AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Neft və Qaz İnstitutu illik hesabat verib
Dek 20, 2019 | 09:51 / Konfranslar, iclaslar
Oxunub 111 dəfə

Neft və Qaz İnstitutunda (NQİ) AMEA-nın Yer Elmləri Bölməsinin iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölmə üzvləri, bölməyə daxil olan elmi müəssisə və təşkilatların direktorları və digər şəxslər iştirak ediblər.

Akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda Neft və Qaz İnstitutunun 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair illik hesabatı dinlənilib.

Müəssisənin hesabatını təqdim edən NQİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov bildirib ki, cari ildə institutda "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" və AMEA Rəyasət Heyətinin tövsiyyə edilən elmi-tədqiqat proqramları çərçivəsində, eləcə də "BP Azərbaycan" şirkətinin və "Azneft" İstehsalat Birliyinin sifarişi ilə araşdırmalar aparılıb.

O, araşdırmaların "Böyük dərinliklərin karbohidrogen sistemləri", "Neft və qaz yataqlarının işlənməsinın nəzəriyyəsi və praktikası" və "Geoekologiya" problemləri üzrə aparıldığını diqqətə çatdırıb. Tədqiqatlar nəticəsində Azərbaycanın tektonik xəritələrində əks edilmiş qırılmaların fəzada yerləşməsinə dair yeni məlumatların əldə edildiyini, həmçinin Cənubi Xəzər meqaçökəkliyinin kristallik bünövrəsinin neft-qaz perspektivliyinin qiymətləndirildiyini deyib. Bundan əlavə, institutda Naftalan neftinin müalicəvi xüsusiyyətlərinin tədqiqi məqsədilə onun tərkibinin Azərbaycanın digər neft yataqlarının naften neftlərinin tərkibi ilə müqayisəsi aparılıb və Naftalan neftinin tərkibində karbohidrogenlərin, mikroelementlərin və nəcib metalların miqdarının yülsək olduğu müəyyən edilib.

Müəssisə əməkdaşlarının elmi nəticələrinin 91 məqalə və tezisdə çap olunduğunu deyən V.Qurbanov 6 məqalənin isə Thomson Reuters və SCOPUS bazalarına daxil olan jurnallarda işıq üzü gördüyünü vurğulayıb.

Məruzəçi hesabat ilində, həmçinin Qazaxıstanın Atırau Neft və Qaz Universiteti, Rusiya Elmlər Akademiyasının Paleontologiya, Geologiya institutları, o cümlədən Ukrayna Elmlər Akademiyasının Geologiya Elmləri İnstitutu ilə əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. O, cari ildə NQİ əməkdaşlarının beynəlxalq konfranslarda, seminarlarda və çöl tədqiqatlarında iştirak etdiyini bildirib.

Daha sonra məruzə ətrafında müzakirələr aparılıb, səsvermə nəticəsində hesabat yekdilliklə qəbul edilib.

Neft və Qaz İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 077 533 59 27

gulgez_memmedova@mail.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015