AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Dek 08, 2020 | 10:46 / Konfranslar, iclaslar
Oxunub 39 dəfə

Dekabrın 8-də AMEA Rəyasət Heyətinin və akademiyanın Qadınlar Şurasının təşkilatçılığı ilə "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Zaman və müasir dövr" mövzusunda konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyevİradə Hüseynova, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa SadıqovŞərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, AMEA İşlər idarəsinin müdiri, professor Elton Məmmədov, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, AMEA YAP ərazi təşkilatının sədri, dosent Ulduzə Qurbanova və digər şəxslər iştirak ediblər.

Konfransı akademik Ramiz Mehdiyev açaraq hər il ölkəmizdə Azərbaycan xalqının ümummili lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olduğu və əbədiyyətə qovuşduğu günlərin geniş miqyasda qeyd edildiyini bildirib. Diqqətə çatdırıb ki, bu tədbirlər Heydər Əliyev kimi müstəqil Azərbaycan dövlətinin böyük qurucusu olmuş görkəmli dühanın keçdiyi çətin və şərəfli yolun, apardığı böyük mübarizələrin timsalında dövlət müs­tə­qil­li­yi­mi­zin ibrətamiz dərslərinin xalqımıza çatdırılmasına xidmət edir. Akademikin sözlərinə görə, Hey­dər Əliyev tədbirləri Azərbaycanın dövlət müstəqilliyi dərsləri funksiyasını hə­yata keçirir, xalqımızı, xüsusən yeni nəsilləri seçilmiş çətin və şərəfli yolun dərslərini  unutmamağa, müstəqil dövlətimizi qorumaq və inkişaf etdirmək üçün hər cür mübarizəyə ha­zır olmağa çağırır.

Azərbaycanda ilk dəfə ulu öndərin büstünün 1983-cü ildə Naxçıvanda qoyulduğunu xatırladan AMEA rəhbəri ümummilli lider Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmiz üçün müstəsna xidmətləri olduğunu söyləyib.

"Azərbaycan xalqı Heydər Əliyevin növbəti xatirə gününü bu il müstəqil dövlətimiz və xalqımız üçün çox əlamətdar bir gündə  - Dağlıq Qarabağın və ətraf rayonların 30 ildən sonra erməni işğalından azad edildiyi tarixi bir dövrdə qeyd edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qalibiyyət yürüşü ta­rixi qələbə ilə başa çatdı. Bu, Prezident İlham Əliyevin adı ilə bağlı olan və Azər­bay­canın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılacaq ən parlaq tarixi hadisədir", - deyə akademik Ramiz Mehdiyev vurğulayıb.

Ölkə başçısının Sərəncamı ilə Azərbaycanda hər il 8 noyabrın Zəfər günü kimi təntənə ilə qeyd ediləcəyini deyən AMEA rəhbəri iki gün sonra isə Azərbaycan tarixində ilk dəfə olaraq Bakı şəhərində Qələbə paradının keçiriləcəyini söyləyib. Məruzəçi bu təkraredilməz tarixi hadisələrin Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin müstəqil Azərbaycan dövləti və xalqımız qarşısındakı müstəsna xidmətləri olduğunu bildirib: "Bu qələbə, eyni zamanda Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinə dərin sədaqətinin də ifadəsidir. Təsadüfü deyildir ki, Prezident İlham Əliyev Şuşa şəhərinin alındığı həlledici gündə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə, həm də müstəqil Azərbaycan dövlətinin banisinin arzusunu həyata keçirdiyini bəyan etdi".

Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində özünün sərkərdəlik bacarığını bütün dünyaya nümayiş etdirdiyini deyən akademik R.Mehdiyev ölkə başçısının xalqa müraciətlərinin onun həm də böyük ideoloq olmasından xəbər verdiyini bildirib.

O, çıxışının sonunda alimlərimizin Heydər Əliyev irsini və İlham Əliyevin çoxcəhətli uğurlu fəaliyyətini, o cümlədən Zəfər gününün qazanılmasındakı xidmətlərini dərindən öyrənməsinin və bu mövzularda sanballı tədqiqat əsərləri yazaraq gələcək nəsillərə çatdırmasının vacibliyini vurğulayıb.

Konfransda daha sonra akademik İsa Həbibbəylinin "Dağlıq Qarabağda hərbi-siyasi zəfər: Heydər Əliyevdən - İlham Əliyevə" mövzusunda məruzəsi dinlənilib. Akademik müasir Azərbaycan Respublikasının ümummilli lider Heydər Əliyevin şah əsəri olduğunu söyləyib, ulu öndərin Birinci Qarabağ müharibəsində atəşkəsə nail olmaqla, ölkədəki vətəndaş müharibəsini dayandırmaqla və quruculuq işlərinə başlamaqla dövlətimizin gələcək tarixində əsaslı dönüşün təməlini qoyduğunu bildirib.

Onun sözlərinə görə, 29 illik müstəqillik tariximizdə bir çox beynəlxalq təşkilata sədrlik etməyimizə, önəmli enerji layihələri həyata keçirməyimizə baxmayaraq, uğurlarımızın sırasında ilk yerdə  44 günlük Vətən müharibəsində Qarabağın düşmən işğalından azad olunması dayanır. Akademik bu qələbənin təməlinin ulu öndər tərəfindən qoyulduğunu, ümummilli liderin apardığı beynəlxalq danışıqlarda münaqişənin həllinin sülhə, dialoqa əsaslandığını mütəmadi bildirdiyini, lakin müharibə amilini də istisna etmədiyini qarşı tərəfə xatırlatdığını söyləyib. Məruzəçi Horadizin düşmən tapdağından qurtarılması ilə Dağlıq Qarabağ və ətraf rayonların bir gün müharibə yolu ilə işğaldan azad edilə biləcəyinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu məharətlə davam etdirdiyini və quruculuq işlərinə mühüm önəm verdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycanın iqtisadi cəhətdən regionun və dünyanın güclü dövlətlərindən birinə çevrildiyini bildirib. Bundan əlavə, peşəkar hərbi kadrların yetişdirilməsi və ordumuzun müasir silahlarla təmin edilməsi istiqamətində siyasət uğurla icra edilib.

