AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan və Ukrayna alimləri birgə tədqiqatlara başlayırlar
Mart 02, 2020 | 10:47 / Konfranslar, iclaslar
Oxunub 85 dəfə

Azərbaycan və Ukrayna alimləri Qafqaz regionunun geoloji quruluşunun öyrənilməsinə dair birgə tədqiqatlara başlayırlar.

2019-cu ilin sonunda AMEA-nın Neft və Qaz İnstitutu ilə Ukrayna Milli Elmlər Akademiyasının Geologiya Elmləri İnstitutu arasında elmi əməkdaşlığa dair saziş imzalanıb. Sənəddə “Qafqaz regionunun çöküntü hövzələrinin neftqazlılığı ilə əlaqədar geoloji quruluşun öyrənilməsi” mövzusu üzrə iki qurum arasında birgə tədqiqatların aparılması nəzərdə tutulub.

Bu mövzu üzrə 2020-2022-ci illər ərzində prioritet istiqamət kimi Ön Qafqaz və Zaqafqaziyanın mikrofauna və mikroflorasının müxtəlif qrupları üzrə çöküntü təbəqələrinin nisbi yaşının müəyyənləşdirilməsi ilə kaynozoy çöküntülərinin stratiqrafiya, paleontologiya və paleogeoqrafik vəziyyəti araşdırılacaq.

Müqavilə çərçivəsində Azərbaycanın maykop seriyasının yataqlarının öyrənilməsi üzrə birgə tədqiqat işlərində iştirak üçün Ukrayna MEA-nın Geologiya Elmləri İnstitutunun Müasir dəniz sedimentogenezi bölməsinin böyük elmi işçisi, geologiya üzrə fəlsəfə doktoru Anna-Xristian Kluşina AMEA-nın Neft və Qaz İnstitutunda olub.

A.Kluşina tərəfləri maraqlandıran sahələrdə Neft və Qaz İnstitutunda görülən işlərlə tanış olub, bu isə mövcud birgə sazişə əsasən konkret iş planının hazırlanmasında əksini tapıb. Tərtib edilmiş plana birgə laboratoriya tədqiqatlarının aparılması, əldə olunan nəticələrin analizi ilə yanaşı, Azərbaycan və Ukrayna alimləri tərəfindən respublika və beynəlxalq səviyyəli elmi jurnallarda məqalələrin nəşri, o cümlədən beynəlxalq konfranslarda təqdimatların edilməsi daxildir.

Əlaqə:

Email: huseynova_shalala@yahoo.com 

Tel.: (012) 498-12-83; 493 67 51

Mob.: (050) 370 54 53 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015