AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Talış dağlarına və Kür çayına payız ekspedisiyasi
Noy 05, 2020 | 11:10 / Maraqlı məlumatlar
Oxunub 18 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  “Landşaftşünaslıq və landşaft planlaşdırılması”  şöbəsinin müdiri, c.ü.f.d., dosent  Mirnuh İsmayılovun rəhbərliyi ilə şöbənin bir qrup əməkdaşı - c.ü.f.doktorları Səidə Zeynalova, Elina Kərimova və Şahnaz Amanova Talış dağlarında və Kür çayının aşağı axınında payız ekspedisiyasında olublar.

Ekspedisiyadan məqsəd Azərbaycan təbiətinin zəngin biomüxtəlifliyi, unikal strukturu ilə seçilən Talış dağlarının meşə, meşə-bozqır, bozqır ekosistemlərinin iri miqyaslı (1:100 000) xəritələşməsini aparmaq, landşaft-ekoloji müxtəlifliyini zaman-məkan konteksində tədqiq etmək, mövcud ekosistemlərin coğrafi informasiya bazasını yaratmaq, gələcək 40-50 illik dövr üçün ekosistemlərin inkişaf senarilərini modelləşdirmək və landşaftların təbii ehtiyat potensialının qiymətləndirilməsi və eyni zamanda Kür çayının aşağı axınında şirin su ekosistemlərinin dinamikasını tədqiq etmək olub.

Ölkə Prezidenti və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun erməni işğalçılarına qarşı apardığı uğurlu hərbi əməliyyatlar, vətənimizin işğaldan azad olunması uğrunda apardığı mücadilə bütün sahələrdə olduğu kimi elmi-tədqiqat işlərinin də daha dərindən və hərtərəfli şəkildə həyata keçirilməsini tələb edir. Bu baxımdan sözügedən tədqiqat xüsusi əhəmiyyətə malikdir.

Şöbə müdirinin  sözlərinə görə, hazırda Hirkan meşə ekosisteminin yuxarı sərhədi 600-700 m mütləq hündürlüyə qədər enmişdir. Xüsusən payız aylarında möhtəşəm və cazibədar rəng palitrası yaradan Talış dağları meşələrinin növ tərkibi  müxtəlifdir. (dəmirağac, şabalıdyarpaq  palıd, fıstıq, vələs, məxməri ağcaqayın, qarağac, azat və s.). Bunların arasında Hirkan meşələrinin relikt ağac növünə aid olan Dəmirağac meşə landşaftlarının formalaşmasında və strukturunda xüsusi yerə malikdir.

M.İsmayılov bildirib ki, Talış dağlarında landşaft inversiyası hər zaman olduğu kimi elmi maraq yaradır. 700 m mütləq hündürlükdən başlayaraq dağ meşələri tədricən meşə-bozqırlar və bozqır ekosistemləri ilə əvəz olunur. Dağların şimal yamaclarında çöllər, cənub yamaclarda isə quru çöllər inkişaf etmişdir. Bitki örtüyünün növ dəyişməsi meşələrdən bozqırlara keçən keçidi çox aydın əks etdirir. Belə ki, 600-700 m mütləq hündürlüyə yaxınlaşdıqca humid iqlimə aid olan dəmirağac tədricən seyrəlir və arid iqliminin indikatorları olan azat, qaratikan və s. ağac və kol növləri ilə əvəz olunur.

Vulkanik süxurları kəsib keçən Viləşçay dərəsinin hər iki yamacı boyu qəribə qayalıqlar, bəzən də çətin keçilən oroqrafik formalar əmələ gəlmişdir.

Kür çayında su oktyabr ayının axırlarına doğru kəskin şəkildə azalmış və yataq aşağı axında 70 km-lik məsafədə, demək olar ki, qurumuşdur. Yatağın quruyan hissələrində ot və kol bitkiləri inkişaf etmişdir. Alim təəssüflə qeyd edib ki,  bu, Kür çayında yaranmış ən son vəziyyətdir.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015