AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“QARABAĞIN TƏBİİ EHTİYATLARI ATLASI” nəşrə hazırlanıb
Dek 10, 2020 | 11:49 / Yeni nəşrlər
Oxunub 50 dəfə

AMEA Geologiya və Geofizika İnstitutunda Azərbaycanın geoloji-təbiət irsinə aid kitab və atlasların nəşri və geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl işlər davam etdirilir. Son illər ərzində İnstitutda “Dünya palçıq vulkanlarının Atlası” (Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycanın dördüncü dövr (kvarter) sisteminin paleontoloji atlası”, “Azərbaycanın filiz yataqlarının atlası”, bir neçə kollektiv monoqrafiya – “Azərbaycan Respublikasının geoloji irsi”(Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı”, “Azərbaycanda geologiya elmi” (ingilis dilində) və digər monumental əsərlər nəşr edilmişdir.

Bu istiqamətdə növbəti iş İnstitutun təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə Elmlər Akademiyası alimlərinin tərtib etdiyi müxtəlif təyinatlı kartoqrafik materiallar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Bakı Kartoqrafiya Fabrikinə təqdim edilmişdir. Bunlardan “Qarabağın təbii ehtiyatlarıatlası” (miqyas 1:770000) xüsusi maraq doğurur. Atlasın işlənib hazırlanmasına Geologiya və Geofizika İnstitutunun alimləri ilə yanaşı, AMEA-nın Goğrafiya, Botanika, Zoologiya İnstitutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri cəlb edilmişdir. Atlasda Qarabağın dağlıq və düzən ərazilərinin geoloji quruluşu və faydalı qazıntı ehtiyatları, seysmikliyi, relyef və geomorfologiyası, iqlim və aqroiqlim şəraitləri, yeraltı və səth suları, torpaq və torpaq ehtiyatları, bitki örtüyü, heyvanlar aləmi, landşaftlar üzrə təyinatlı xəritələr, inzibati rayonların yeni məlumatlarla zənginləşdirilmiş mükəmməl ümumcoğrafi xəritələr yer almışdır.Həmçinin bir neçə yeni xəritə – faydalı qazıntı yataqları, metal və qeyri-metal xammalın minerageniyası, təbiət abidələri, oroqrafiya, çay şəbəkəsi, meşə örtüyü xəritələri atlası da ərsəyə gətirilmişdir. Yeni nəşr xüsusi üslubda tərtib edilmişdir.Belə ki, oxucuların daha ətraflı məlumatlandırılması məqsədilə hər xəritə ayrılıqda Azərbaycan, ingilis, rus dillərində izahedici mətn ilə müşayiət olunur.

“Qarabağın təbii ehtiyatları atlası” regionla bağlı ilk sanballı kartoqrafik məlumat bazası olmaqla böyük praktiki əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, sözügedən yeni xəritələr toplusu erməni işğalından azad olunmuş Qarabağ ərazilərinin bərpası və sosial-iqtisadi inkişafı istiqamətində başlanılmış geniş və məqsədyönlü işlərin həyata keçirilməsi üçün çox dəyərli vəsait kimi geniş istifadə ediləcək, orta məktəblərdə maarifləndirici vəsait kimi istifadə ediləcək. Atlasın məzmunu regionun təbiət irsinin rəngarəngliyi barədə yerli və beynəlxalq içtimaiyyətin məlumatlandırılması baxımından faydası da şübhəsizdir.

“Qarabağın təbii ehtiyatları atlası” üzərində kartoqrafik işlərin bu ilin sonuna kimi başa çatdırılması, gələn ilin əvvəllərində isə nəşri planlaşdırılır.


Tələt Kəngərli,
AMEA Geologiya və Geofizika İnstitutu
Geotektonika və regional geologiya
şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü

 

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

shirmamed.nazarli@yandex.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015