AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Görkəmli geolog-alim dünyasını dəyişmişdir
Dek 24, 2020 | 11:41 / Mühüm hadisələr
Oxunub 190 dəfə

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) “Geoloji-geofiziki elmlərin tarixi” şöbəsinin rəhbəri geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hikmət Mahmudov 84 yaşında dünyasını dəyişmişdir.

GGİ-də 1966 ildən işləyən Hikmət Mahmudovun rəhbərlik etdiyi şöbə əsasən petrologiya və metallogeniya sahələrində Azərbaycanda aparılan elmi istiqamətlərin inkişafı prosesinin müəyyənləşdirilməsi, geoloji elmlərin tarixinin ayrı-ayrı sahələr üzrə öyrənilməsi, aparılan tədqiqat işlərinin elmi təhlilinin verilməsi, onların mərhələlər üzrə sistemləşdirilməsi, Azərbaycanın qeyri-filiz faydalı qazıntılarının geokimyəvi xüsusiyyətlərinin və tətbiq sahələrinin öyrənilməsi və onların müasir elmi səviyyədə araşdırılması üzərində uğurla işləmişdir. Belə ki, ölkəmizdə petrologiya və metallogeniya sahələri üzrə 1930-1970-ci illərdə aparılmış elmi-tədqiqat işlərinə dair 2000-dən çox lazımi elmi materiallar əldə edilmiş, sistemləşdirilmiş və onlar üzərində elmi araşdırmalar aparıl-mışdır. Həmçinin bu və digər işlər üzrə Azərbaycanın müxtəlif geodinamik mənşəli regionlarında aparılmış elmi-tədqiqat işləri müasir elmi səviyyədə təhlil olunaraq onların inkişaf xüsusiyyətləri mərhələlər üzrə verilmişdir. Eləcə də perlitlərin, habelə kənd təsərrüfatında, kimya sənayesində, ekologiyada, yeyinti, tikinti və digər sahələrdə tətbiq olunması prosesləri sınaqdan keçirilmiş və müsbət nəticələr əldə edilmişdir. Hətta bir neçə müəlliflik şəhadətnamələri də alınmışdır.Bütün bunlar isə bizim geoloji tariximizdir və elmi irsimizin öyrənilməsi deməkdir. Odur ki, Azərbaycanın geologiyasını, tektonikasını, faydalı qazıntılarını, petrologiya və metallogeniyasını tarixi baxımından öyrənmək, onların elmi təhlilini açıqlamaq və bunları Rusiya, Amerika və digər ölkələrin geoloji tarixi ilə müqayisəli şəkildə vermək layihəsi də şöbənin gələcək proqramlarına daxildir.

Qocaman alim həm də poeziya vurğunu idi. Bir neçə şeir kitabı işıq üzü görmüşdü.

İnstitutun rəhbərliyi və kollektiv Hikmət Mahmudovun vəfatı münasibətilə kədərləndiyini bildirir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Mərhumun işıqlı xatirəsi onu tanıyan hər kəsin yaddaşında daim yaşayacaqdır.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

shirmamed.nazarli@yandex.ru




Allah rəhmət eləsin!

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015