AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
TOFİQ İSMAYILZADƏ-90
Mart 04, 2020 | 11:26 / Konfranslar, iclaslar
Oxunub 42 dəfə

XX əsrdə Azərbaycanda geofizikanın inkişafı neft sənayesinin uğurları ilə sıx bağlı olub. Belə ki, geologiya və fizika elmlərinin qovuşmasından yaranan kəşfiyyatın geofiziki üsulları üzrə elmi istiqamət mütəxəssislərin diqqətini cəlb edib. Geofiziki tədqiqatların seysmokəşfiyyat, elektrokəşfiy­yat kimi digər növləri Azərbaycanda neft hasilatının səmərələşdirilməsinə mühüm təkan verib.

XX əsrin 50-ci illərinin sonunda keçmiş SSRİ-də yer fizikası sahəsində gələcək uğurların əsasında dayanan regional geofizika böyük aktuallıq kəsb etməyə başlayıb. Azərbaycanda bu elmi istiqamətin əsasını qoyanlardan biri Moskva Dövlət Universitetinin məzunu, fizika-riyaziyyat elmləri doktoru, professor Tofiq İsmayılzadədir.

1930-cu il mart ayının 1-də anadan olmuş T.İsmayılzadə qeyri-adi tədqiqatçı qabiliyyəti və təşkilati bacarığı ilə qısa müddət ərzində Azərbaycanın görkəmli geofizik mütəxəssəsləri arasında böyük rəğbət qazanıb. Bu vaxtdan yer fizikasının bir çox istiqamətlərinin sistemli inkişafı başlayıb. Qısa müddətdə Moskvada SSRİ Elmlər Akademiyasının Yer Fizikası İnstitutunda palemaqmatizm, seysmologiya, qravimetrik tədqiqatlar, yüksək termobarik şəraitdə süxurların öyrənilməsi və s. istiqamətlər üzrə namizədlik dissertasiyaları müdafiə olunub.

Professor Tofiq İsmayılzadə Azərbaycanda yerin maqnetizm və paleomaqnetizm istiqamətinin əsasını qoyub, bu sahədə elmi məktəb yaradıb. Onun rəhbərliyi və iştirakı ilə zəlzələlərin proqnozlaşdırılmasının elmi əsası işlənib hazırlanıb, yeni geofiziki aparatların yaradılması sahəsində mühüm işlər görülüb. Alimin əsas elmi nailiyyəti Azərbaycanın mezokaynozoy çöküntülərinin regional paleomaqnit şkalasının qurulması (həmmüəlliflə) olub. T.İsmayılzadənin tədqiqatları nəticəsində əldə olunan paleomaqnit qütbləri Dünya Məlumatlar Mərkəzinin materiallarına daxil edilib. O, ilk dəfə olaraq istənilən geoloji çöküntülərin yaşı  üçün stabil paleomaqnit vektoru almağa imkan verən yeni Hc  (dağıdıcı sahə) parametr hazırlayıb və tətbiq edib.

Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda respublika ərazisində geofiziki tədqiqatlar aparan yer fizikasının xüsusi sektoru yaradılıb. T.İsmayılzadənin birbaşa rəhbərliyi ilə neftqazlılığın perspektivliyinin öyrənilməsi üçün stratiqrafiya, litologiya, tektonika sahəsində, həmçinin faydalı qazıntı yataqlarının axtarışının elmi əsasının işlənməsi üzrə kompleks geoloji-geofiziki ekspedisiyalar yaradılıb. T.İsmayılzadə 40 il  Azərbaycanda yer fizikası sahəsində tədqiqatlara rəhbərlik edib.

Alimin redaktəsi altında “Azərbaycanın petro-sıxlıq xəritəsi”, “Azərbaycanın neftli-qazlı və perspektiv strukturları atlası” nəşr olunub. O, 1979-1992-ci illərdə Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Cənub filialının direktoru vəzifəsində çalışıb.

Gənc elmi kadrların hazırlanmasına böyük diqqət yetirən alim 17 elmlər namizədi və doktoru hazırlayıb. T.İsmayılzadə 200-ə yaxın elmi əsərin, o cümlədən bir sıra monoqrafiyaların, 24 ixtiranın müəllifi olub.

Alim elmi tədqiqatlarına görə Azərbaycanın Əməkdar elm və texnika xadimi adına layiq görülüb.

Bu gün yer fizikası sahəsində T.İsmayılzadənin işlərini davam etdirən azərbaycan mütəxəssislərinin uğurları bütün dünyada tanınır. Azərbaycanın neft strategiyası, güclü Bakı-Tbilisi-Ceyhan neft kəməri, dənizdə və quruda nəhəng neft və qaz yataqlarının açılması geofizika elmimizin yeni uğurlarının göstəricisidir.

Alicənab bir şəxsiyyət olan Tofiq İsmayılzadə daim həmkarlarının, tələbələrinin və onu tanıyanların xatirəsində yaşayır.

Bildirək ki, martın 11-də saat 11-00-da Gelogiya və Geofizika İnstitutunda Azərbaycan geofizika elminin görkəmli nümayəndəsi Tofiq İsmayılzadənin xatirəsinə həsr olunan yubiley tədbiri keçiriləcək. 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015