AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutu illik hesabat verib
Dek 22, 2020 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 72 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Yer Elmləri Bölməsi ilə birgə onyayn  hesabat yığıncağı  keçirilib.

Tədbirdə YEB-in  akademik-katibi, akademik Fəxrəddin Qədirov, akademiklər Akif Əlizadə, Vasif Babazadə, Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvləri Qurban Yetirmişli, Dadaş Hüseynov, Qalib Əfəndiyev, Qərib Cəlalov, Bağır Süleymanov, İnstitut əməkdaşları və digərləri  iştirak ediblər.

İlk əvvəl İnsitutun 2 əməkdaşı - elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri, dosent Nizami Əyyubovun əziz xatirəsi yad ediluib. 

İclasın sədri  F.Qədirov gündəlikdə duran məsələni elan etdikdən sonra Coğrafiya İnstitutunun 2020-ci ildəki  elmi və elmi-təşkilati fəaliyyətini təqdim etmək üçün sözü İnstitutun direktoru, akademik Ramiz Məmmədova verib.

Müəssisə rəhbəri Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin müvafiq fərman, qərar və sərəncamları, eləcə də dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verib, Dövlət proqramlarının həyata keçirilməsində Coğrafiya İnstitutu əməkdaşlarının yaxından iştirak etdiklərini diqqətə çardırıb.

 Bildirilib ki, 2020-ci ildə əməkdaşlar öz elmi fəaliyyətlərini 2 problem - Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi və siyasi problemləri, eləcə də Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıblar. Elmi-tədqiqat planına uyğun olaraq 17 mövzu, 18 iş və 21 mərhələdən cari ilin sonunda 8 mövzu,12 iş və 21 mərhələ yerinə yetirilib.

Akademik nəşr fəaliyyəti, elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı, elektron elmin vəziyyəti, qrant layihələrinin yerinə yetirilməsi, institutun veb-saytının elmin təbliği istiqamətindəki fəaliyyəti və s. haqda ətraflı məlumat verib. Qeyd edib ki, bütün türk dünyası ölkələrində ilk dəfə çap olunan fundamental “Türk dünyasının coğrafiyası və etnosu” əsərinin Azərbaycan dilində 2-ci, rus dilində 1-ci cildi daxil olmaqla, 10 monoqrafiya, “Coğrafiya və təbii resurslar” adlı  jurnalın 2 sayı, 1 dərs vəsaiti, 33-ü xaricdə olmaqla, 69 elmi məqalə (7-si yüksək indeksli jurnallarda) dərc edilib.

Yüksək ixtisaslı elmi kadrların hazırlanması məsələsinə toxunan direktor hesabat dövründə 1 nəfərin coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, bir nəfərin dosent adı aldığını, 9 nəfərin doktorantura, 1 nəfərin isə dissertanturaya qəbul edildiyini, hazırda İnstitutda 10 nəfərin elmlər doktoru, 22 nəfərin isə fəlsəfə doktoru hazırlığı üzrə əyani dissertanturada təhsil aldığını söyləyib: “21 nəfər fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantdır”.

R.Məmmədov Beynəlxalq əlaqələr istiqamətində görülən işlərdən söz açarkən rəhbəri olduğu İnstitutun hazırda Almaniyanın, İranın, Moldovanın elmi tədqiqat və ali məktəbləri  arasında yaranmış işgüzar əməkdaşlıq əlaqələrindən danışıb, qeyd edib ki, AMEA RH-nin sərəncamına əsasən bir əməkdaş elmi tədqiqat işi aparmaq üçün Avstriyanın Montan Universitetinə ezam edilib.

