AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ-də Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilib
Fev 27, 2020 | 03:52 / Konfranslar, iclaslar
Oxunub 32 dəfə

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov iştirak edib.

Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru  akademik Ramiz Məmmədov bildirib ki, Azərbaycan xalqına qarşı törədilən Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Faciə ilə bağlı dəhşətli faktlar dünya ictimaiyyətinə çatdırılıb və çatdırılmaqda davam edir. Artıq milyonlarla insan dünyanın müxtəlif guşələrində erməni təcavüzkarlarının iç üzünü tanıyır.

Xocalı soyqırımının dünyanın hər yerində tanınması, cinayətkarların cəzalandırılması,  siyasi və qanuni qərarlar qəbul edilməsi üçün Azərbaycan dövləti tərəfindən  lazım olan bütün işlərin görüldüyünü deyən akademik faciəni törədənlərin gec-tez  Beynəlxalq Tribunal qarşısında duracağına ümid bəslədiyini bildirib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə “Xocalı yaddaşımız” mövzusunda təqdimatla çıxış edərək faciənin yaranma səbəbləri, tarixi, nəticələri barədə danışıb. O bildirib ki, Ermənistan muxtar bölgədə yeganə hava limanı olan və dəmir yolunun keçdiyi strateji əhəmiyyətə malik Xocalını əvvəllər də işğal etmək üçün buraya hücumlar etmiş, dəfələrlə Qarabağın taleyini dəyişdirmək məqsədilə tədbirlər görmüşdü. Keçmiş sovet qoşunlarından alınmış  hərbi texnikanın və  hərbçilərin köməyi ilə gözü qızmış ermənilərin Xocalıya budəfəki hücumu əsl soyqırımı ilə nəticələndi. Bu amansız qırğından əsas məqsəd isə psixoloji təzyiqlə azərbaycanlıları qorxutmaq və zəiflətmək olub.

Rrofessor H. Qurbanov çıxış edərək  o vaxtlar bölgədə olarkən gördüyü, şahidi olduğu hadisələrdən söhbət açıb. Eyni zamanda bildirib ki, Xocalıda həlak olanların sayı göstərildiyi kimi 613 deyil, 763 olub.

İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev qeyd edib ki, Xocalı həqiqətlərini  gələcək nəsillərə çatdırmaq, şəhidləri daim anmaq, onlara rəhmət diləmək Azərbaycan xalqının mənəvi borcudur.

Sonra Cİ-nin şöbə müdiri, a.ü.f.d. Ənvər Əliyev Xalq Cəbhəsinin üzvü kimi Xocalı faciəsi zamanı qurumun və özünün fəaliyyətindən söz açıb.

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015