AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatı təqdim edilib
Dek 18, 2019 | 09:59 / Konfranslar, iclaslar
Oxunub 138 dəfə

Azərbaycan  Milli  Elmlər Akademiyası  nəzdində  Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) AMEA  Yer  Elmləri  bölməsinin iclası keçirilib.  Bölmənin akademik - katibi  akademik  Fəxrəddin  Qədirovun sədrliyi ilə keçirilən iclasda AMEA - nın vitse - prezidenti, Neft və Qaz İnstitutunun direktoru akademik İbrahim Quliyev, Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru  akademik Ramiz Məmmədov, bölməyə daxil olan elmi müəssisə və təşkilatların nümayəndələri, bölmə üzvləri və RSXM əməkdaşları iştirak ediblər. 

Tədbiri açan akademik Fəxrəddin Qədirov bildirib ki,  gündəliyə  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2019-cu ildə apardığı elmi və elmi-təşkilati işlərinin  yekunlarına dair illik hesabatın təqdimatı və müzakirəsi daxildir.

RSXM - nin illik hesabatını mərkəzin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli təqdim edib. Baş direktor əvvəl təşkilatın strukturu, il ərzində mərkəzə daxil olan rəsmi sənədlərin icra vəziyyətinə dair məlumatları diqqətə çatdırıb. Daha sonra 2019-cu il ərzində RSXM-də aparılmış kompleks seysmoloji, geofizki və geokimyəvi tədqiqatlar və alınmış nəticələr açıqlanıb. Bildirilib ki, cari ildə RSXM -nin seysmik stansiyaları tərəfindən 12 914 zəlzələ qeydə alınmışdır. Litosferdə gedən geodinamik proseslər nəticəsində hiss olunmayan və xırda zəlzələlərin daim baş verdiyini qeyd edən baş direktor qeydə alınmış zəlzələlərin 5298 - nin yerli, 6748 - nin isə regional zəlzələ olduğunu vurğulayıb. Azərbaycan ərazisində baş verən zəlzələlərdən 79-nun maqnitudası 3-dən yuxarı olmuşdur. Respublika ərazisində il ərzində 25 hiss olunan zəlzələ baş vermişdir.  Ən güclü zəlzələ isə  fevralın 5-də Şamaxı-İsmayıllı-Ağsu ərazisində qeydə alınmışdır. Həmin zəlzələnin maqnitudası  5.2 olmuşdur. Bununla yanaşı, il ərzində RSXM-nin seysmik stansiyaları tərəfindən 3 palçıq vulkanı  püskürməsi qeydə alınmışdır ki, həmin püskürmənin ikisi ( Quşçu vulkanı) Şamaxı-İsmayıllı-Ağsu zəlzələsindən sonra fevralın 13-də   qeydə alınmışdır.

RSXM-nin baş direktoru çıxışında 2019-cu ildə geofiziki, geokimyəvi, geodinamik sahələr üzrə görülən işlər və alınmış nəticələri  barəsində də danışıb.

Hesabatın təqdimatından sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri akademik Pərviz Məmmədov, AMEA Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə,  Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru  akademik Ramiz Məmmədov,  AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri akademik Hətəm Quliyev və AMEA Yer Elmləri bölməsinin akademik-katibi akademik Fəxrəddin Qədirov çıxış edərək  fikir və təkliflərini bildiriblər.

Hesabat bölmə üzvləri tərəfindən müsbət qiymətləndirilərək qəbul edilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015