Plandan əlavə görülən işlər sırasında alim Kür çayında yaranmış vəziyyəti araşdırmaq və problemin aradan qaldırılması məqsədilə  yaradılmış ekspedisiyanın işini və gəldiyi nəticələri qeyd edib. Kürdə şirin su ekosistemləri dinamikasının təhlili göstərib ki, əhalinin şirin su ilə təminatının çətinləşməsi Azərbaycanın bir sıra şirin su ekosistemlərində  insanların elmi əsaslara söykənməyən təsərrüfat fəaliyyəti və iqlim dəyişmələrinin təsiri ilə ekoloji tarazlıq pozulmasının nəticəsidir. Yaranan gərgin ekoloji vəziyyəti ictimailəşdirmək və bu barədə əhalidə bilgi yaratmaq məqsədilə əməkdaşlar  KİV-lərdə, eləcə də televiziya vasitəsilə bu mövzuda 15-dən artıq çıxış və   müsahibələrlə məsələyə aydınlıq gətiriblər.

Kütləvi informasi vasitələri ilə əlaqələrdən danışarkən akademik qeyd edib ki, coğrafiya həyatın əksər sahələrini əhatə etdiyindən ölkədə baş verən iqtisadi, siyasi, sosioloyi, ekoloji proseslərin, tez-tez və ya nadir hallarda baş verən təbiət hadisələrinin KİV-lərdə aydınlıq gətirməsi Coğrafiya İnstitutu əməkdaşları tərəfindən artıq ənənə halını alıb. Belə ki, hesabat ilində alimlər təkcə işğaldan azad edilmiş ərazilərimizin təbii şəraiti, coğrafi resursları, sosial-iqtisadi vəziyyəti, yenidənqurma, bərpa işləri haqqında KİV-lərdə, ümumilikdə, 20-dən artıq  məqalə, çıxış və müsahibə ilə iştirak ediblər.  

Məruzəçi  institutda aparılan bir neçə elmi tədqiqat işinin mühüm nəticələrini  qeyd edib. AMEA-nın müxbir üzvü Rauf Qardaşov  ilk dəfə Günəş panellərinin gündəlik optimal istiqamətini təyin etməyə imkan verən analitik metod işləmiş, alqoritm və proqram paketi hazırlamışdır. Bu metodun  mürəkkəb topoqrafiyaya malik və təmiz enerji istifadəsinin xüsusi önəm kəsb etdiyi yüksək turizm potensialına malik dağlıq ərazilərdə tətbiqi əldə edilən günəş enerjisinin miqdarını 7-10 % artırmağa imkan verir.

Akademik diqqətə çatdırıb ki, Coğrafiya İnstitutunun  tədqiqat obyekti olan Xəzər dənizinin problemləri arasında  səviyyəsinin dəyişkənliyi əsas yer tutur. Belə ki, bu dəyişkənlik  sahil ölkələrin sosial-iqtisadi vəziyyətinə çox güclü təsir edir və ərazinin dayanıqlı inkişafı, eləcə də əhalinin keyfiyyətli həyatının təmini üçün vacib şərtdir. Bu baxımdan İnstitutunun bu istiqamətdə apardığı tədqiqatlar mühüm əhəmiyyətə malikdir.

Alim həmçinin İnstitutda Azərbaycanın kənd təsərrüfatının və heyvandarlığın dayanıqlı və perspektiv inkişafı ilə əlaqədar aparılan tədqiqatların da əhəmiyyətini diqqətə çatdırıb, heyvandarlığın ərazi təşkilinin həm ümumi, həm də hər bir sahənin ayrılıqda tərtib edilmiş müvafiq xəritəsinin, sxem və diaqramların kənd təsərrüfatı sahələrində tətbiq edilməsi üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Çıxış edənlər institutun fəaliyyəti və əldə olunan nəticələrini həmişəki kimi uğurlu hesab ediblər.

Sonda akademik Fəxrəddin Qədirov  çıxış edərək Coğrafiya  İnstitutunun 2020-ci ildəki fəaliyyətinin uğurlu olduğunu qeyd edib və müəssisənin illik hesabatını yüksək qiymətləndirib.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015