AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Ekoloji risklər xəritəsi nazirlik nümayəndələri ilə müzakirə olunub
Fev 14, 2020 | 09:42 / Konfranslar, iclaslar
Oxunub 102 dəfə

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev başda olmaqla nazirliyinin bir qrup məsul işçisi AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda olublar.  Məqsəd İnstitut əməkdaşları tərəfindən tərtib edilmiş Azərbaycanın ekoloji risklər xəritəsi ilə yaxından tanış olmaq və bu istiqamətdə müzakirə və qarşılıqlı fikir mübadiləsi aparmaq olub.

İnstitutun direktoru akademik Ramiz Məmmədov  məlumat verərək bildirib ki, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov ilə birgə tərtib etdikləri xəritə Coğrafiya İnstitutu əməkdaşlarının son illərdəki zəhmətinin nəticəsidir. Onun tərtibində şəxsi müşahidələrlə yanaşı, İnstitutun indiyədək hazırladığı mövcud xəritələrdən geniş istifadə olunub. Yeni texnologiyalar yarandıqca, texnogen hadisələr artdıqca risklərin də sayı artır. Ona görə xəritədə daim dəyişikliklər edilməlidir.

Sonra Mirnuh İsmayılov təqdimatla çıxış edərək problemin aktuallığını təyin edən səbəblər, insan həyatı üçün təhlükə törədən texnogen amillər,  təbii fəlakətlərin yayılmasının qanunauyğunluqları, Azərbaycanda ekoloji risklərin qiymətləndirilməsi və xəritələşdirilməsi haqqında məlumat verib.

Nazir müavini Azərbaycanın ekoloji risklər xəritəsinin hazırlamasında Coğrafiya İnstitutu alimlərinin əməyini yüksək qiymətləndirib və hər iki müəssisənin əlində olan materialları birləşdirərək  ölkə üçün strateji əhəmiyyət kəsb edən iri miqyaslı uyğun  xəritələrin hazırlanmasında birgə əməkdaşlığın daha yüksək səmərə verəcəyini qeyd edib.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015