AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Geologiya və Geofizika İnstitutu “Geoservice GGI” MMC təsis edib
Yan 19, 2021 | 11:32 / Mühüm hadisələr
Oxunub 233 dəfə

Geologiya və Geofizika İnstitutu (GGİ) geofizika və geodeziya, o cümlədən geologiya sahəsində tədqiqatları təkmilləşdirmək və tədqiqat nəticələrini yerli bazarda daha geniş tətbiq etmək məqsədilə “Geoservice GGI” MMC şirkəti təsis edib. Həmçinin yeni qurumun saytı yaradılıb.

İnstitutun ümumi işlər üzrə direktor müavini yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov GGİ-nin direktoru akademik Akif Əlizadənin şöbə rəhbərləri ilə keçirdiyi müşavirədə “Geoservice GGI” MMC-nin qarşısında duran vəzivələrdən danışıb və yeni qurumun saytının təqdimatını reallaşdırıb. Samir Məmmədov bildirib ki, “Geoservice GGI” şirkəti tərəfindən yeni mühəndisi tədqiqat üsullarının işlənib hazırlanması ilə bərabər, avtomobil və dəmir yolları, yaşayış və sənaye tikinti obyektləri, sürüşmə zonaları, neft-qaz sahələri və hidrotexniki qurğular yerləşən ərazilərdə kompleks geoloji və geofiziki tədqiqat işləri aparıldığına rəğmən şirkət mühəndisi geodezik araşdırmalar və topoqrafik planaalma, yer səthində deformasiyaların və təhlükəli geoloji proseslərin lokal geodezik monitorinqini, geoloji təhlükələrin qiymətləndirilməsi, magistral boru xətləri , avtomobil yolu və yüksək gərginlikli elektrik xətləri boyu lokal peyk geodezik şəbəkəsinin qurulması və istismarı kimi işləri həyata keçirəcək.

Direktor müavini geoloji proseslərin və hadisələrin tədqiqi (karst boşluqları, mağaralar, sürüşmələr, köçmələr, palçıq vulkanları və s.), lokal qırılmaların təyini, seysmik təhlükə, mikroseysmik rayonlaşdırma və seysmik riskin qiymətləndirilməsi, neft və qaz kəmərləri marşrutu üzrə riskin təhlili, hidrogeoloji şəraitin tədqiqi (yeraltı suların axtarışı, fiziki və kimyəvi analizi), geotermal su tədqiqatları və Geotermal Enerji Məsləhətçiliyi, geopatogen sahələrin müəyyən edilməsi (Bakı və digər şəhər ərazilərində), Yer səthi qaz çıxışları zonasının öyrənilməsi və kimyəvi analizi istiqamətində fəaliyyət aparılacağını da diqqətə çatdırb.

Samir Məmmədov əlavə edib ki, ekoloji monitorinqlərin aparılması, arxeoloji geofizika: arxeoloji abidələrin (kurqanlar, divarlar, və s.) aşkarlanması, mürəkkəb arxeoloji obyektlərin daxili quruluşunun öyrənilməsi (kurqanlar və s.), kiçik dərinliklərin geoloji kəsilişi, aktiv zonalarda olan obyektlərdə qrunt kütləsi dinamikasının monitorinqi, inşaat materialları yataqlarının geofiziki üsullarla axtarışı, süxur və suların geokimyəvi analizi, suxurların petroqrafik öyrənilməsi, mineraloji analizlərin aparılması, mikrofaunistik təyinatlar və digər istiqamətlərdə elmi-tədqiqat işləri də “Geoservice GGI” MMC-nin fəaliyyət istiqamətlərinə aiddir.

GGİ-nin ümumi işlər üzrə direktor müavini Samir Məmmədov sonda sadalanan fəaliyyət istiqamətlərində elmi nəticələrin saytda Azərbaycan, rus və ingilis dillərində işıqlandırılacağını vurğulayıb.

Saytı Geoservice.az üzərindən izləmək mümkündür. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015