AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA Rəyasət Heyətində Azərbaycanın tarixi zəfəri qeyd edilib
Noy 11, 2020 | 10:50 / Konfranslar, iclaslar
Oxunub 17 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Dağlıq Qarabağ savaşında Azərbaycanın qələbəsi münasibətilə tədbir keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək Azərbaycanın tarixi zəfəri ilə bağlı hər kəsi təbrik edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan ordusunun yeni bir tarix yazdığını diqqətə çatdıran AMEA rəhbəri ölkə başçısının 17 il ərzində yorulmaz ordu quruculuğundan danışıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan birgə bəyanatın Ermənistanın kapitulyasiyası anlamını daşıyan bir sənəd olduğunu xüsusi vurğulayan akademik Ramiz Mehdiyev qeyd edib ki, Dağlıq Qarabağa status verilməməsi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, hər iki istiqamətdə maneəsiz hərəkətin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi sənədin əhəmiyyətini artıran bəndlərdəndir. 30 ilə yaxındır ki, davam edən mübarizənin şanlı qələbəsinin göstəricisi olan 10 noyabr tarixinin Azərbaycan üçün yeni iqtisadi, hərbi, siyasi mərhələnin başlanğıcı olduğunu bildirən akademik Ramiz Mehdiyev Ali Baş Komandan cənab İlham Əliyevin mükəmməl politoloq, ideoloq və görkəmli dövlət başçısı kimi bütün bu vəzifələrin də öhdəsindən şərəflə gələcəyinə əminliyini ifadə edib. Akademiya rəhbəri AMEA Rəyasət Heyətinin qələbə münasibətilə hazırlanmış bəyanatının Azərbaycan alimlərinin ürək sözlərini ifadə etdiyini diqqətə çatdırıb.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin 10 noyabr 2020-ci il tarixli bəyanatını səsləndirib. Qeyd edib ki, bu tarixi günlərdə Azərbaycan-Türkiyə dostluğunun da bir daha şahidi olduq.

Sonra AMEA Rəyasət Heyətinin üzvləri – akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva və AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək qələbə günü ilə əlaqədar öz ürək sözlərini çatdıraraq işğaldan azad edilmiş ərazilərdə elmi-tədqiqat işlərinə öz töhfələrini verəcəklərini bildiriblər.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək alimlərin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini diqqətə çatdıraraq AMEA-nın yeni yaradılacaq Qarabağ Regional Elmi Bölməsi tərəfindən kompleks proqramların həyata keçiriləcəyini qeyd edib. AMEA rəhbəri elmi bölmələrin rəhbərlərinə elmi-tədqiqat müəssisələri tərəfindən Qarabağda aparılacaq araşdırmalar istiqamətində müvafiq təkliflərini qısa müddətdə Rəyasət Heyətinə təqdim etmələri barədə müvafiq tapşırıqlarını çatdırıb.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015