfrans keçirilib
Noy 12, 2019 | 03:12 / Konfranslar, iclaslar
Oxunub 134 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində  “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə şəhər İcra hakimiyyətinin nümayəndəsi Sahil Babayev konfrans iştirakçılarını salamladıqdan sonra Mingəçevir şəhərinin statusu,  onun iqtisadi inkişafı, sənaye obyektləri, əhalisi və s. haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb.

Coğrafiya İnstitutunun direktoru və Coğrafiya Cəmiyyətinin prezidenti akademik Ramiz Məmmədov giriş sözü ilə çıxış edib.

Sonra onun, plenar iclasda “İqlim dəyişmələrinin arid ərazilərin təbii-təsərrüfat sistemlərinə təsiri” mövzusunda geniş təqdimatı olub. Alim məruzəsində iqlim dəyişmələrinin nəzəri əsaslarını verərək ölkədə aparılan iqlim tədqiqatları, müşahidə olunan iqlim parametrləri, iqlim dəyişmələrinin kənd təsərrüfatına, su ehtiyatlarına, Xəzər dənizi səviyyəsinə, insan sağlamlığına təsirləri və sairdən danışıb.  Akademik diqqətə çatdırıb ki, iqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə bitki örtüyü azalacaq, şoranlaşmış ərazilərin sahəsi  və  səhralaşma prosesi artacaq,  su qıtlığı yaranacaq, yağıntılar azaldığından çayların suyu azalacaq, Xəzərdə buxarlanma artacaq, Kür-Araz ovalığında quraqlığın  50-60 gündən çox olması ehtimalı yaranacaq  və s.

Coğrafiya üzrə elmlər doktoru Zakir Eminov “Azərbaycanda əhalinin həyat keyfiyyəti və onun demoqrafiq inkişafa təsiri” mövsusu ilə çıxış edib. Tədqiqatçı  Azərbaycanda  ümumi, şəhər və kənd  əhalisinin min nəfərə görə və onun   iqtisadi rayonlar üzrə say artımını göstərib,  bu rayonların  urbanizasiya səviyyəsini,  hər 1000 nəfərə görə əhalinin doğum, ölüm və təbii artım, nəsilvermə,  uşaq və ana ölümü  əmsallarını dəqiqləşdirib.

Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov coğrafiya üzrə fəlsəfə doktorları Elina Kərimova və İrina Kuçinskaya ilə həmmüəllif olduğu  ”Arid və semiarid ərazilərin landşaft-ekoloji vəziyyəti və optimallaşdırılmasının əsas prinsipləri” adlı  geniş məruzəsində  kosmik şəkillər, topoqrafiq xəritə və çöl tədqiqat materialları əsasında tədqiqat apardıqları ərazinin coğrafi informasiya bazasını yaratdıqlarını  və geniş təhlillər apardıqlarını diqqətə çatdırıb.

Plenar iclasda həmçinin coğrafiya üzrə fəlsəfə doktorları Habil Haqverdiyevin “Azərbaycanın arid-landşaft ehtiyatları  və istifadə problemləri”,  Zaur İmraninin “Davamlı  turizm  təsərrüfatı”, Zərnurə Həmidovanın “Məsafədən zondlama materialları əsasında sel təhlükəli sahələrin aşkarlanma metodikası”, Gəncə Universitetinin müəllimi c.ü.f.d. Nəsibə Hacıyevanın “Abşeron yarımadasında yerləşən şəhərlərin iqlim xüsusiyyətləri...” adlı məruzələri dinlənilib.

Sonra coğrafiya üzrə elmlər doktoru Yelena Tağıyeva, coğrafiya üzrə fəlsəfə doktorları Ənvər Əliyev, Zabit Allahverdiyev, Qalib Rüstəmov, Mətləb Rəhimov, Etibar Bədəlov, Xudu Məmmədov, Arifə Əhmədli, elmi işçilər – Gülsarə İmanova, Tural Bayramov və Solmaz Rzayeva “Fiziki coğrafiyanın müasir problemləri, təbii ehtiyatlardan istifadə və ekoloji tarazlığın qorunması” və “İqtisadi coğrafiyanın müasir problemləri, təsərrüfatın və əhalinin ərazi təşkili” bölmələri üzrə keçirilən iclaslarda məruzələrlə çıxış ediblər. Coğrafiyaçı tədqiqatçılar regionların təbii ehtiyat potensialından istifadə problemləri, landşaftlardan istifadənin vəziyyəti və perspektivləri, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, torpaq-bitki örtüyünün mühafizəsi, sosial-iqtisadi və demoqrafik inkişaf, torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri və həlli yolları, həyat səviyyəsinin insan sağlamlığına təsiri və s. kimi məsələləri müzakirə ediblər.

Həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, təbii-coğrafi şəraitin potensialından istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi  konfransın  prioritet məsələlərindən olub.

Konfransın sonunda  geniş müzakirələrdən sonra qərar layihəsini təsdiq edən sənəd qəbul edilib.

 

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015