AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM -nin Elmi-Texniki Şurasının iclası keçirilib
Fev 11, 2021 | 11:31 / Konfranslar, iclaslar
Oxunub 37 dəfə

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi - Texniki Şurasının növbəti iclası keçirilib. “Zoom” platforması üzərindən onlayn keçirilən iclasda  RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, şöbə rəhbərləri, alimlər və mütəxəssislər iştirak ediblər. 

İclasda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1/3 saylı 08 yanvar 2021-ci il tarixli Qərarına əsasən 2021-2025-ci illər üçün AMEA nəzdində RSXM-də aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planı və 2021-ci ildə AMEA nəzdində RSXM - də bakalavr, magistr, dissertant və mühəndis-texniklər üçün keçirilməsi nəzərdə tutulan ixtisas və xarici dil kursları üzrə tədris proqramlarına dair müzakirələr aparılıb.

RSXM-nin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli gündəliyi elan etdikdən sonra bildirib ki, 2021-2025-ci illər ərzində mərkəz tərəfindən işğaldan azad edilmiş rayonlarımızda və Dağlıq Qarabağ ərazisində 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Hazırda 7 stansiyanın quraşdırılması üçün bütün avadanlıqların mövcud olduğunu bildirən baş direktorun sözlərinə görə, həmin stansiyaların 3 dəsti mərkəzin balansındadır. 4 stansiya isə RSXM - nin qazandığı qrant hesabına alınıb. Həmin stansiyaların quraşdırılması üçün dövlət qurumları tərəfindən müvafiq icazənin gözlənildiyini deyən baş direktor rəsmi göstəriş verilən kimi Dağlıq Qarabağ ərazisində quraşdırma işlərinə başlanılacağını qeyd edib. Professor həmçinin 2021-2025-ci illərdə Dağlıq Qarabağ ərazisində kompleks seysmoloji tədqiqatların aparılmasının da nəzərdə tutulduğunu qeyd edib. Baş direktor 2021-2025-ci illərdə RSXM tərəfindən respublika ərazisində aparılacaq  seysmoloji, geofiziki və geokimyəvi tədqiqatların istiqamətlərini də açıqlayıb. 

Iclasda həmçinin RSXM - nin əməkdaşlarına keçirilən ixtisas və xarici dil kursları ilə bağlı tədris proqramı müzakirə edilərək qəbul olunub. 

AMEA nəzdində RSXM - nin İnformasiya şöbəsi 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015