AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Meksika seysmologiya sahəsində Azərbaycanla əməkdaşlıq niyyətindədir
Okt 28, 2020 | 10:04 / Konfranslar, iclaslar
Oxunub 10 dəfə

Meksikanın Azərbaycandakı səfiri  Rodrigo Labardini  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub. AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyev və AMEA Rəyasət Heyətinin Xarici əlaqələr idarəsinin rəisi biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva görüşdə iştirak ediblər.

Respublika Seysmoloji Xidmət Mərkəzininin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonağı Monitorinq Mərkəzi ilə tanış edib. RSXM-nin respublika ərazisindəki seysmik stansiyalarından alınan məlumatların peyk vasitəsi ilə birbaşa  Monitorinq Mərkəzinə ötürüldüyünü qeyd edən baş direktor həmin məlumatların emalının də burada aparıldığını qeyd edib. Daha sonra qonağa Respublika Seysmoloji Xidmət Mərkəzinin işi və burada aparılan elmi tədqiqatlarla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, RSXM-də kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar aparılır. Hazırda mərkəzin respublika ərazisində 62 seysmik stansiyası fəaliyyət göstərir ki, onlardan 35-i daimi seysmik stansiyalardır. Bundan başqa, respublika ərazisində 5 geofiziki, 6 geokimyəvi, 24 GPS stansiya da fəaliyyət göstərir.

Baş direktor həmçinin mərkəzin beynəlxalq təşkilatlardakı fəaliyyəti və xarici ölkələrlə əməkdaşlıq məsələlərinə də toxunub. RSXM-nin ABŞ-ın “Kinemetrics” şirkəti ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Qurban Yetirmişli həmçinin təşkilatın Amerikanın nüfuzlu universitetləri ilə də əlaqələrinin olduğunu qeyd edib. Bildirilib ki, hazırda mərkəz altı beynəlxalq seysmoloji təşkilatın üzvüdür və 20-dən çox xarici ölkə ilə ikitərəfli əməkdaşlıq edir.

AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyev səfirə 2018-ci ildə AMEA-da qonaq olarkən müzakirə olunan əməkdaşlıq məsələlərini xatırladıb. Bildirib ki, həmin müzakirələr zamanı iki ölkə arasında elmi əməkdaşlığın qurulması, eləcədə kadr hazırlığı və qarşılıqlı təcrübə mübadiləsinin aparılması kimi məsələlərə toxunulsa da, sonradan dünyada pandemiya təhlükəsinin yaranması bu məsələləri bir qədər ləngidib.

Meksikanın seysmik baxımdan aktiv bölgədə yerləşdiyini qeyd edən akademik İbrahim Quliyev diqqətə çatdırıb ki, iki ölkənin elmi tədqiqat institutları arasında seysmologiya ilə yanaşı, neft geologiyası, palçıq vulkanlarının öyrənilməsi və s. istiqamətlərdə də əməkdaşlığın qurulması mümkündür. Mərkəzdə yüksək hazırlıqlı kadr potensialının çalışdığını qeyd edən akademik İbrahim Quliyev iki ölkə arasında kadrların təcrübə mübadiləsinin aparılmasının mümükünlüyünü də istisna etməyib.

Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini isə çıxışında RSXM-də görülən işlərin onda xoş təəssürat yaratdığını bildirib: “Mən tanışlıqdan sonra buradakı işlərdən, sözün yaxşı mənasında, təəccübləndim. Həqiqətən də burada həm seysmologiya, həm də geofiziki tədqiqatlar sahəsində böyük işlər görülür”, - deyən səfir öz ölkəsi ilə bağlı da ətraflı məlumat verib. Azərbaycanla Meksika arasında əlaqələrin inkişaf etdiyini vurğulayan səfir bu əlaqələrin daha da genişləndirməyə maraqlı olduqlarını söyləyib. Onun sözlərinə görə, Meksikanın Milli Seysmoloji Xidməti və bu sahə ilə məşğul olan digər qurumlarla RSXM arasında ikitərəfli əlaqələr qurula bilər. Qonaq həmçinin elmi kadrların hazırlanması, zəlzələlərin öyrənilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının mümkünlüyünü  istisna etməyib.

Baş direktor Qurban Yetirmişli bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatlarından, ümumiyyətlə, düşmən ölkənin  30 il ərzində Azərbaycana qarşı təcavüzkarlıq siyasətindən geniş məlumat verib.

Qurban Yetirmişli  baş verən hadisələrə beynəlxalq birliyin lazımı qiymət vermədiyini diqqətə çatdıraraq, bu işdə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarının da həqiqəti öz ölkələrinə çatdırmasının vacib olduğunu qeyd edib.

Daha sonra qonağa RSXM-nin fəaliyyətini əks etdirən hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015