AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA Rəyasət Heyətinin bəyanatı
Noy 10, 2020 | 10:26 / Konfranslar, iclaslar
Oxunub 20 dəfə

2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Qarabağda hərbi münaqişənin başa çatdığını ehtiva edən birgə bəyanat imzalanmışdır. Fatiki olaraq Ermənistanın kapitulyasiyası mənasını verən bəyanat, heç şübhəsiz ki, istər hərbi, istərsə də siyasi baxımdan Azərbaycan xalqının 30 ildən bəri davam edən haqlı mübarizədəki şanlı qələbəsini rəsmiləşdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti nəticəsində 1994-cü ildən bəri Ermənistanın işğalı altında olan rayonlarımız, həmçinin Qarabağın incisi Şuşa şəhəri düşmən tapdağından azad edilmiş, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası və ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur.

Heç şübhəsiz ki, Azərbaycanın qazandığı bu əhəmiyyətli siyasi və hərbi qələbə onun tarixində yeni mərhələnin başlanğıcı deməkdir. Ölkə başçısının göstərdiyi iradə və şəhidlərimizin qanı bahasına biz bu yeni tarixi mərhələyə qalib xalq, müzəffər ölkə kimi qədəm qoyuruq. 30 ildən bəri hər bir azərbaycanlının daşıdığı məğlubiyyət yükü artıq xalqımızın çiyinlərindən götürülmüşdür. Yeni tarixi mərhələdə Azərbaycanı fərqli çağırışlar və məqsədlər, irimiqyaslı quruculuq işləri gözləyir. Ölkəmizin cənab Prezidentin rəhbərliyi altında bu vəzifələrin də öhdəsindən şərəflə gələcəyinə əminlik ifadə edirik. AMEA kollektivi olaraq həmişəki kimi bundan sonra da dövlət başçısının hər bir tapşırığını icra etməyə hazır olduğumuzu bəyan edirik. Qazanılmış bu tarixi qələbədə Elmlər Akademiyasının da payının olması hər birimizi qürurlandırır. Heç kəsin şübhəsi olmasın ki, alimlərimiz Qarabağın bərpası prosesində də eyni əzmlə, iradə ilə iştirak etməyə, öz bilik və bacarıqlarını bu işə yönəltməyə hazırdırlar.

AMEA kollektivi olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsi önündə ehtiramla baş əyir, yaralılara Allahdan şəfa diləyir, vətənimiz Azərbaycana isə davamlı sülh, aydın və işıqlı səma diləyirik.

Eşq olsun Azərbaycan Prezidentinə, eşq olsun Azərbaycan əsgərinə, eşq olsun Azərbaycan xalqına!

Qarabağ Azərbaycandır və Azərbaycan olaraq da qalacaqdır!   

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015