"Ölkə rəhbərliyi tərəfindən aparılan beynəlxalq danışıqlar zamanı Azərbaycanın ərazi bütövlüyü daim vurğulanıb. Ermənistan baş naziri Nikol Paşinyan da bu günlərdə etiraf etdi ki, xarici liderlərlə görüşlərində onların hamısı Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini dilə gətiriblər", - deyə akademik söyləyib.

Prezident İlham Əliyevin ölkəmizdə güclü iqtidar-xalq birliyi yaratdığını bildirən İ.Həbibbəyli müharibə dövründə hətta digər siyasi partiyaların dövlət başçısına və Azərbaycan ordusuna etimadlarını dilə gətirdiklərini deyib. Akademik, həmçinin  Qoşulmama Hərəkatına üzv ölkələrin İkinci Qarabağ müharibəsi dövründə BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsinə imkan verməməsini Azərbaycan diplomatiyasının parlaq zəfəri kimi qiymətləndirib. Bundan əlavə, qonşu dövlətlər - Rusiya, İran və Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, müharibə dövründə öz hava məkanlarını Ermənistana hərbi yüklərin daşınmaması məqsədilə bağladıqlarını bildirib.

İ.Həbibbəyli 30 il sonra Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması ilə "Böyük Ermənistan" mifinin dağıdıldığını, Ermənistan lobbisinin gücü və iradəsinin sındırıldığını, Dağlıq Qarabağın statusu məsələsinin birdəfəlik aradan qaldırıldığını, Paşinyan hakimiyyəti, Ermənistan dövləti və ordusunun iflic olduğunu söyləyib.

O cümlədən illər sonra açılacaq Naxçıvan koridorunun Çindən başlayan və mühüm strateji əhəmiyyətə malik Yeni İpək Yolunun tərkib hissəsi olacağını diqqətə çatdırıb.

Akademik Qalib Ali Baş Komandan, müzəffər dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması nəticəsində xalqımızın sınmış qürurunun bərpa olunduğunu deyib, çıxışını "Qarabağ Azərbaycandır", "Eşq olsun Azərbaycan xalqına", - şüarları ilə bitirib.

"Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda çıxış edən akademik İradə Hüseynova isə ulu öndərin hakimiyyətdə olduğu bütün illərində elmə, elm adamlarına xüsusi diqqət və qayğı göstərdiyini, xalqımızın inkişafının elmdə, intellektual potensialının zənginləşməsində gördüyünü söyləyib. Qeyd edib ki, ümummilli liderin təşəbbüsü ilə 1970-ci illərdən başlayaraq ölkəmizdə elmi-tədqiqat institutlarının sayı artırılıb: "Əgər 1969-cu ildə ölkəmizdə 89 elmi müəssisə, 1285 elm adamı, 55 akademik, müxbir üzv vardısa, 1978-ci ildə bu göstərici 118 müəssisəyə, 21470 elm adamına, 100 akademik-müxbir üzv, 850 elmlər, 7594 fəlsəfə doktoruna yüksəlmişdi".

O, görkəmli xadimin elmin maddi texniki bazasının gücləndirilməsinə də xüsusi diqqət göstərdiyini, həmin illərdə AMEA-nın və Azərbaycan elminin nüfuzunun artdığını, alimlərimizin bir çox dövlət mükafatlarına layiq görüldüyünü bildirib.

İ.Hüseynova ulu öndərin təməlini qoyduğunu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, elmin hüquqi bazasının möhkəmləndirildiyini, "Elm haqqında Azərbaycan Respublikasının Qanunu"nun qəbul olunduğunu deyib.

"Bu gün Azərbaycan elminin qarşısında işğaldan azad edilən ərazilərdə sistemli tədqiqatların aparılması dayanır. Biz alimlər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik", - deyə o söyləyib.

Sonra professor Rəna Mirzəzadənin "Birinci vitse-prezident Mehriban Əliyeva - Heydər Əliyev dövlətçilik məktəbinin görkəmli yetirməsidir" mövzusunda çıxışı dinlənilib. O, birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev dövlətçilik məktəbinin ən böyük yetirmələrindən biri olduğunu, güclü Azərbaycan qadınının simvoluna çevrildiyini vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycan qadınının yüksək vəzifədə təmsil olunması ölkəmizdə gender bərabərliyinə verilən qiymətin bariz nümunəsidir.

Dosent Ulduzə Qurbanova isə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda çıxışında ulu öndərin daim Azərbaycan gəncliyinə qayğı ilə yanaşdığını, onların müstəqil fərd kimi yetişmələrinə, milli mənəvi dəyərlərə, eləcə də tarixi köklərə bağlı qalmalarına çalışdığını söyləyib. Ümummilli liderin gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən məruzəçi son illərdə ölkəmizdə gənclərə yönəlik bir çox dövlət proqramlarının qəbul edildiyini, xaricdə təhsil imkanlarının yaradıldığını vurğulayıb.

"Azərbaycan gəncliyi olaraq ulu öndər Heydər Əliyevin yoluna sadiq qalacaq, dövlət rəhbərliyinin ətrafında sıx birləşəcək, quruculuq işlərinə aktiv qoşularaq öz dəstəyimizi əsirgəməyəcəyik", - deyə U.Qurbanova söyləyib.

Sonda ümummilli liderin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015